Qəhrəman kəşfiyyatçı cəmiyyətdən küskündü - Unudulduğuna görə

183418.jpg

Müharibəni o başlamayıb. Amma müharibənin əziyyətini 21 ildir ki, çəkir: həm fiziki, həm də mənəvi cəhətdən... Deyir əsirlikdə nə məşəqqətlər çəkdimsə, qayıdandan sonra ondan da böyük sarsıntılar yaşadım. Mənə olan etinasızlığı gördükcə, düşünürəm ki, 7 qardaşımla birgə kaş mən də şəhid olaydım...

O - Aqil Mürsəl oğlu Əhmədov 1976-cı il aprelin 23-də Zaqatala rayonunda anadan olub. 1995-ci ilin iyun ayında Zaqatala Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə yollanıb. Xidmətdə də xüsusi təyinatlı hərbi hissədə qulluq edib... İki il xidmət etdikdən sonra 1997-ci ilin aprel ayının 7-də müdafiə nazirinin əmri ilə səkkiz nəfərdən ibarət qrup - leytenant Elxan Ataxan oğlu Ağayev, leytenant Vüqar Rzaxan oğlu Yarəhmədov, çavuş Aqil Mürsəl oğlu Əhmədov, çavuş Anar Üzeyir oğlu Rzayev, çavuş Dinar İbrahim oğlu Mustafayev, çavuş Aqşin Əli oğlu Həsənov, çavuş Nizami Səfi oğlu Ələkbərov və çavuş Fariz Şamil oğlu Cavadov düşmənin arxasına keçib.

Düşmənin əhatəsində üç gün qalaraq, tapşırıqları yerinə yetirirlər. Sonuncu gün geri dönmək ərəfəsində düşmən duyuq düşür və onları böyük qüvvə ilə mühasirəyə alır. Silah-sursat bitənə qədər itki vermədən döyüşən qəhrəmanlarımız bu qeyri-bərabər döyüşdə xeyli sayda düşməni məhv edirlər. Kəşfiyyatçılardan biri - Əhmədov Aqil ağır yaralanaraq huşunu itirir. Ən sonda da digər kəşfiyyatçılarımız əsir düşməmək üçün qumbara ilə özlərini partladırlar. Aqil Əhmədov isə əsir götürülür... 23 ay əsirlikdə qalır. Ulu öndər Heydər Əliyevin təkidi ilə 7 kəşfiyyatçının meyitləri yalnız 1997-cı ilin oktyabr ayında Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti vasitəsilə geri alınır. Onlar 1997-cı il oktyabr ayının 16-da Bakı şəhərindəki İkinci Şəhidlər Xiyabanında torpağa tapşırılıblar.

Aqil Əhmədova isə Ermənistan məhkəməsi güllələnmə hökmü çıxarır. Ancaq uzun sürən danışıqlardan sonra Aqili dəyişmək mümkün olur. 7 kəşfiyyatçı Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1998-ci il tarixli Fərmanı ilə ölümlərindən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunurlar. Lakin Aqil Əhmədov heç bir təltif almayıb. Sağlamlığında olan problemlərə görə hələ də evlənməyib. Güllə Aqilin bədənində indi də qalır. Deyir hərdən nəfəs alanda iynə kimi batır. Bundan başqa qarın nahiyəsindəki “şlanq”lardan biri hələ də qalır. Bağırsağı işləmir. 1-ci qrup Qarabağ əlilidi. Aqilin müalicəsi yalnız xaricdə mümkündür.

Günlər keçdikcə Aqil Əhmədovun xəstəliyi irəliləyir, səhəti pisləşir. 7 kəşfiyyatçı ilə birgə cəmiyyətin onu unutduğuna görə küskündü. Amma ümidi də var. Ümidini isə iki şəxsin köməyinə bağlayıb. Aqil indi də özünü Ali Baş Komandan İlham Əliyevin əsgəri hesab edir. Bildirir ki, Birinci vitse-prezident, xanım Mehriban Əliyeva el anasıdı: "Onlara sorağım çatsa mütləq sağlamlığımla və həyatımla bağlı bütün problemlər həllini tapar".

PS: Bu, bir qəhrəmanın həyat hekayəsidir. Hamı söz verir, amma ona kömək edən yoxdur. Əsgər Ailələrinə Dəstək İctimai Birliyi bu məsələni də ictimailəşdirmək qərarına gəldi. Ömrünün ən gözəl illərini VƏTƏNƏ fəda edən bir qəhrəmana sayğısızlıq vətənpərvərlik işinə böyük zərbədir. Biz kasıb dövlət deyilik. Vətən uğrunda sağlamlığını itirən bir insana hər kəs sahib çıxmalıdı. İCTİMAİLƏŞDİRƏK ki, bəlkə dövlətimiz himayə edə!!!

Əlaqəli xəbərlər