Ərdəbildə yerin altında kənd - Adı Gəncədir

1538821162_20180827_190105.jpg

Bu yeraltı köyüllər təqribən 5-10 min il bundan əvvələ aiddir

Rəssam, pedaqoq Zahir Məlikli Savalanın ətəyində yerləşən Səreyin və Ərdəbil şəhərlərində olub, orda gördüklərini qələmə alıb.

Onun hazırladığı geniş reportajı təqdim edirik:

Daryuş, köyüllər və Gənzək (Gəncə) kəndinin xərabələri

Səreyinə çatan kimi, telefonda danışdığımız kimi, maşını Daryuşgilin qədim əşiyalar satılan dükanının qarşısında saxlayırıq. Daryuş bizi gözləyir. Dükanı adətən qardaşı Tohid işlədir.

Daryuşun tam ayrı ideyaları var, o daha çox turizmi, səyahət etməyi, ekstrimizmi sevir. Ən böyük arzusu dünyanın diqqətini Səreyinə cəlb etməkdir. Bu məqsədlə Azərbaycan turistlərini və müalicəyə ehtiyacı olanları Səreynə cəlb etməyi düşünür. O, ixtisasca geoloqdur. Universitet təhsili var. Daim yenilik axtarır. Köyüllər deyilən və hər avtomobilin gedə bilmədiyi yerə traktorla turist səyahəti təşkil edir. Bundan ötəri kiçik bir traktor alıb və ona qoşmaq üçün xüsusi kareta düzəltdirib. Karetaya təqribən 25 nəfərlik rahat kreslolar qoydurub. Bizi də ora aparmaq niyyətindədir. Hələ vaxta var, növbəti tur 6:30-a planlaşdırıb. Adam olsa tez də getmək olar. Ancaq telefonla əlaqə saxladıqdan sonra məlum olur ki, hələ müştəri cəmi iki nəfərdir. Biz müxtəlif məsələlərdən söhbət edib, onların əvvəllər də dadına baxdığım ətirli otlardan hazırlanmış çaylarından içib, enerjimizi bərpa edirik. Daryuş özü işləri qaydasına qoymaq üçün traktorun yanına gedir. Biz ikinci dünya savaşı barədə İranda olan proseslər barədə yaxşı məlumatlara malik olan əmisi ilə dükanda qalıb söhbət edirik. Bir qədər sonra isə az qaldığını görüb dükandan çıxırıq və elə bu zaman atın qoşulduğu bəzəkli bir kareta bizim qarşımızda dayanır.

Karetanın sahibi də Şəhrzadın tanışıdır. Bizə pulsuz olaraq xidmət etməyi təklif edir. Şəhrzad isə başqa yerə vədəli olduğumuz üçün üzrxahlıq edir və biz maşına əyləşib Daryuşun traktorunu saxladığı şəhər kənarına yaxın olan məntəqəyə sürürük.

Gəncə kəndi

Bizdən başqa bir fars ailə var. Ata-ana və iki uşaq. Traktor yola düşür. Daryuş başına qırmızı şlyapa qoyub, eynək taxaraq görkəmini dəyişir və sükan arxasına keçir. Dediyinə görə traktoru idarə etmək üçün xüsusi kurs keçib və vəsiqə də alıb. Xidmətçi müştərilərinə su və dondurma verir. Bundan başqa karetanı adamın qulaqlarını batıracaq ucalıqda oynaq musiqi səsləri və mahnılar başına götürür. Mən ora-buranı axtarıb dinamiklərin harada yerləşdirilməsini tapmaq istəyirəm, amma tapa bilmirəm. Bizim miniyimiz də, yayılan musiqi sədaları da ətrafdakıların marağını özünə cəlb edir. Keçib getdiyimiz yol boyu insanlar gülümsəməklə bizi müşahidə edirlər. Hər şey asfalt bitənə qədər rahat idi. Yeni Gənzək (Soydaşlarımız bu kəndə çox vaxt Gəncə deyirlər) kəndində asfalt yol bitəndən sonra, kareta atıb-tutmağa başladı və növbəti belə tullanışda lap arxada qoyulmuş, bizim xeyir-şər mağarlarında istifadə edilən iri dinamik sürüşərək düz mənim yanımda dayandı. İndi səsin haradan gəldiyini öyrənə bildim. Bir xeyli gedib enişin ortasındakı geniş yerdə Daryuş traktoru döndərib saxladı. Bura üzü aşağı uzanıb gedən bir hündürlükdür. Sol tərəf adamın güclə dura biləcəyi bir eniş və enişin dibində göz işlədikcə uzanan yaşıl vadi. Buradan baxdıqca üfüqə qədər təpələr və əkin yerləri görsənir. Durduğumuz yer isə lap aşağıda Qala təpəsi adlandırılan bir təpə ilə hüdudlanır. Sağ tərəfimizdəki döş isə, böyük bir kəndin xarabalıqlarıdır.

Yeraltı kənd

Hər tərəf kərpicdən tikilmiş evlərin dağılmış divarlarıdır. Adamı vahimə bürüyür. Bura 1997-ci ildə İranda baş verən dəhşətli zəlzələ zamanı belə xarabazara çevrilib. Sonra bu kənd 3 kilometr kənardakı indiki yerə köçürülüb və bu kənd eyni - Gənzək (Gəncə) adı ilə orada məskunlaşıb. Maraqlı orasındadır ki, insanlar yalnız zəlzələdən sonra biliblər ki, uzun illər ərzində əslində, digər bir yaşayış mərkəzinin üstündə yaşayıblar. Kənd dağılandan sonra kəndin altındakı mağaraların bəziləri deşilib və bu da tədqiqatçıların marağına səbəb olub. İndi bura həm də Köyüllər adı ilə məşhurdur.

Bu yeraltı köyüllər təqribən 5-10 min il bundan əvvələ aiddir və qədim insanlar tərəfindən daşların içərisində oyularaq hazırlanıblar. Hər birinin uzunluğu 15 metr və ondan çoxdur. Ona görə xüsusi hazırlanıb deyirik ki, içəridə yaşayış üçün ayrı-ayrı hücrələr, taxçalar, qida saxlamaq üçün anbarlar və girəcəkdə də mətbəx aydın seçilir. Bayıra yəqin ki, tüstünün çıxması üçün yalnız mətbəxdən xüsusi deşik olub. Elə bu deşiyə görə də buranın mətbəx olması güman edilir. (Bakupost)

(Əvvəli bu linkdə: Şah İsmayılın yaşadığı saray, sirli qəbirlər, "qızıl” su - Azərbaycan şahlarının şəhərindən REPORTAJ)

© AzNews.az

Əlaqəli xəbərlər