MÜSTƏQİL AZƏRBAYCAN RESPUBLİKASI HƏM DƏ CÜMHURİYYƏTİN 113,9 MİN KV.KM ƏRAZİLƏRİNİN VARİSİDİR

58b87566 3a41 423c a6f4 e44d61423d26 1

28 May – tariximizə Azərbaycan dövlətçilik tarixində müstəsna yeri olan gün kimi daxil olmuşdur. 1918-ci il mayın 26-da Zaqafqaziya Seyminin süqutu ilə əlaqədar mayın 27-də Seymin azərbaycanlı deputatları Tiflisdə fövqəladə iclas keçirərək Azərbaycanın 44 nəfərdən ibarət müvəqqəti Milli Şurasını yaratmış və bu Şura mayın 28-də İstiqlal Bəyannaməsi qəbul edərək Azərbaycan Xalq Cümhuriyyəti adlı türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət yaradıldığını elan etmişdir.

Cəmi 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti qısa müddətdə demək olar ki, bütün dövlət strukturlarını və dövlət atributlarını yaratmış, torpaqlarımızı işğal siyasəti yeridən, bütün Azərbaycan torpaqlarında xalqımıza qarşı soyqırımı siyasəti həyata keçirən erməni vandallarına qarşı uğurlu hərbi əməliyyatlar aparmışdır.

Lakin təəssüf ki, 1920-ci il aprelin 28-də bolşevik Rusiyasının işğalçılıq siyasəti nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti devrilmiş və onun yerində yaranmış Azərbaycan bolşevik hökumətinin Cümhuriyyətdən qalma 113,9 min kv. km ərazisinin 27,3 min kv.km hissəsi zorla qoparılaraq həmin ilin 29 noyabrında yaradılmış Ermənistan bolşevik hökumətinə hədiyyə edilmiş, Azərbaycana cəmi 86,6 min kv. km ərazi qalmışdır.

1991-ci il oktyabrın 18-də Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilmiş və həmin Aktda müstəqilliyi bərpa olunmuş Azərbaycan dövlətinin 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olduğu elan edilmişdir. Bu, o deməkdir ki, müstəqilliyi bərpa olunmuş Azərbaycan Respublikası həm də Cümhuriyyətin 113,9 min kv.km ərazilərinin varisidir və 44 günlük Vətən Müharibəsindən sonra Azərbaycanla Ermənistan arasında delimitasiya məsələsi həll olunarkən mütləq 1918-ci il xəritəsi masaya qoyulmalı və Azərbaycan Xalq Cümhuriyyətinin dövlət ərazisi bərpa olunmalıdır. Əgər SSRİ ləğv olunubsa, onun 70 il ərzində törətmiş olduğu bütün cinayətlərə hüquqi qiymət verilməli, bütün qanunsuz hərəkətlərinin nəticələri ləğv edilməlidir. Bu, beynəlxalq hüquqa da, tarixi ədalətə də uyğundur.

Əziz ƏLƏKBƏRLİ,
Milli Məclisin deputatı,
Qərbi Azərbaycan İcmasının sədri.

Əlaqəli xəbərlər