Dünya bilir ki, Sarkisyan, Robert Koçaryan terrorçudur

Yaqub Mahmudov: “Amma  bunu qəbul etmək istəmir”


Artıq illərdir ki, beynəlxalq təşkilatlar Azərbaycanın işğal olunmuş torpaqlarının geri qaytarılması üçün “iş” aparır. Amma onların apardıqları fəaliyyətin heç bir nəticəsi olmayan bir il daha keçdi. Maraqlı məqam ondan ibarətdir ki, Azərbaycan haqlı olduğu halda münaqişənin həlli uzanır və günahkar tərəfin xətrinə dəyən yoxdur. Bəlkə sovet dövründə dünyaya Azərbaycan ərazisi, torpaqları ilə bağlı həqiqətləri çatdıra bilmirdik. Amma müstəqillik illərindən sona bu məsələ də öz həllini tapıb. Bu bölgədə münaqişənin olduğunu, Azərbaycanla Ermənistan arasında nələrin baş verdiyini bilən bütün qurumlar, siyasətçilər və dünya liderləri əslində həqiqətin-Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini yaxşı bilir. Məsələnin siyasi tərəfindən də öncə vacib olan tarixi həqiqətlər, bu torpaqlaın kimə aid olması məsələsi sübut olunub.
 
AMEA Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudovun sözlərinə görə, Azərbaycan torpaqlarına erməni əhalisinin nə zaman köçürülməsi, ondan sonra hansı proseslərin getməsi, ümumiyyətlə Azərbaycan tarixi ilə bağlı bütün gerçəkliklər nəşr olunan çoxsaylı kitablarda elmi şəkildə öz əksini tapıb: “Biz İrəvan xanlığının tarixini yazdıq, ermənilərin bura necə köçürülməsini açıqladıq. Cəmi 180 il bundan əvvəl ermənilər Çar Rusiyası tərəfindən bu torpaqlara köçürülüb. Bunu beynəlxalq aləmdə Rusiyanın siyasətçiləri də yaxşı bilir, fransız siyasətçiləri də ABŞ siyasətçiləri də bilir, amma büruzə vermirlər. Azərbaycan həqiqətlərini eşitmək, görmək istəmirlər. Ermənistanın bu torpaqlarda tarixi yeri yoxdur. Onlar Pyotrun siyasəti ilə köçürülüblər. Biz bununla bağlı yüzlərlə əsərlər, məqalələr çap etdirmişik. Qarabağın tarixi ilə bağlı nəşrin böyük variantı ərəb dilinə tərcümə olunub, ingilis, fransız, alman, rus dilinə tərcümə olunub. Əgər bütün bunlarla bizim ölkəmizin daxilində də bəzi ziyalı dairələr tanış deyilsə, Tarix İnstitutu nə etməlidir? Xəritələrimiz, cənab prezidentimizin ön sözü ilə Azərbaycanın Milli Atlası da çıxıb. Ora biz 60-70-ə qədər xəritə vermişik”.
Y.Mahmudov bildirdi ki, Qarabağın Azərbaycana məxsus olması, ermənilərin Dağlıq Qarabağa çar Rusiyası tərəfindən köçürülməsi dünyaya məlumdur. Sadəcə olaraq dünyada bunu tanımaq istəmirlər. Belə ki, xristian həmrəyliyi var. Millət vəkili bildirib ki, çox açıq-aşkar xristian həmrəyliyi ilə təcavüzkar erməniləri müdafiə edirlər: “Dünya bilir ki, Sarkisyan, Robert Koçaryan terrorçudur, Xocalıda soyqırım törədiblər. Bunları özləri də etiraf edir. İndi dünya bunları müdafiə edir, çoxsaylı standartlar varsa, buna biz tarixçilər günahkar deyilik. Biz bunların hamısını dünyaya çatdırmışıq. Sadəcə olaraq beynəlxalq təşkilatlara sərf etmir. Bizim mətbuat onu bilməlidir ki, beynəlxalq təşkilatlar bizim bir milyondan çox qaçqınımızla maraqlanmır. Çünki bu onlara sərf etmir. Onlara bizim ərazilərimizin 20 faizinin işğalı gerçəyi də sərf etmir. Onlara sərf edən odur ki, bizim torpağımıza soxulmuş, torpağımızı zəbt etmiş terrorçu, kriminal qrupu müdafiə etsinlər”. “Azərbaycan öz torpaqlarını özü azad etməlidir. Prezidentin tutduğu yolla getməliyik”-deyən Yaqub Mahmudov ölkə başçısının qüdrətli Azərbaycan yaratdığını vurğuladı:
“Ən müasir silahlara ən güclü ordu yaradıb. Azərbaycan xalqı öz sözünü deyəcək. Amma biz dünyada elan olunan sülh siyasətinin əleyhinə deyilik. Buyursunlar, Ermənistanı qınaq hədəfinə çevirsinlər. Sanksiyalar tətbiq etsinlər. Ukrayna ilə əlaqədar bütün dünya tökülüşüb Rusiyaya sanksiya tətbiq edir. Ermənistana da sanksiya etsinlər. Balaca ölkədir, bir həftədən sonra bizim ərazilərimizi boşaldar. Deməli, burada başqa məsələlər var. Qarabağ torpağının Azərbaycana məxsus olması təbliğ olunur. Sadəcə böyük dövlətlərin yürütdüyü ədalətsiz, beynəlxalq hüquqa söykənməyən siyasətdir. Mətbuatda elə fikir yaranmasın ki, bu məsələlər araşdırılmır. Araşdırıb dünyanın hər yerinə çatdırmışıq. 12 dilə tərcümə olunub. İrəvan xanlığı nəşri prezidentin göstərişi ilə rus dilində tərcümə olunub. MDB məkanında yayılıb.
Dünya ölkələrində yayılıb. Rumın dilinə, İtalyan dilinə tərcümə olunub. Ölkə rəhbərinin başçılığı ilə informasiya müharibəsində qalib gəlmişik, amma dünya bunu qəbul etmək istəmir. Buna Azərbaycan günakar deyilik. Dini, irqi ayrı-seçkilk var. Amerika öz daxilində yertidiyi iri ayrı-seçkiliyi dünyada da edir. Avropa ölkələri də həmçinin. Avropada nələr baş verir? Məscidlər yandırılır, peyğəmbəri lağa qoyurlar, İslama qarşı cihad elan ediblər. Amma Azərbaycanda hansı ölkənin dini abidəsini yandırmışıq? Hansına qəsd etmişik. Tolerant, azad, xeyirxah, dünyanı sevən humanist bir ölkəyik. Amma bunu görən yoxdur. Bu məsələlər olduqca dərindir. Bu dərin məsələləri də biz aça-aça getməliyik. Ayrı yolumuz yoxdur”.
A.Zəka/Analitik.az

Əlaqəli xəbərlər