Sülhməramlılar jurnalistləri ərazilərə niyə buraxmadılar? – “Qorxublar…”

sul77 (1).jpg

“Azərbaycanlı jurnalistlərin rus sülhməramlılarının müvəqqəti yerləşdikləri əraziyə səfər etməsi normal bir haldır. Rusiyalı hərbçilər jurnalistlərimizin Xankəndiyə səfərini təşkil etməli, bu cür problemlər yaratmamalı, onlarını təhlükəsizliklərini təmin etməli idilər. Belə halda məsələyə normal şərh vermək olar. Əks halda, biz bunu rus sülhməramlılarının fəaliyyətinin ermənipərəst olması, Moskvanın ermənilərə üstün “status” verməsi kimi dəyərləndirə bilərik. Hesab edirəm, azərbaycanlı jurnalistlərin fəaliyyəti, atdıqları addım doğrudur. Tez-tez bu cür səfərlər təşkil olunmalıdır ki, artıq rus sülhməramlıları - rəsmi Moskva, həm də ermənilər vəziyyətin nə qədər gərgin və nəzarət altında olduğunu anlasınlar…”

araz.az bildirir ki, bu sözləri Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi eskpert Ramil Məmmədli İctimai TV və REAL TV-nin çəkiliş qrupunun Rusiyanın sülhməramlı kontingenti tərəfindən Azərbaycanın suveren torpaqlarına buraxılmaması ilə bağlı danışarkən deyib.

Ekspert bildirib ki, “Rusiya sülhməramlıları” dediyimiz kontingent hərbi strukturdur: “Hərbi struktur əmr icra edir, əmrə tabedir. Onlara verilən əmr isə nəzarətlərində olan və ermənilərin kompakt yaşadıqları Qarabağ ərazisinə Azərbaycan vətəndaşlarının buraxılmamasıdır. Hərbi kontekstdən məsələyə yanaşsaq, siravi hərbi qulluqçunun atdığı bu addım normaldır. Amma burada, təbii ki, hərbi format yox, siyasi çalarlar, məsələlər var. Bu siyasi məsələlər isə rəsmi Moskvadan – Kremldən verilən tapşırıqlar, həmçinin Rusiya sülhməramlılarının ermənilərlə vahid - bir sırada addımlamasıdır. Çünki son vaxtlar gələn informasiyalar, baş verən hadisələr, sülhməramlıların müvəqqəti yerləşdikləri ərazidən Azərbaycan ordusunun mövqelərinin atəşə tutulması rus hərbi kontingentinin “sülhməramlı” missiya həyata keçirməsi məsələsini şübhə altına alır. Məsələyə ümumi yanaşmalı, Rusiya sülhməramlılarının fəaliyyətini qənaətbəxş hesab etməməliyik”.

R.Məmmədli jurnalistlərin əraziyə buraxılmamasında şübhəli məqamların olduğunu belə əsaslandırıb: “Təbii ki, qeyri-qanuni erməni hərbi birləşmələrinin, separatçı birləşmələrin, Ermənistan ordusunun həmin ərazidə postlarının olması şəksizdir, birmənalıdır. Yəqin ki, sülhməramlıların narahatlığı da həmin postların, ərazilərin jurnalistlər tərəfindən çəkilməsi ilə bağlıdır. Özlərini qanunazidd hərəkətlərinin, üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirməmələrinin işıqlandırılmasından qorxublar”.

Ekspert Azərbaycanın bu halda atması lazım olan addımları da sadalayıb: “Artıq sözlə yox. Azərbaycan təzyiqləri artırmalıdır. Belə səfərlərin sayı artmalı, Azərbaycan Laçın dəhlizinin nəzarətini öz üzərinə götürməli, sərhəd keçid məntəqəsi təmin etməli, Daxili Qoşunların bölmələri Laçın dəhlizi ərazisində post patrul xidməti həyata keçirməli, Müdafiə Nazirliyinin ordu birləşmələri də paralel olaraq dəstək göstərməlidir. Rusiya sülhməramlıları da orada olsunlar, problem deyil. Amma yol, dəhliz, ümumiyyətlə, Azərbaycanın nəzarətində olmalıdır. Çünki Ermənistan müharibədən sonra qeyri-adekvat reaksiya nümayiş etdirdi - Zəngəzur dəhlizi açılmadı, Qarabağdakı ermənilərə yenidən silah, texnika tədarükü həyata keçirilir. Bütün bunlar Azərbaycana əsas verir ki, Laçın dəhlizinə özü nəzarət etsin…”

araz.az xəbər portalı.