“1941-ci ildə hücuma məruz qalan Rusiya indi özü faşistə dönərək Ukraynanı işğal edir...”

1655914621 putin stalin hitler
 
Amma Kreml rəhbərliyi bu müharibəni elə 1941-ci ilin təfəkkürü və taktikasıyla  apardığından biabırçı məğlubiyyətə məhkumdur...”
22 iyun 1941-ci ildə Hitlerin rəhbərlik etdiyi faşist  Almaniyasının SSRİ adlı sovet-rus dövlətinin ərazisinə hücumu başladı və 1945-ci ilədək davam edən bu savaş  uzun illər Azərbaycan sakinlərinin də beyninə “Böyük Vətən Müharibəsi” kimi həkk olundu...  81 il sonra  bu günlərimzidə isə artıq Rusiya dövləti özü qonşu Ukrayna dövlətinin ərazisinə təcavüz edib və vaxtilə bir yerdə faşist Almaniyasına qarşı vuruşduğu bir xalqın faktiki olaraq soyqırımıyla məşğuldur...
 
araz.az bildirir ki,  mövzu ilə bağlı Moderator.az-a açıqlama verən, 1-ci Qarabağ savaşında Rusiyanın himayə və birbaşa yardım etdiyi Ermənistan ordusuna qarşı döyüşlərdə fəal iştirak etmiş keçmiş tabor komandiri, mayor Gəray Əsədov bir hərbçi kimi  “Böyük Vətən Müharibəsi”ndəki sovet Stalin Rusiyası ilə indi Ukraynanı işğal edən Putin Rusiyası arasında müqayisə aparıb.
“Bəllidir ki, Rusiya Ukraynaya məkrli siyasi məqsədlərlə hücum edib.  Bu, faktiki olaraq Rusiya-NATO müharibəsidir və 1941-1945-ci illərdən fərqli olaraq burada Moskva üçün qələbə görsənmir. Əvvəla, NATO dövlətlərinin resurslarıyla, eləcə də silah və texnikalarının müasir texnologiyalarıyla Rusiyanınkını müqayisə etməyə dəyməz. İkincisi də,  “Böyük Vətən Müharibəsi”ndən  fərqli olaraq bu savaşda Rusiya tamamilə haqsız və ədalətsiz bir mövqedədir. Putin rejimi qonşu, özü də ruslarla eyni mənşəli slavyan mənşəli bir xalqın torpaqlarını işğal edir, özünü isə qətliamlara məruz qoyur. Üçüncüsü də, Kreml rəhbərliyi bu müharibəni elə 1941-ci ilin təfəkkürü və taktikasıyla  aparır. O dövrdə Stalin, komandan Jukov 100 nəfərin düzgün əməliyyat planı və taktika ilə əldə edə biləcəyi bir məntəqəni almaq üçün on minlərlə sovet əsgərinin itkisinə göz yumaraq “Bir addım da geri çəkilmək olmaz” deyirdi. Geri çəkilmək istəyənləri arxadakı cəza batalyonları biçirdi. Ona görə də əsgərlər məcbur olub sağ qalmaq ümidi ilə yalnız düzgün döyüş aparan Almaniya ordularının üzərinə axışırdı. Və sovet ordusunun qələbələri əsasən yüksək say üstünlüyü  və itkilər sayəsində əldə edilirdi. Bu gün də dünya ordularının, o cümlədən Azərbaycan ordusunun yüksək texnologiyalarla, PUA-larla, dronlarla savaş apardığı bir vaxtda Putin Rusiyasının ordusu hücumları zamanı eyni taktikanı Ramzan Kadırovun hazırladığı cəza dəstələri vasitəsilə həyata keçirir”- deyə həmsöhbətimiz bildirib. 
“ Təəssüf ki, SSRİ dövründə bütün sovet vətəndaşları kimi bizlərin də təsəvvüründə  faşizmə qalib gəlmiş ədalətli bir ordu olan sovet-rus ordusu sonradan özü faşist xislətini açıq şəkildə nümayiş etdirməyə başladı. Biz bunu 1990-cı ilin Yanvar qətliamında da, Xocalı soyqırımında  da və bütövlükdə I Qarabağ savaşında da gördük. İndi isə Ukraynada, Buçada, İrpendə, Mariupolda görürük... 
Sovet ordusu haqda bir məqamı da xatırladım... 1930-cu illərdə Rusiyanın məşhur komandanlarından Tuxaçevski deyib ki, Budyonnının süvari diviziyasını artıq mexanikləşdirmək, zirehli avtomobillərlə təchiz etmək və süvariləri ləğv etmək lazımdır. Budyonnı və onun tərəfdarları isə bu təklifi gülüşlə qarşılayıblar ki, atsız da diviziya olar. Yəni Rusiya generaliteti faşist, şovinist xislətli olmaqla yanaşı, həm də nəinki 1940-cı illərin, 1920-1930-cu illərin, Budyonnıların hərb təfəkkürü ilə düşünür... 
Xülasə, 1941-ci ildəki Rusiya indi özü faşistə, özü də nadan, savadsız bir faşistə dönərək Ukraynanı işğal edir. Və bütün tərəqqipərvər dünya ilə üz-üzə qalıb... Odur ki, bütün parametrlərdə Rusiya ordusu və dövləti Ukraynada gec-tez biabırçı məğlubiyyətə məhkumdur”- deyə keçmiş tabor komandiri vurğulayıb.
 
araz.az xəbər portalı.

Əlaqəli xəbərlər