Şəfiqə Məmmədovanın ittifaqında nə baş verir? - “Oğluna 300 minə ev alıb, müharibədə də…” - QALMAQAL

1674562718115827404763cfcc9e802ba.jpg

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) üzvü, Mətbuat xidmətinin rəhbəri Əli Vəliyev işindən ayrılıb. 

Bu barədə Əli Vəliyev sosial şəbəkə hesabında məlumat yayıb. Onun sözlərinə görə, o, ARKİ-də bir müddət əvvəl baş tutmuş qanunsuz seçkilərə etiraz əlamət olaraq ərizə yazaraq vəzifəsini tərk edib.

Xatırladaq ki, ötən ilin sonlarında ARKİ sədri Şəfiqə Məmmədovanın yenidən bu vəzifəyə seçilməsi müzakirələrə səbəb olmuşdu. İddialara görə, Ş. Məmmədova ARKİ üzvlərinin iştirakı olmadan seçkilər keçirib, özünü sədr elan edib. 

araz.az-ın xəbərinə görə, Məsələ ilə bağlı Cebhe.info-ya danışan ittifaqın keçmiş əməkdaşı Əli Vəliyev dekabr ayında istefa ərizəsi ilə müraciət etdiyini bildirib: 

“Mən dekabr ayının 26-da istefa ərizəmi təqdim etmişəm, ayın 31-dək əmək haqqımı almışam. Bayramdan sonra düşünüb-düşünüb, ərizəmə qol çəkiblər. Mən öz istəyimlə, qanunsuz seçki prosesinə etiraz olaraq vəzifəmdən ayrılmışam. İttiaqın nizamnaməsinə görə, əgər sədr seçkisi olursa, ittifaq üzvlərinin 80 faizi həmin seçkidə iştirak etməlidir. Bizdə də 300 nəfər üzv var. Bu üzvlərin 80 faizi iştirak etmirsə, seçki prosesi keçirilə bilməz. Şəfiqə Məmmədova isə 15 nəfər özünə yaxın, əvvəldən dəvət etdiyi adamları ora dəvət edib, özünə səs verməyi tapşırıb. Bizdə ümumiyyətlə, bu vaxta qədər seçki prosesi olmayıb. 2012-ci ildə ittifaq yaradılıb və həmin vaxt seçki keçirilib. Bundan sonra iki dəfə seçki keçirilməli idi, amma keçirilməyib.

Seçki keçirilmədiyi halda saxta protokollar təqdim edib, Ədliyyə Nazirliyini də aldadıb. Saxta yollarla sədr vəzifəsində qalıb. Etirazlar çoxaldıqca, bu formaya əl atıb, yəni 10-15 nəfərlə seçki keçirərək, özünü sədr seçdirib. Dərhal da ittifaqın mətbuat xidmətinin rəhbərinin xəbəri olmadan mediaya da məlumat verib. Mən də özümə edilən hörmətsizliyə və qanunsuz seçkilərə etiraz olaraq ərizə yazmışam”. 

Əli Vəliyev onun boş qalmış vəzifəsinə yeni işçi götürülməsi ilə bağlı ittifaqın xəbərdarlığını isə başa düşmədiyini deyib: 

“Mən bunun səbəbini bilmirəm. Hansısa işçinin mənim yerimə götürülməsinin mənə nə aidiyyəti var? Mənə niyə xəbərdarlıq olunmalıdır? Heç olmasa, məlumat olmalıydı. Mən də fikirləşərdim ki, yəqin mənə məlumat vermək istəyiblər. Mən vəzifədən ayrılıb getmişəmsə, bu adam nə ixtiyarla mənə xəbərdarlıq edə bilər?” 

Həmsöhbətimiz Şəfiqə Məmmədovanın ittifaq üzvlərinin adından istifadə etdiyini də deyib: 

“O, Cəmil Quliyev, Ayaz Salayevin adından yazıb ki, guya onlar Şəfiqə Məmmədovanı sədrliyə namizəd təklif ediblər. Elə bil bura toyuq hinidir, nədir. Seçki keçiriləndə əvvəlcədən xəbərdarlıq olunmalıdır, bülleten paylanılmalıdır, iclas təşkil olunduqdan sonra seçki keçirilməlidir. Cəmil Quliyev və Ayaz Salayev də bundan xəbər tutub, etirazlarını bildiriblər. Bu, yuxarıda olan bir nəfərin adından istifadə edərək insanları aldadıb. Həmin seçkidə Mədəniyyət Nazirliyinin də nümayəndəsi iştirak etməyib. Bu formada protokol tərtib edərək Ədliyyə Nazirliyinə göndərib, sənəd təsdiq olunmadan geri qaytarılıb. İndi yenidən nizamnamənin tələblərinə uyğun olaraq seçki keçirməlidir. Təbii ki, bunu eləyə bilməyəcək, çünki orada heç kim Şəfiqə Məmmədovanın sədr seçilməsini istəmir”. 

O, ittifaq sədrinin bu vaxtadək heç bir iş görmədiyini, ittifaqa dövlət tərəfindən ayrılan vəsaiti şəxsi vəsaiti kimi xərclədiyini iddia edib: 

“Öz oğlunu qanunsuz şəkildə işə götürüb, ən yüksək maaşı da ona yazıb. İki və üç dəfə maaş artırılıb, yalnız özü və oğlunun əməkhaqqını artırıb. Ümumiyyətlə, rəsmi olaraq ittifaqın 11 işçisi var, hamısı 500-800 civarında əməkhaqqı alır. Bir özü, bir də oğlu bundan 2-3 qat artıq maaş alır. Bunları da hesablayanda ilə 150-160 min manat pul edir. İttifaqa isə dövlət tərəfindən 400 min manat vəsait ayrılıb. Qoy, Hesablama Palatası gəlib yoxlama aparsın ki, qalan vəsait hara gedir. Pulun hara getdiyini mən bilirəm. Həmin puldan Bəstəkarlar İttifaqının binasının üstündə 300 min manata oğluna ev alıb. Xeyli miqdarda pul xərcləyərək də evi təmir elətdirib. İttifaqın pulları belə şeylərə xərclənib.

Vətən müharibəsində qismən səfərbərlik elan ediləndə oğlunu ölkədən qaçırmışdı. Bizsə həmin vaxt təklif etdik ki, Qarabağ Dirçəliş Fonduna pul köçürək. 2820 manat vəsait toplandı və bu adam həmin pulu cibinə qoydu. Dövlətin ittifaqa ayırdığı rəsmi puldan Fonda 5000 manat keçirdi. Şəhidin və qazinin pulunu mənimsəyən adamın yanında qalıb işləmək olar?! Mən 2016-cı ildən burada işləyirəm. Bunlardan iki aya yaxındır kadrlar şöbəsinə gələn yeni işçi vasitəsilə xəbər tutmuşam. Ondan qabaq bunları bilməmişəm, bilsəm, daha tez çıxardım. Onsuz da özünün öyrətdiyi 3-5 adamdan başqa heç kim imkan verməyəcək ki, növbəti seçkidə Şəfiqə Məmmədova sədr seçilsin. Hesab edirəm ki, özünə hörmət edən və ittifaqın reputasiyasına bu qədər ziyan vuran adam özü istefa verib getməlidir”. 

Əli Vəliyev ölkədə fəaliyyət göstərən digər kino ittifaqına (rəhbəri Rasim Balayev olan Azərbaycan Kinemotoqrafçılar İttifaqı) üzv olmaq üçün müraciət etməsi iddiasına da aydınlıq gətirib: 

“Mən digər ittifaqa üzv olmaq istəmirəm. Çünki dövlətin legitim ittifaqı (ARKİ) buradır. Mən buranın üzvüyəm və bundan sonrakı seçki prosesində iştirak edəcəyəm. Başqa təkliflər də var, hələ işlərimlə məşğulam, təklifləri də dəyərləndirəcəyəm”. 

İddialara münasibət öyrənmək üçün Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova ilə əlaqə saxlamağa çalışdıq. Lakin ittifaq sədri telefonlarımıza cavab vermədi. 

araz.az xəbər portalı.