TOZLA DUMAN ARASINDAKI BDU: FƏLSƏFƏ KAFEDRASINA PLANLI BASQILAR

Rovsen Novruzoglu

(Nöqtəsinə, vergülünə toxunmadan)

Rövşən Novruzoğlu,
politoloq.

 Nəslimizin ağsaqqalı Əli Heydər kişi bu yaxınlarda rəhmətə getdi. Tanrı dərgahına qovuşduğu gün 96 yaşı tamam olurdu. Bu dünyaya gözlərini əbədi yumanda belə, rəhmətliyin üz-gözündən gülüş, sevinc, fərəh hissləri əskik olmadı.
Məni o kişi böyüdüb, qayğıma qalıb, tərbiyə edərək, orta məktəbdə oxudub. Bakı Dövlət Universitetinə də, o rəhmətlik göndərib. Səbəbi də o olub ki, şərəfli tarixə malik bu elm ocağını özünün saf əxlaqına, təmiz vicdanına, yenilməz qüruruna, insani ləyaqətinə və bir də, heyrətamiz şərəfinə tay tutub.
Elə, onun tövsiyyəsi ilə də, özümə müqəddəs bildiyim bu elm ocağında alın-təriylə oxuyub, ali təhsilə yiyələndim. Ona görə ki... Ağsaqqal deyirdi: "İnsanı bu həyatda insan edən üç şey var: Birincisi -- onunla ancaq qəbir evinədək gedəcək övladı, ikincisi -- onunla ölənədək olacaq sərvəti, üçüncüsü -- adı yaşadıqqca yaşayacaq xoş əməlləridir...".
Keçmişin xoş xəyallarına dalanda da, gözlərim önündə, öncə bir tərəfdə -- etdikləri yaxşı əməllərinə görə, Tanrıdan daim rəhmət dilədiyim Babam, digər tərəfdə --yanından keçəndə qarşısında baş əydiyim, daşına-divarına belə salam verdiyim Bakı Dövlət Universiteti durur. Mənim aləmimdə, Babam hələ ölməyib, onda olduğu kimi, daim bizimlədir, yanımızda fırlanır. Dəfələrlə cəhd ediblər ki, BDU kimi, onun da, cəmiyyət arasında daim parlaq olan nüfuzunu söndürsünlər, amma alınmayıb. Bunu edənlərə qarşı barışmaz olmuşam həmişə.
İndi də, bəzilərinə elə gəlir ki, Bakı Dövlət Universitetində yenə "sular bulanıb və bu bulanıq sularda istənilən balığı tutmaq mümkündür". Hətta universitetin dünyanın elm və təhsil məkanlarında ad çıxaran, mükəmməl elmi fəaliyyətlərilə tanınan, hörmət və ehtiram sahibi olan yetirmələrinə (məhz akademik Abel Məhərrəmov rəhbərlikdən gedəndən sonra) qarşı, tədricən, əxlaq kodeksinin ölçüləri də dəyişməyə başlayıb. Haqqında lətifələr danışılır, barəsində saytlarda hərə ağlına gələni yazır. Biri deyir, bu elm mərkəzini başqa yerə köçürürlər. Biri deyir, hüquq-mühafizə orqanları universitetə basqın edib, auditoriyalarda sorğu-sual stolları qurulub. Bir başqası da deyir ki, akademikin kitabxanasını başına uçurublar...
Əslində isə, ortada heç nə olmayıb və bu gün də, heç nə yoxdur. Qurulan dekorasiyalar, küt qələmlə yazılan ssenarilər yerindəcə qalıb.
Araşdırma və təhlillərimə görə, BDU-da startı verilmiş basqıların növbəti hədəflərdən biri, yenə də, fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının kollektivi və kollektivə başçılıq edən xanım professor Rəbiyyət Aslanovadır...
Qadına hücum tərbiyə və dini normalarımız çərçivəsində bizdə yasaq olsa da, istəsək də, istəməsək də deməliyik ki, çoxdandır buna adət etmişik. Doğrusu, belə hücumlardan birini mən etmişəm və bu gün də, ortada baş verənlərin səbəbkarını axtarmadan etdiklərimə görə, mənəvi-psoxoloji əziyyət çəkirəm. Onu demək istəyirəm ki, biz, baş verən hadisələrdə çox vaxt düyün nöqtələrini itiririk. Və başımızı qaldıranda görürük ki, başımız üstündə dayananlar hələ də əmr verirlər: "Yaz! Amma hələ nöqtə qoyma. Çünki yenə yazacaqsan...".
Saytlarımız yazırlar ki, Bakı Dövlət Universitetində qalmaqaldı. Səbəb də göstərilir; Fələsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müdiri, professor Rəbiyyət xanım Aslanovanın başçılıq etdiyi kafedrada işləyən gənc xanımla, hüquq fakültəsinin tələbəsi arasındakı sevgi münasibətlərindən doğan qalmaqal yaşanıb... Mayasında şərin, böhtanın və yalanın yer aldığı bu xəbərin nə üçün verildiyi də məlumdur. Universitetin hüquqşünası Tamilla xanım Çələbiyevaya "çaxmağı çəkilmiş bir silah" veriblər ki, ay qız, durma, at! O da atıb! Amma hədəfə dəyməyib. Nə üçün?l. Çünki belə uydurmaların, şər və böhtanların dayaqları olmur deyə, təsirsizdir. Və bir də ki, bir az kənarda kafedra üçün böhtandan, şərdən, xəyanətdən tor quranların dayandığı aydın görünür. Onlar, onda da baxırdılar ki, görsünlər, xanım Çələbiyeva silahı necə atacaq. Onda, "güllə hədəfə dəymədi" deyə, tezcə də dağılışdılar. İndi yenidən baş qaldırmaq istəyirlər.
Əslində, bu ssenari belə yazılıbmış ki, xanım Çələbiyevanın həmin hay-küylü məktubundan sonra, polis işə qarışsın. Sonra təhqiqat aparılsın. Ondan sonra, istintaq getsin, müstəntiqlər araşdırmalar aparsın. Sonra yalançı dindirmə protokolları yazılsın. Sonda sənədlər BDU-nun yeni gələcək rəhbərinə çatdırılsın. Rəhbərlik də, məsələni “şərəf və ləyaqət” çərçivəsində müzakirə etsin. Və lap sonda...
...Bu məsələnin kötüyündə heç nə yox idi ki, belə bir çək-çevir də olsun. Elə, ona görə də, hamı tezliklə susdu. Meydan tələm-tələsik boşaldıldı. "Cəllad kötüyü cəlladın qoltuğuna verilib, yola salındı"..
Ümumiyyətlə, böhtanla, şərlə, ifira ilə üz-üzə dayanıb, mübarizə aparmaq çətin bir işdir. Əslində, professorun öz kafedrasının şərəf və ləyaqətini müdafiə etməsi, təbiidir. Araşdırma və təhlillərimdən də belə nəticə çıxır ki, professor həm də kafedradakı əməkdaşlarının (gənc alim və tədqiqatçıların) əxlaqını, onların nəsillərini, ailələrini... müdafiə edib. Kafedrada çalışan laboranta gəlincə, qeyd edim ki, o da gözəl, istedadlı bir xanımdır. Hüquqşünas Tamilla xanım Çələbiyeva da qeyd edir ki, o, həmişə insanlara kömək edib və heç vaxt nəsə bir problem yaratmayıb. Amma, çox təəssüf ki, onun özü üçün problem yaradıblar. Qolundan yapışıb, fəlsəfə kafedrasının qapısına çəkiblər. Maraqlıdır ki, Yazamal rayon Polis İdarəsində də belə bir şikayət məktubu olmayıb.
Laborant xanımdan edilən şikayətlər də, ortada yoxdur. Sadəcə, bütün bunlar, BDU-ya yeni rəhbər təyinatı öncəsi, fəlsəfə tarixi kafedrasına kölgə salmaq üçün atılan addımlar idi. Və xanım Çələbiyeva bunu da unutmasın ki, böhtan, şantaj və şər iyi verən belə oyunların planları, ehtimal ki, bir az kənarda hazırlanır. Fəlsəfə kafedrasına nüfuz etmək onun vəzifə borcu da deyil. Şikayət məktubu yazılmışdısa, o məktub, azından, kafedra müdiri ilə müzakirə olunmalı idi. Digər tərəfdən, xanım Çələbiyeva bilməliydi ki, Bakı Dövlət Universitetində hazırda hansı proseslər baş verir və başqalarının əlində dirijor çubuğu olmağın dəhşətindən betər heç nə yoxdur.
Fəlsəfə kafedrasının şərəf və ləyaqətinin qorunması isə, bu elm ocağında çalışanların hamısının mənəviyyat borcu olmalıdır.
Xainlik, paxıllıq, satqınlıq amallı şərəfsiz, mənasız bir həyat sürməyi, görünür, hələ də xislətlərində saxlayanlar var. Və təəssüf doğuran bu müstəvidə belə düşünürəm ki, bəs, nədən, hüquqşünas Tamilla Çələbiyeva aylar öncəsi kafedranın rəhbəri Rəbiyyət xanım Aslanovaya və onun ailəsinə edilən hücumlarla, yersiz, əsassız şər-böhtan dolu mənəvi basqılarla bağlı səsini çıxartmadı? Bəyəm, bu elm ocağının hüquqşünasının borcu deyil ki, yersiz basqılara məruz qalan iş yoldaşını hüquq, qanun müstəvisində müdafiə etsin?
Doğrusu, Rəbiyyət xanımın buna heç ehtiyacı da yox idi. Elə, mən də, bu yazını ona görə yazmadım ki, onu müdafiə edim. Çünki onun özü hər şeyi bacaran rəhbər elm adamlarındandır. Bir də ki, mən, bu xanım professoru elə də yaxından tanımıram. Ancaq haqqında ölkə və xarici mətəbut səhifələrində çox oxumuşam. Simpoziumlarda, elmi konfranslarda elmin, təhsilin qarşısında bir xanım cəngavər kimi dayanmasının şahidiyəm. Milli-mənəvi dəyərlərimizin qorunmasında xidmətləri də az deyil.
Məhz bunlara görə də, hüquqşünas xanım Çələbiyevaya məsləhət görürəm ki, kafedra başçısının keçdiyi həyat yoluna, şərəfli elmi fəaliyyətinə diqqətlə nəzər salsın. Çünki ədalət o vaxt zəfər çalır ki, ona ədalətlə yanaşasan.
Görünür, xanım hüquqşünas hələ də bilmir ki, Rəbiyyət xanım Aslanovaya qarşı bir vaxtlar başlanmış həmin iyrənc şər-böhtan kampaniyasının davamı gəlib. Və onu da bilmir ki, belə kampaniyaların başında duranlar heç vaxt anlamırlar ki, talenin yolunu dəyişmək olmur. Elə, xanım professor haqqında da, Ulu Tanrı belə bir tale hökmü verib. Verib ki, həyatının və elmi fəaliyyətinin ən gözəl, mənalı və şərəfli anlarını Bakı Dövlət Universitetində keçirsin.
Azərbaycan qadınları arasında elm xadimləri azdır. Bəlkə, ölkələr arasında, bu sarıdan da sonuncu yerdəyik. Ona görə də, belə xanımları çıxdaş etməyin, vurub sıradan çıxarmağın bizə xeyri olmaz. Bu, heç bizə başucalığı da gətirməz. Və bir də ki, mübarizə açıq meydanda olmalıdır, pərdə arxasında yox. Belə mübarizələr son məqamda şərəfsiz və ləyaqətsiz damğası alırlar. Ulu Şeyx Şamil kimi, dahi Heydər Əliyev kimi... mübarizə aparmaq gərək!
Bu yerdə, yenə sual çıxır ortaya: Hansı səbəbdən, onun övladının -- cəsarətli elm xadimlərindən biri olacağına şübhə etmədiyim Elnur Aslanovun gördüyü işlər barəsində bu gün Avropanın, Asiya ölkələrinin, ABŞ universitetlərinin... elm xadimləri, iş adamları fəxarət duyulası xoş sözlər deyirlər, amma bizim mətbuat onu "top atəşinə tutur". Hələ də, o, ona qarşı atılan şər-böhtanlardan yaxa qurtara bilmir.
Mən indiyədək araşdırma və təhlillərimdə səhvə yol verməmişəm -- bəzən məni çaşdırmaq istəsələr də! Necə deyərlər, edə biləcəyim səhvlərin üstündən qırmızı xətt çəkib, yola çıxmışam. Bu yazı da, yoluna çıxdığım araşdırma və təhlillərimin nəticəsinin kiçik bir parçasıdır. Və bu nəticələrə əsaslanıb qəti şəkildə bir daha deyirəm ki, xanım professora edilən növbəti hücumun, ona qarşı bu qarayaxma kampaniyasının kökündə də, oğlu Elnur Aslanovun beynəlxalq aləmdə nüfuz sahibi olması durur. Şübşhəsiz, by mənim fikrimdir. Bakı Dövlət Universitetinin tozla duman arasında qalmasına da şübhəm qalmır. Akademik Abel Məhərrəmovun gedişindən sonra güclənən bu toz-duman içində bizlərdən dəstək gözləyən xanım alimlərimizin müdafiəsinə qoşulmaği, vətəndaş borclarımızdan birinə cevirməyimiz vacib deyilmi?!.

araz.az

Əlaqəli xəbərlər