"Abşeron - A1" MTK vətəndaşın 127 min pulunu alıb: Ortada nə mənzil var, nə də...

WhatsApp Image 2019-01-09 at 12.45.101010.jpg

Kooperativ sədri deyir ki, iddiaçını ömrünün axırına kimi məhkəmələrdə süründürəcək

İcra məmurları da, Azərbaycan Respublikası adından verilən məhkəmə qərarlarını icra etmək istəmirlər

 Tikinti kooperativi tərəfindən Xaçmaz rayon, Köhnə Xaçmaz kənd sakini Axund Nəsrəddin oğlu Əliyevin başına açılan oyun Azərbaycanda yeganə deyil. Belə tükürpədici faktlar sensasion xarakterli olsa da, mətbuat üçün artıq adiləşib. Çünki vətəndaşları pis günə qoyanların sırasında, tikinti ilə məşğul olan özəl qurumlar çoxdan öndə gedirlər. Bir vaxtlar, pis əməl sahibi olan belə tikinti şirkətləri ictimaiyyətin qınaq obyektinə çevrilsələr də, indi vəziyyət bambaşqadır. Bu səbəbdən ki, müxtəlif yollarla əhalinin pulunu mənimsəyən yalançı şirkətlərin sayı yüzlərlə, aldadılanların sayı-hesabı isə, yox dərəcəsindədir.


2009-cu ildən fəaliyyət göstərən "Abseron -- A1" Mənzil - Tikinti Kooperativi də, belələrindəndir. Saxtakarlıq, maxinasiya, dələduzluq, aldatma yolu ilə pul qazanıb, varlanmaq həvəsi bu qurum rəhbərlərinin də gündəlik adi işlərinə çevrilib. Belə olmasaydı, onlar Axund Əliyevi belə bir müsibətə düçar etməz, çoxdan şəxsi mənzil arzusunda olan sadə bir kəndli ailəsini məhkəmələrdə süründürməzdilər. Dəhşət ondadır ki, ortada Xaçmaz və Abşeron rayon, Sumqayıt Apellyasiya məhkəmələrinin və Ali Məhkəmənin Mülki Kollegiyasının Axund Əliyevin lehinə Azərbaycan Respublikası adından verdikləri 10-a yaxın qərar, qətnamə və qərardadları olsa da, əliyevlər ailəsi, düz 6 ildir ki, həsrətində olduqları halal mənzillərinin sahibi ola bilmirlər. Halbuki, bu xoşagəlməz iş məhkəmə predmeti olanadək, MTK-nın sədri Ağamoğlan Dumanoğlu (Ağayev) və kooperativin Bakir adlı əməkdaşı, müxtəlif şirnikləndirici təklif və vədlərlə, ailə başçısının düz 127.000 manat pulunu ondan qoparmaqda çətinlik çəkməyiblər.
Axund Əliyevin araz.az saytına ünvanladığı şikayət məktubundan məlum olur ki, adıçəkilən tikinti qurumunun 2013-cü ildən üzübəri əliyevlər ailəsinə vurduğu maddi və mənəvi ziyan ölçüyəgəlməz və təəssüfləndiricidir: "Həm bu səbəbdən, həm də aldadıldığımı bildikdən sonra, ailə başçısı olaraq, mən, 2015-ci ildə mənə və ailəmə dəymiş həmin ziyanların əvəzinin kooperativ tərəfindən ödənilməsi üçün, Abşeron rayon Məhkəməsinə üz tutdum. İddia ərizəmdə bu aldatma prosesinin bütün detallarını tam təfsilatı ilə izah edib, bildirdim ki, 2013-cü ildə «Abseron - A1» MTK-nın Xırdalan şəhəri, Heydər Əliyev prospekti, ev, 1 ünvanında tikintisini həyata keçirdiyi yaşayış binasının 1-ci girişinin 2-ci mərtəbəsindəki ümumi sahəsi 90,25 kvadratmetr olan 14 saylı 2 otaqlı mənzili 49637 (qırx doqquz min altı yüz otuz yeddi) manat nağd pul ödəməklə aldım. MTK-nın ofisində mənə vəd edildi ki, 2014-ci ilin yaz aylarında mənzilim yaşayışa hazır olacaq və tam təmir edilmiş şəkildə mənə təhvil veriləcək. Bu barədə, kooperativlə aramızda bağlanmış müqavilənin, ödəmə qəbzlərinin, eləcə də digər sənədlərin surətlərini də ərizəmə əlavə etdim".
İddiaçı redaksiyamıza göndərdiyi məktubunda onu da bildirir ki, deyilən vaxt gəlib çatsa da, mənzili ona təhvil verilməyib. Xəstə və 2-ci qrup əlil olduğundan, kooperativin ofisinə gəlib-getməkdən bezib. MTK-nın bu işə məsul vəzifəli işçiləri isə, aydan-aya vaxtı uzatmağa başlayıblar: "Dəfələrlə aldadıldığıma və bu işdə süründürməçiliyə yol verildiyinə görə, səbrim tükəndi və məhkəməyə müraciət etdim. Abşeron rayon Məhkəməsinin çıxardığı 2(012)-3833/2015 saylı, 22 sentyabr 2015-ci il tarixli qətnamə mənim xeyrimə oldu. Bu qətnaməyə əsasən, qeyd olunan mənzilin və həmin mənzilə dair zəruri sənədlərin (texniki şərt, mənzilin açarları və sair) mənə təhvil verilməsi qət olundu. Buna baxmayaraq, mənzilim yenə mənə təhvil verilmədi. Bundan sonra, MTK rəhbəriliyi vaxtı uzatmaq məqsədi ilə, uduzacaqlarını bilə-bilə və mənzilimi mənə təhvil verməmək üçün, qəsdən məhkəmələrə etiraz müraciətləri göndərdilər. Artıq neçə ildir ki, bu minvalla onlar süründürməçilik edirlər. Onlardan mənzilimi mənə təhvil verməyi xahiş edəndə isə, Bakir və Ağamoğlan adlı şəxslər gülərək, istehza ilə deyirlər ki, ömrümün axırına kimi məni məhkəmələrdə süründürəcəklər. Deyəsən, belə də olacaq: Aşağı və yuxarı instansiya məhkəmələrində xeyrimə 10-a yaxın qərar, qətnamə və qərardad qəbul edilsə də, indiyədək mənzilimi təhvil ala bilməmişəm. Hər bir hakim də, onların istəyi ilə, əllərindəki işi bir neçə ay qəsdən yubatmağa çalışır. Məhkəmə icraçıları da, məhkəmə qərarlarını icra etməyə həvəsli deyillər. Sanki onlar kimdənsə çəkinirlər. Xırdalandakı tanışlarım isə, mənə deyirlər ki, "Abşeron - A1"-in aldatdığı mənim kimi vətəndaşların sayı yüzlərlədir. Bu tikinti şirkəti yuxarılarda oturanlara bağlı olduğundan, rəhbərliyi heç kimdən, heç nədən qorxub-çəkinmir. Bu səbəbdən, icra məmurları da işin icrasını həyata keçirə bilmirlər. Təbii ki, belə olmasaydı, kooperativ sədri Dumanoğlu da, özünün dumanlı sözləri ilə aldadılan vətəndaşları stressə salmazdı.
Göründüyü kimi, bütün bunlar sübutuna ehtiyac olmayan süründürməçilik faktlarıdır. Lakin MTK rəhbərliyi öz istədiyi kimi işləyir, bəd əməllərindən çəkinmirlər. Cavabdehlərin belə hərəkətləri, məhkəmə qarşısında qorxub-çəkinmədən böyük oğluma hucum etmələri ciddi qanun pozuntusu, utancverici hərəkətlər idi. Təəssüf ki, onların bu cinayətləri də cavabsız qaldı. Onu da deyim ki, məhkəmədə hücuma məruz qalıb, təhqir olunduğundan oğlum hirsindən uzun zaman stressdə olub və paraliç keçirib. Uzun zaman müəllim işləmiş 2-ci qrup əlil, yüksək qan təzyiqi olan ağır xəstə adam olaraq, mənim özüm də, bu işdən ciddi əsəb sarsıntısı keçirməklə, müalicə almışam. Halal mənzil aldığım halda, ehtiyat pulumdan başqa, pensiyamı da bu illər ərzində Bakı şəhərində kirayələrə, məhkəmələrə gedib-gəlmək üçün yollara, xəstəxanalarda müalicələrə və apteklərdən dərmanlar almağa xərcləmişəm.
Cavabdehlərin belə qanunsuz hərəkətləri nəticəsində mənə və ailə üzvlərimə böyük məbləğdə maddi və mənəvi ziyanlar dəyib. Onlar vəd etdikləri vaxtda mənzili mənə təhvil vermədiklərinə görə, 5 ildən çoxdur ki, ayda 300-500 manat arası olmaqla, 18000 manat məbləğində nahaqdan kirayə haqqı ödəməklə, Bakı şəhərində ailəmlə birlikdə yaşamışam. Kirayə haqqına Bakıda işləyən oğlumun özunun də 10 min manata yaxın pulu xərclənib. Bundan başqa, böyük oğlumun və özümün müalicəmizə təxminən 5000 manat, bu illər ərzində yol və məhkəmə xərclərinə təxminən 3000 manat pul xərcləmişəm. Mən mənzili Azərbaycan manatı ilə alanda, ABŞ dolları 0,78 qəpik idi. Hazırda isə, ABŞ dolları 1 manat 71 qəpikdir. Mənzilimi heç bir səbəb olmadan mənə təhvil vermədiklərinə görə, belə çıxır ki, mənim pulumu "aborota buraxıblar". Əvvəlcədən məqsədləri də, məndən 49637 manat pulumu qopartmaq olub. Lakin rnən bunu başa düşməmişəm. Həmin vaxt onların özləri də mənə demişdilər ki, nə yaxşı ki, gəlmişəm, armatur və sement almağa pulları çatmır. Belə haqsızlıq, Dumanoğlunun dumanlı sözlərinə haqq qazandırmaq olarmı?! O vaxtlar 49637 manatı 0,78 qəpiklə hesablayanda, bu, 63637 dollar və onu da manata çevirəndə, bu isə, 127000 manat edirdi. Deməli, ödədiyim 49637 manatdan əlavə, ümumilikdə, hesablasaq, mənə dəymiş maddi ziyan, pulun ABŞ dollarına nisbəti olaraq, 127000 manat edir. Mən bu məbləği, ya da hallal mənzilimi "Abşeron - A1"-dən almaqda tam israrlıyam. Başqa əlacım da yoxdur. Kirayə haqqı ödəməkdən, müflis olmuşuq...".

 

Məhi ELSEVƏR,
araz.az

Əlaqəli xəbərlər