"Araz" Media Qrupu və araz.az saytı kollektivlərinin dünya azərbaycanlılarına bayram təbriki

43CA8428 FC4E 4384 B87A B3BB5FC7A2DA

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları münasibəti ilə, planetin 5 qitəsinin ayrı-ayrı ölkələrində məskunlaşan və təqribi sayı 50 milyon nəfərdən çox olan həmvətənlərimizə, "Araz" Media Qrupu və araz.az saytı kollektivləri tərəfindən təbrik Müraciəti ünvanlanıb. Səmimi duyğuların ifadəsi olan bu Müraciətdə, öncə, keşməkeşli tariximiz boyu həmvətənlərimizin dünyanın müxtəlif ölkələrinə səpələnməsinin ağrılı səbəbləri açıqlanıb.

Sonra qeyd edilir ki, bu ciddi səbəblər ucbatından hazırda mühacirətdə yaşayan doğma Vətən, ata-ana, qardaş-bacı, el-oba həsrətli 10 milyon nəfərdən çox azərbaycanlının siyasi, iqtisadi və sosial-mədəni fəaliyyətləri də, yaşadıqları ölkələr, oradakı şərait, mənəvi-əxlaqi, dini dəyərlər kimi müxtəlifdir. Bu və digər çətinliklərə görədir ki, onlar bütün dövrlərdə problemlərlə üzləşib, doğma və yaxınlarına çözülməsi mümkün olmayan dərd-sər gətirib, ata-analarının gözlərini yollarda qoyublar: "Artıq dünyanın 80-dən çox ölkəsində yüksək səviyyədə qeyd olunan bu bayram isə, ayrı-ayrı ölkələrdə yaşayan soydaşlarımız arasında hərtərəfli əlaqələr qurmaq, həmrəylik yaratmaq işində mühüm rol oynayır. Bu bayram rəsmən qeyd olunduğu gündən, Azərbaycan dövləti daim xaricdə yaşayan azərbaycanlıların durumunu, problemlərini diqqətdə saxlayıb, onların birliyi, qarşılaşdıqları çətinliklərin həlli üçün lazımi addımlarını atıb, onların Vətənlə əlaqələrinin dərinləşdirilməsi və ümummilli məsələlərin həllində yaxından iştirakının təmin edilməsi istiqamətində irəli sürülən təşəbbüslərə dəstək verib. 

Həmvətənlərimizlə siyasi, iqtisadi, mədəni münasibətlərin genişlənməsinə geniş imkanlar yaradan bu əlamətdar günün qeyd edilməsi, bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilməklə, xalqımızın birlik rəmzi kimi də tarixə düşüb. Elə, buna görədir ki, xaricdə yaşayan soydaşlarımız da, qarşılarında Ermənistanın hərbi təcavüzü nəticəsində işğal edilmiş torpaqlarımızın azad olunması kimi mühüm bir məsələ dayandığını bilirlər. Bu problemin tezliklə həll olunacağına, torpaqlarımızın işğaldan azad ediləcəyinə ürəkdən inanan həmvətənlərimiz, dövlətimizin bu yöndən olan siyasətinin tezliklə həyata keçirilməsinə yaxından dəstək olmaq üçün, müxtəlif layihələr, tədbirlər, aksiyalar, görüşlər keçirməklə, fəaliyyət aktivliklərini gündən-günə daha da genişləndirirlər.
Planetin bütün qitələrində gedən mürəkkəb geosiyasi proseslərə, müasir dünyanın üzləşdiyi qlobal iqtisadi çətinliklərə, müxtəlif region dövlətlərini cənginə alan qanlı-qadalı müharibə və silahlı qarşıdurmalara, qaçqın və məcburi köçkün problemlərinə baxmayaraq, yalnız paytaxt Bakıda və Azərbaycanın ayrı-ayrı regionlarında deyil, bir çox xarici ölkələrdə 100 yaşını təntənə ilə qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan Azərbaycan Respublikasının qarşıya qoyduğu böyük məqsədlərə doğru inamla irəliləməsindən fəxarət hissi keçirən soydaşlarımız, ölkəmizin siyasi, iqtisadi, səhiyyə, təhsil, mədəniyyət sahələrində müsbət nəticələr əldə etməsində də fəal rol oynayır, ən müxtəlif sahələrdə icra etdikləri layihələrlə bu inkişafa böyük töhfələr verirlər".
Bayram təbrikinin sonunda, yaradıcı kollektivlərin əməkdaşları hər bir azərbaycanlını ayrı-ayrılıqda qarşıdan gələn Yeni il bayramı münasibətilə ürəkdən təbrik etməklə, bu xoş bayram günlərində onların hər bir xoş istək və niyyətlərinin Ulu Tanrı dərgahında qəbulunu və tezliklə gerçəkləşməsini diləyir, dövlətimizin əmin-amanlığı, tərəqqisi naminə etdikləri dualara həmrəy olduqlarını bildirir, doğma Vətəndə sülhün, əmin-amanlığın, qələbə sevincinin onların hər birinin əbədi nailiyyəti, birliyin, səadətin, xoşbəxtliyin, firavan həyatın, xeyir-bərəkət, ruzi dolu bol süfrələrin, sevinc dolu günlərin onların daimi qazancları olmasını aruzlayırlar: "Bu -- adətdir: Yola saldığımız hər ilin sonunda, istər sevinən, istərsə də kədərdən qovrulan hər kəsin arzusu, istəyi, diləyi olur. Qarşılayacağımız Yeni ildə Böyük Allahdan ilk diləyimiz odur ki, dərd icində qovrula-qovrula gözlərini qapıya dikib, kədərli hiss və duyğulardan rahatlıq tapmayan, övladının indicə evə girəcəyini gözləyən ata-analarımızı bu dözülməz ağrılar məngənəsindən xilas etsin! Bu, həm də Həmrəylik Bayramının yaranma ideyası və məramnaməsi ilə də, həmahənglik təşkil edərdi.
Mərhəmət sahibi Ulu Yaradandan digər bir istəyimiz odur ki, qarşıdan gələn yeni təqvim ilini yüksək könül xoşluğu düzənində rahatlıqla yola salmaqda və ən xoş niyyətlərinin təntənəsində hər bir azərbaycanlının yardımçısı olsun və bizlərə müharibəsiz və münaqişəsiz gözəl günlər bəxş etsin. Mütərəqqi tarixi ənənələrin, mənəvi-əxlaqi dəyərlərin qorunması istiqamətində böyük ruh yüksəkliyini, qardaş-bacılarımızı bir-birlərinə daha möhkəm bağlamaqda yorulmazlığı, milli köklərimizə sadiqlikdə sarsılmaz mübarizə əzmini, yüksək vətənpərvərlik, möhkəm cansağlığı, tükənməz həyat enerjisini, yüksək dözümü, səbri, təmkini bu gərgin dönəmlərdə hər kəsin ən böyük silahına, mübarizliyi, həmrəyliyi, bütövlüyü, mərhəməti, xeyirxahlığı hamının həyat amalına çevirsin!".

Əlaqəli xəbərlər