TOYDA... ANA FƏRYADI Əbil HƏSƏN

Ebilhesen02

Rayon mərkəzinə girəndə avtomatlardan havaya atəş açdıq. Bu, rayona şəhid gətirilməsi mənasına gəlirdi. Azadgilin evlərinin yerini öyrənmək üçün, maşını birbaşa rayon hərbi kommissarlığına sürdük. Bizi kommissarlığın işçiləri qarşıladılar. Onlardan Azadgilin evinin yerini soruşduq, məsələni izah etdik. İşçilərdən biri mənə özünü itirmiş halda: - Siz nə danışırsınız? Bu gün onun bacısının toyudur. İndi bu xəbəri onlara necə verəcəyik? - dedi. Nə edəcəyimizi bilmirdik, çarəsiz qalmışdıq. Tərslikdən həmin vaxt rayon hərbi kommissarı kəndlərin birində şəhidin dəfn mərasimindəydi və onu gözləyib, məsləhətləşmək üçün kifayət qədər vaxtımız da yox idi. Bir qərara gəlməliydik. Dincimizi almaq üçün, bizi yaxınlıqdakı çayxanaya aparıb, bir stəkan çay verdilər. Elə, bu an kommissarlığın həyətində ağlaşma səsi eşidildi. Bir neçə qadın ağlayırdı. Mən dözə bilməyib, bayıra çıxdım. Ürəyim sıxılırdı. Nə qədər ağlaşma səsi eşitmək olardı, axı! Ağlayan qadınlardan biri mənə yaxınlaşaraq dedi:

- Ay bala, sənə qurban olum, doğrudanmı Azad şəhid olub, siz onu gətirmisiniz? Mən nə deyəcəyimi bilmirdim. Axı, bu xəbəri ona necə deyəydim?

- Siz kimsiniz, ay ana? Onu sizə kim dedi?

- Mən Azadın anasıyam.

- Yox, ay ana. Bizim burada işimiz var idi. Azadın bacısının toyu olduğunu eşitdik. Toyda iştirak edib, onun adından bacımızı təbrik etmək istədik - deyib, kədər dolu üzümü onlardan gizlətməyə çalışdım.

Arvad deyəsən mənim yalanıma inandı. Ağlamağını kəsib, gözlərinin yaşını silə-silə dedi:

- Bəs, niyə durmusunuz, gəlin gedək. Toyun başlamasına az qalıb.

– Siz gedin. Biz bir azdan gələrik, hərbi kommissarı gözləyirik. İşimiz var, - deyib, susdum.

 Ana: "- Yox, elə, şey olmaz. Siz bizimlə gedəcəksiniz. Evimiz yaxındadır" - deyib, israrla dilləndi.                              Biz istər istəməz Azadın anasının arxasına düşərək, onun ardınca getdik. Hərbi kommissarlıqla onların evlərinin arası təxminən yüz əlli - iki yüz metr olardı. Yol boyu Azadın anası bizə:

" -Nə toy, eee, qız nişanlıdı. Nişanlısına çağırış vərəqəsi gəlib. Toy eyləyib, qızı köçürdürük ki, birdən bir hadisə zad olar” - deyə, dərdlənirdi.

Biz gəlib onların evlərinə çatdıq. Həyətlərində balaca mağar qurulmuşdu. Yazıqlar bilmirdilər ki, toy üçün qurduqları bu mağarda birazdan ehsan verəcəklər.

Beləcə, bizi mehribanlıqla qarşılayıb, oturmağa yer göstərdilər. Qabağımıza yemək gətirdilər. Ac olsaq da, yeyə bilmirdik. Belə ağır vəziyyətdə necə boğazımızdan yemək keçə bilərdi ki?!.                                            ...Bir azdan masabəyi məni meydana dəvət edib, bəylə gəlinə ürək sözlərimi çatdırmağımı istədi. İlahi, necə də dəhşətli bir mənzərə idi -  ayaqlarım yerimir, dilim söz tutmurdu. Mən, Azadın meyidini hərbi kommisarlıqda qoyub, burada Azadın sağlığına badə qaldırır, bacısına xoşbəxlik arzulayırdım.

Masabəyi isə : " - Gün o gün olsun ki, Azadın toyuna gələsiniz" - deyib, bir oyun havası çaldıraraq, bizi rəqsə dəvət elədi.

Ürəyimdə: " - Bu, nə zülmdür, mənə verirsən Allah" - deyib, qollarımı qaldırdım. Azadın atası, anası, bacı və qardaşları da, bizə qoşularaq, rəqs edirdilər. Offf... Necə də dəhşətli mənzərə idi.

Bu an mənim çəkdiyimi, məndən başqa heç kim bilmirdi. Bu vəziyyət bir neçə dəqiqə belə davam etdi. Mən, vaxtımızın az olduğunu bildirib, onlardan getmək üçün icazə istədim. Onsuz da, toyun axırı idi. Onlar, çətinliklə də olsa, bizi buraxdılar. Hərbi komissarlığa gəlib, toyun sona çatmasını gözlədik. Nəhayət, gəlinin bəy evinə yola salındığı və toyun sona yetdiyi xəbərini gətirdilər. Azadın meyidi olan tabutu maşına qoyub, havaya atəş aça-aça, bayaq toya getdiyimiz qapıya tərəf istiqamətləndik. Bir saat əvvəl musuqi səsi gələn qapıdan indi ağlaşma, vay-şivən səsi eşidilirdi.

Azadın anası saçlarını yolaraq, üzünü cırırdı. Üzünün cırıqlarından qan süzülürdü. Ağlayaraq, mənə : " - A bala, bəs, deyirdin Azad ölməyib"

  - Mən isə, günahkarcasına onun üzünə baxırdım. Susmuşdum. Əzab çəkirdim.Yazıq anaya nə deyəcəyimi bilmirdim. Bu vaxt bir qadın onun qolundan tutub, ağlaya-ağlaya: " - Yazıq bala, neynəsin?!. Toyu yarımçıq qoymayacaqdı ki?!. " - deyib, kənara apardı...

     ...Biz Azadı dəfn edib, geri qayıtdıq. Sonradan eşitdim ki, Azadın toyu olan bacısının əri də şəhid olub. Qız isə, qardaşının və ərinin ayrılığına dözə bilməyərək, intihar edib...