Soydaşlarımızın deportasiyasından 30 il keçir… QAEQ sədri Rizvan Talıbovla müsahibə

93E73161 F9F6 4B2D 8FEF 1AC9DD6A2604

Coğrafi anlamda Azərbaycanın Qərb hissəsi strateji əhəmiyyət kəsb etdiyindən son iki yüz ildə burada xalqımız dəfələrlə qırğınlara və soyqırımlara məruz qalıb. 1988-ci il dekabr ayı soydaşlarımızın öz ata-baba yurdlarından sonuncu deportasiyası başlandı.

Bu tarixdən 30 il keçir. Nə dəyişilib və nə dəyişilə bilər?
Redaksiyamızın qonağı olan “Qərbi azərbaycanlıların Ermənistana qayıdışı” birliyinin sədri Rizvan Talıbov sullarımızı cavablandırdı.
Müsahibimiz Zəngəzurdan ,Göyçə mahalından, Vedibasardan, İrəvandan, , Amasiyadan, Uluxanlıdan və digər tarixi yurdlarımızdan, qədim torpaqlarından didərgin salınan yurd , vətən həsrətli soydaşlarımızdan danışdı və Birliyin son illərdə gördüyü işlərdən söhbət açdı.
– Rizvan müəllim, təşkilatınızın adı belə təsəvvür yaradır ki, vaxtilə bir neçə dəfə – müxtəlif vaxtlarda tarixi torpaqlarından deportasiya olunmuş qərbi azərbaycanlılar öz doğma yurd-yuvalarına qayıtmaq ümidindədirlər. Buna inam hissinin olması özü böyük qürurverici, fəxr ediləsi bir hissdir. Təşkilatınız haqqında, gördüyü işlər, məqsədi və məramı haqqında bilmək istərdik… Hansı dövlət təşkilatları ilə iş birliyiniz var?
– İlk öncə birliyimizin adından sizə, başda Xeberlenti.com saytının rəhbərliyinə təşəkkürümü bildirmək istərdim ki, məni redaksiyaya dəvət etmisiniz. Məlumat üçün demək istəyirəm ki, Nizamnamə əsasında yaradılan “Qərbi Azərbaycanlıların Ermənistana qayıdış” birliyi 2005-ci ildən fəaliyyət göstərir. Ölkə başçısı cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VI qurultayında etdiyi çıxışında – Qədim tarixi torpaqlarımız olan İrəvan bizə məxsusdur – deməsi bizim işimizdə daha da dönüş yaratdı. Qədim Zəngəzur, İrəvan, Göyçə torpaqlarının bizə aid olması yenidən gündəmə gəldi. Bizim – qərbi azərbaycanlıların öz doğma torpaqlarımıza qayıdışı zərurət yaratdı və buna hökmən nail olmalıyıq. Birliyimiz bu ilin iyun ayında II Qurultayını keçirdi və Qərbi Azərbaycanın bütün bölgələrini əhatə edən 150 nəfər ziyalılardan ibarət tərkibdə təşkilat formalaşdı. Bu tərkibə idarə heyəti, ali məclis, mərkəzi nəzarət təftiş komissiyası daxildir. Təşkilatımız bir neçə tədbir keçirib. Bu ilin dekabrın 23-də “Qərbi Azərbaycanlıların Ermənistana qayıdış” birliyi qərbi azərbaycanlıların yurd-yuvalarından 70 və 30 il öncə deportasiyası ilə bağlı “Tarixi yurdları anma günü” ilə bağlı tədbir keciriləcək. Təbii ki, biz qərbi azərbaycanlılar deportasiya olunmuş torpaqlardan müvəqqəti olaraq çıxarılmışıq. Və bu torpaqlara mütləq qayıdacağıq…
– Keçirdiyiniz anma günü ilə bağlı hər hansı beynəlxalq heyətin tərkibində qədim tarixi torpaqlarımıza getmək imkanı yaranacaqmı? Bildiyiniz kimi, ermənilər istənilən vaxt Bakı ərazisinə gəlib, istədiyi yerləri ziyarət edirlər…
– Bilirsiz ki, indi həmin ərazilər ermənilərə məxsus olduğu üçün və bizim hal-hazırda müharibə şəraitində olmağımız bu cür addım atmağa imkan vermir. O ki qaldı ermənilərin Bakıya gəlməyinə, demək istərdim ki, hələ sovet dönəmindən ermənilər Bakıda yüksək vəzifə sahibi olublar. Eyni zamanda onların dünya ölkələrində lobbisi öz mövqeyini hər yerdə göstərir. Biz öz tarixi torpaqlarımıza indi gedə bilməsək də, bu zaman istəyir – vaxt gələcək biz bu istəyimizi reallaşdıracayıq.
– Rizvan müəllim, erməni əsirliyində çox sayda soydaşlarımız var. Bildiyiniz kimi, bu əsirlərin azad olunması istiqamətində Azərbaycanda bir çox təşkilatlar fəaliyyət göstərir. Bu təşkilatlarla əlaqə yarada bilirsinizmi? Əsir soydaşlarımızın ermənilərdən alınmasında və hal-hazırda Azərbaycanda olan erməni əsir ilə dəyişdirilməsində hansı addımlar atırsınız? Hal-hazırda erməni əsirliyində olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin ailəsinə qaytarılması yönümündə hər hansı bir addım atmaq mümkündürmü?
– Onlar Azərbaycanın Qarabağ torpaqlarına – Kəlbəcərə getmişdilər Dilqəm Əsgərovla Şahbaz Quliyev. Soydaşlarımız doğma yurduna – Kəlbəcərə ata-anasının qəbrini ziyarətə gedib, lakin işğalçı düşmənin amansız hərəkətləri ilə üzləşməli olublar. Onlar əsir götürüb, mülki şəxslər ağır işgəncələrə məruz qaldılar. Bu azmış kimi, bunu televiziyada da həyasızcasına nümayiş etdirdilər. Və bunun da məqsədli şəkildə – digər azərbaycanlılara hədə kimi, onların qayıdışının qarşısını almaq kimi göstərmək məqsədilə edilməsi hamıya gün kimi aydındı. Təəssüflər olsun ki, soydaşlarımıza qarşı edilən ədalətsizliklər beynəlxalq miqyasda, dünya ictimaiyyətində layiqli və adekvat cavabını almadı. Faktdır ki, bu gün Bakıya vaxtilə burda yaşayan ermənilər gəlir, yaşadıqları əraziyə baş çəkirlər. Amma iki nəfər azərbaycanlı Ermənistana gedir, onlara terrorçu damğası vurub amansızca işgəncəyə məruz qoyurlar – Dilqəm Əsgərova ömürlük, Şahbaz Quliyevə isə 25 il azadlıqdan məhrumetmə cəzası verirlər. Düşünürəm ki, bu iki nəfər azərbaycanlı əsirin ermənilərin əlindən alınması istiqamətində kifayət qədər tədbirlər görülmür. İstənilən halda Azərbaycan höküməti öz vətəndaşının mənafeyini qoruyub ona sahib çıxmalıdır. Təşkilat olaraq biz də soydaşlarımızın əsirlikdən azad olunmasında əlimizdən gələn qədər köməklik etməyə hazırıq. Qeyd etmək yerinə düşərdi ki, vaxtilə Milli Qəhrəmanımız Mübariz İbrahimovun nəşinin ermənilərdən geri alınması, Macarıstandan Ramil Səfərovun Azərbaycana sağ-salamat təhvil verilməsi istiqamətində möhtərəm prezidentimiz cənab İlham Əliyevin böyük xidmətləri olub.
– Təşkilatınızın işi, fəaliyyəti haqqında fikirlərinizi dinlədik, geniş məlumat verdiz. Bilmək istərdik ki, “Qərbi azərbaycanlıların Ermənistana qayıdışı” birliyi vətənpərvərlik, qədim tariximiz, İrəvanın Azərbaycan torpaqları olması kimi dəlillərlə orta məktəb və ali təhsil ocaqlarında maariflənmə işləri, tədbirlər, görüşlər aparırmı?
– Hal-hazırda bizim birlik 23 dekabrda keçiriləcək tədbirlə bağlı təşkilati işlərlə məşğuldur. Bu tarixi gündə – 23 dekabr, 1947-ci ildə İosif Stalinin sərəncamı ilə rəsmi statistikaya görə, 220 min soydaşımızı qısa zaman kəsiyində öz dədə-baba torpaqlarından deportasiyaya məruz qoydular. Bizim tarixən bir neçə dəfə öz torpaqlarımızdan qovulma prosesi olsa da, bunların heç biri rəsmi şəkildə aparılmayıb. Toqquşma, ermənilərin dinc əhaliyə silahlı hücumu nəticəsində həyata keçirilib bu hadisələr. Amma 1948-1953-cü illərdə SSRİ dövləti Nazirlər Sovetinin sərəncamı əsasında azərbaycanlılar deportasiyaya uğrayıb. Bunun adını isə “könüllü köçürülmə” qoyublar. “Siz evinizi tərk edin, həmin evlərə erməniləri yerləşdirəcəyik” – deyə əvəzsiz olaraq, azərbaycanlıların əlindən hər şeyi ədalətsiz şəkildə alaraq, ermənilərə veriblər. Ən böyük ədalətsizlik isə soydaşlarımızın sayını təhrif edərək, 150 min göstəriblər. Əslində isə, ümumilikdə, 1943-1958-ci illər ərzində 350 min azərbaycanlı Qərbi Azərbaycan torpağı olan İrəvan ərazisindən qovularaq, tamamilə şəraitsiz bir mühitdə suyu olmayan, yaşayışı olmayan – çölün düzündə yerləşdirilərək, yaşamağa məhkum ediliblər.
– Bu proseslər – azərbaycanlılara qarşı edilən deportasiyalar sizcə, zaman – zaman niyə təkrarlanırdı?
– Bunun tarixi kökləri var. Bilirsiz ki, o vaxt çar Rusiyası dönəmində Azərbaycan xanlıqları işğala məruz qaldıqda ən böyük müqaviməti İrəvan xanlığı göstərib. Çar Rusiyasının göndərdiyi üç böyük ordunu milli birlik və güc nümayiş etdirməklə dəf etməyə nail olub irəvanlılar. Çoxlu sayda itki verən ruslar bunun qisasını almaq məqsədilə o vaxtkı İrəvan xanlığı ərazisində Ermənistan quberniyası yaratdılar. Həmişə də ruslar ermənilərə dəstək verərək, orada yaşayan azərbaycanlıları öz yurdlarından çıxara bilməsinə şərait yaratdılar. Zamanla da buna nail ola bildilər.
– Bir məsələdə Sizin mövqeyinizi bilmək maraqlı olardı. İndiki vaxtda ermənilərin ruslara qarşı münasibəti başqa cürdü. Hakimiyyətə gətirilən Nikol Paşinyan Rusiya ilə münasibətlərini pik həddə çatdırıb. Buna münasibətiniz…
– Biz bir vaxtlar Ermənistanda yaşayan azərbaycanlılar kimi deyə bilərik ki, ermənilər ruslara bizdən daha çox nifrət edirlər. Bu o dövrdə də var idi, indi də var.
– Bəs rus silahlı birləşmələri Qarabağda qiyam törədəndə necə ?
– Bu da rusların təbii ki regionda olan maraqlarının olmasından irəli gəlirdi. Vaxtilə ermənilərin bizim torpaqlara yerləşdirilməsi ruslar üçün dayaq məntəqəsi kimi nəzərdə tutulurdu. Təbii ki o dönəmdə Çar Rusiyasından da dayaq, kömək istəyiblər. Ermənilər özləri də bilirlər ki, dünyada rusların əvvəlki mövqeyi yoxdur, yəni əvvəlki nüfuzunu artıq itirmək üzrədir. Amerikanın sanksiyaları, Ukrayna ilə siyasi qarşıdurma və s. buna misaldır. Bundan başqa onu da demək lazımdır ki, Ermənistan dünyada ən güclü lobbisi olan dövlətdir. Rusiyada, Fransada, Amerikada mövqelərini qurduqdan sonra Ermənistanda gedən siyasi prosesləri nəzarətə alaraq, Sarkisyanın hakimiyyətdən gedərək, Paşinyanın gəlməsinə imkan yaradılması da məhz özlərinin təşəbbüsündən irəli gəlib. Bu gün ermənilər Rusiyanın siyasi mövqeyinin zəifləməsini görüb ondan uzaqlaşmağa çalışırlar.
– Hal-hazırda Qarabağ torpaqlarının 20 faizi işğal altındadır. Sizin birliyin məramı bir vaxtlar öz dədə-baba torpaqlarından didərgin düşmüş Qərbi azərbaycanlıların İrəvana qaytarılmasıdır. İşğal altında olan 20 faiz torpaqlar qaytarılmadan bunu necə reallaşdırmaq mümkün olacaq?
– Tarixi fakta nəzər salsaq, bizim torpaqlarımızın 20 yox, 50 faizinin işğal altında olmasını görərik. Hələ cümhuriyyət qurulmadan öncə, 100 il əvvəl Azərbaycanın ərazisi 125 min kv.km olub. Cümhuriyyət dövründə isə beynəlxalq səviyyədə tanındıqdan sonra bu rəqəm 114 min kv.km kimi göstərilirdi. Bugünku ərazimizin – İrəvan və İrəvan çökəkliyi ərazisinin 9000 kv.km-i Ermənistan dövləti yaradılması üçün bizdən qoparılaraq ermənilərə verildi. Baxmayaraq ki, Azərbaycan ərazisi işğaldan öncə 87 min kv.km əhatə edirdi, bu gün isə Azərbaycanın ərazisi 62 min kv.km təşkil edir ki, bu da 100 il ərzində tarixi torpaqlarımızın ermənilər tərəfindən zəbt edilməsidir. O ki qaldı Qarabağda torpaqların işğaldan azad olunması məsələsinə, mənim fikrimcə, əgər zamanla Qərbi Azərbaycan məsələsi dövlət tərəfindən doğru-düzgün istiqamətləndirilərsə, Qərbi Azərbaycan toplumu Qarabağ danışıqları prosesində tərəf olaraq, tanıdılsaydı, tam əminliklə deyirəm ki, bu məsələ müsbət həllini tapardı. Biz öz doğma torpaqlarımıza qayıdışımıza inanırıq və buna bizim tarixi əsasımız var. İndi də 30 il keçməsinə baxmayaraq, biz inamımızı və ümidimizi heç vaxt itirmirik. Təbii ki, hər şey inamla bağlıdır, bunula yanaşı fəaliyyətimiz də olmalıdır. Çoxları bizə belə bir sualla müraciət edir ki, biz niyə o torpaqlara qayıtmalıyıq, yenidən ermənilər tərəfindən işğala, işgəncəyə və deportasiyaya məruz qalmaq üçünmü??? Qayıdışı biz belə təsəvvür edirik ki, biz İrəvan torpaqlarımıza o şərt altında qayıda bilərik ki, Göyçə, Zəngəzur və Lori-Pəmbək mahalında muxtar vilayət yaradılacaq və irəvanlılar bu muxtariyyat olan ərazidə yaşayacaqlar. Bu gələcəkdə bizim təhlükəsizliyimizin qarant altında olmasına şərait yaradacaq. Biz işlərimizi o istiqamətdə qurmuşuq ki, gənc nəsil İrəvan torpaqlarının bizim doğma yurdumuz olduğunu bilsinlər, onu sevsinlər, təbliğ etsinlər, bu faktlar dərsliklərə salınsın və tədris edilsin. Bizim bunula bağlı yazılmış əsərlərimiz olsa da, təəssüf ki, dərsliklərə salınmır. Amma ermənilər heç bir tarixə malik olmaya-olmaya böyük Ermənistan xəyalı qururlar.
– Maraqlı müsahibəniz üçün redaksiyamız adından Sizə təşəkkürümüzü bildiririk və bu məsuliyyətli fəaliyyətinizdə ugurlar arzulayırıq.
Müsahibəni apardı: Səadət Cabbarqızı/Xeberlenti.com

Əlaqəli xəbərlər