İstanbulda qarət edilən azərbaycanlı xanıma Türkiyə hüquq-muhafizə orqanlarının sayğısızlığı - ŞİKAYƏT

WhatsApp Image 2019-01-07 at 15.32.08.jpg
Əksini gördüyünüz bu şikayət xarakterli müraciətlərində də, iki il öncə səfər etdiyi İstanbulu gəzmək üçün şəhərə çıxarkən, iki soyğunçu tərəfindən qarət edilən həmin azərbaycanlı xanım başına gələn  olaydan danışır. Yazılanlardan görünür ki, Zaqatala rayonu, Əliabad qəsəbəsi, Şıxəli Qurbanov küçəsi, ev, 24 ünvanında qeydiyyatda olan və hazırda Bakı şəhərində yaşayan Zeynəb Ramazan qızı Həsənova, son ümid yeri olaraq, redaksiyalara üz tutub. Şikayətçi araz.az-a ünvanladığı müraciətində də qeyd edir ki, 24 oktyabr 2016-cı il tarixində baş verən bu hadisə zamanı üzləşdiyi müsibət barədə, indiyədək, iki qardaş ölkənin hüquq-mühafizə orqanlarının rəhbərlərinə, hətta Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinə dəfələrlə şikayət ərizələri göndərərək, soyğunçuların tapılması və ona dəymiş zərərin ödənilməsi üçün, onlardan kömək istəyib. Lakin istər Türkiyənin, istərsə də, Azərbaycanın aidiyyatı dövlət qurumları onun bu müraciətlərinə başdansovdu cavablar verməklə kifayətləniblər. 
         Əməkdaşımızla görüşən və başına gətirilənlərdən danışarkən şikayətçi xanım, narazılıqlarını belə ifadə edib ki, əlacsızlıqdan, yazılı mətbuat, internet resursları və sosial şəbəkələr vasitəsilə bu cinayət hadisəsini ictimailəşdirmək qərarına gəlib: "Ümumiyyətlə, bu hadisəni ictimailəşdirmək istəmirdim. Tam əmin idim ki, türk polisi hər şeyi yoluna qoyacaq. Çünki kiçik bizneslə məşğul olduğum üçün, Türkiyədə çox oluram. Orada da, özümü, doğma Vətəndə olduğum kimi hiss edirəm həmişə. İstəmirdim ki, bu hadisə qardaş ölkə adına xələl gətirsin. Bu səbəbdən, səbr və dözüm nümayiş etdirib, etdiyim şikayətlərin nəticəsini gözlədim. Lakin nəticə artıq göz qabağındadır...
         Özünüz deyin, Türkiyə vətəndaşının, özü də, bir türk xanımın başına Bakıda günün günorta çağı belə bir oyun açılsaydı, bu xəbərin başlığı, türk mətbuatının ana səhifəsində manşetə çıxarılmazdı?!. Mənimtək naəlac yüzlərlə vətəndaşımız barəsində yazı dərc etməklə, material yayınlamaqla onların müdafiəsinə qalxıb, köməyinə çatan yazılı və elektron mətbuatın, yəni qəzet, sayt və xəbər portallarının əməkdaşlarına hörmət və inamım böyük olduğundan, son anda, mən də onların köməyinə ehtiyac duydum".
           Şikayətçi sonra, göstərilən tarixdə, Türkiyə vaxtı ilə səhər saat 10 radələrində, İstanbulun Topqapı deyilən ərazisində qaldığı "Nazotel"dən çıxıb, yaxınlıqdakı "Laləli" ticarət mərkəzinə gedərkən başına gələnlər barədə danışıb. Bildirib ki, bu zaman iki nəfər arxadan ona yaxınlaşıb. Gediş-gəlişin də çox olduğu bu yerdə, soyğunçular heç nədən çəkinmədən, çantasını onun əlindən qoparmaq üçün, güc tətbiq edərək, onunla əlbəyaxa olublar. Sonda çantanın tutacağı qırılıb və cinayətkarlar, bir-birlərindən ayrılaraq, başqa istiqamətlərə qaçaraq, aradan çıxıblar. Stressdə olmasına baxmayaraq, xanım qarətçiləri təqib etməyə başlayıb və onlardan biri ilə üz-üzə gəlib. Lakin ona nəsə etməyə gücü çatmayıb. 
          Zeynəb xanımın dediyinə görə, qarətçilər qaçan istiqamətdə müşahidə kameralarının olduğunu bilib. Tam əmin olub ki, cinayətkarların bütün hərəkətləri kameraların yaddaşında olub. Hətta, bu barədə, olaydan dərhal sonra şikayət diləkçəsi yazdığı Kumqapı ərazisindəki polis məntəqəsinə də məlumat verib. Polislər onunla bərabər, kamera çəkilişlərini almaq üçün, hadisə baş verən əraziyə gəliblər. Polisin iştirakı ilə, kamera qeydləri götürülüb.  Kamera görüntülərində də, xanım onu soyanları tanıyıb və polislərə göstərib. Təkrar yazdığı izahatıyla bunu təsdiqləyib də. Bundan sonra, polislər ona ürək-dirək verib, arxayın etmək istəyiblər ki, narahat olmasın. Cinayətkarlar tezliklə yaxalanacaq və ona dəymiş ziyan ödəniləcək. 
        Hotelə geri dönən Zeynəb xanım nə edəcəyini bilməyib. Çünki çantasındakı 1200 dollar və 120 Türkiyə lirəsi pulunun, son model bahalı "Samsung" markalı əl telefonunun, pasportunun, eləcə də özünə aid digər qiymətli əşyalarının aradan çıxarılması, onu bərk narahat edib.
       Hadisədən üç gün sonra, Zeynəb xanım səhər saat 9 radələrində həmin hotelin yaxınlığında soyğunçulardan birini görüb. Özündən çox arxayın görünən oğruya heç nə edə bilməyib. Hotelə gələrək, polisin ona verdiyi Kumqapı polis məntəqəsinin telefonuna zəng edərək, onları məlumatlandırmaq istəyib. Lakin polisin bu dəfəki cavabı onu şoka salıb. Polislər ona deyiblər ki, zəng etmək əvəzinə, polis məntəqəsinə gəlməsi, əməliyyatçılarla bərabər, gedib onu tutması daha yaxşı olardı. Xanım isə, deyib ki, soyğunçu orada oturub, polisi gözləməyəcəkdi ki... Türk polisi açıq-aşkar bildirib ki, onlar belə işləyirlər. Bu barədə kimə istəsə şikayət edə bilər.
       Bu olayın istintaqı indiyədək nəticəsiz qalıb. Qarət olunan xanım isə deyir ki, İstanbul polisləri cinayətkarları yaxşı tanıdıqlarından, onları tutub, məsuliyyətə cəlb etmək, ona vurulmuş ziyanı ödətmək istəmirlər. Belə görünür ki, onlar birgə işləyir, bu ərazidəki hotellərdə qalan imkanlı xarici qonaqları soyğunçulara onlar nişan verirlər. Belə olmasaydı, heç olmasa, bu qədər yazışmaya İstanbul polisi tutarlı bir cavabsa yazardı. 
       Bu olay zamanı cinayətkarların ona ciddi bədən xəsarəti yetirə, hətta öldürə biləcəklərini də ehtimal edən Zeynəb xanım onu da deyib ki, bütün deyilənlərə baxmayaraq, türk əmniyyətçiləri bu təhlükəli insanları qəsdən tutmaq istəmirlər: "Bu yaxınlarda da Türkiyədə oldum. Polisdən yazdıqlarıma cavab istədim. Mənə yenə başdansovdu cavablar verildi. Məni tanıyanlar isə, dedilər ki, özümü yormayım. Belə hadisələr çox olur bu yerlərdə. Polis soyğunçuları tutmaq əvəzinə, onları daha böyük qarətlərə ruhlandırır. Belə olmasaydı, soyğunçular ictimaiyyət arasında qorxub-çəkinmədən, arxayınlıqla gəzə bilməzlər".
        Türk polisi haqqında deyilənlər təəssüfləndirici olsa da, əlimizdəki sənədləri Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfirliyinə göndərməkdən başqa əlacımız qalmadı. Bəlkə, umidi hər yerdən üzülən Zeynəb Həsənovanın köməyinə səfirlik çata bildi...
 
 
Məhi ELSEVƏR, 
araz.az-ın xüsusi müxbiri. 

Əlaqəli xəbərlər