Əmlak Xidmətləri Məkanının rəhbəri Prezident İlham Əliyevin göstərişlərinə məhəl qoymur, onun tapşırıqlarına adekvat addımlar atmır - İddia

A67F4F99 0F2C 4A5C 9507 4020A3554332

Arazmedia.az-ın redaksiyasına indicə daxil olan bir şikayət məktubunun məzmununu hörmətli oxucularımıza təqdim edirik.

Natella Məmmədova adlı müəllimə yazır ki, 2011-ci ildə Bakının Türkan qəsəbəsində, dişiylə, dırnağıyla, güc-bəla pul toplayaraq, aldığı üç sot həyətyanı torpaq sahəsinə çıxarış (kupça) ala bilmir ki, bilmir. Belə ki, "Asan Xidmət" onu Əmlak Məsələləri Dövlət Komitəsinin balansında fəaliyyət göstərən, Xəlil Rza Ulutürk 20 ünvanında yerləşən, "Əmlak Xidmətləri Məkanına" yönləndirib. Elə qara günləri də oradan başlayıb yetmiş yaşlı müəllimənin, Əsl Azərbaycan Anasının...

Umduqları "şirinliyi" vermədiyinə görə, nə onun sənədlərini qəbul etmirlər, nə də ki, onun özünü rəis qəbul etmir. Halbuki. onun bütün sənədləri tam qaydasındadır. Əks təqdirdə, 2011-ci ildə dövlət notariusu tərəflər arasında alğı-satqı müqaviləsi bağlamazdı. Məsələ ondadır ki, Əmlak Xidmətləri Məkanının "mütəxəssisləri" iddia edirlər ki, guya Natella xanımın alğı-satqı ilə aldığı 3 sot torpaq sahəsinin "bölgü planı" yoxdur. Lakin redaksiyamıza təqdim edilən sənədlər arasında, notarial qaydada təsdiqlənmiş həmin bölgü planı da var...

Bir aydır "Asan Xidmət"-lə,"Əmlak Xidmətləri Məkan"-ı arasında yollarda qalıb ahıl qadın.

18 mart 2019-cu il, səhər saat 11:00- dan axşamçağı saat 16:00-a kimi məkanın rəisi Rəşad "müəllimin" qəbuluna düşmək "arzusu" yenə də xanımın ürəyində qalıb. Yerində tapılmayan rəis, gələndən sonra da, haqlı vətəndaşı qəbul etməyib. Resepşinlər və mühafizə xidmətinin əməkdaşları rəisin adından qərar veriblər ki, "rəisin vaxtı yoxdur".

Görəsən, rəis Rəşad bəy nə üçün Prezident İlham Əliyevin ciddi göstərişlərinə əməl etmir?

Axı, CƏNAB PREZİDENT AZ QALA HƏR DƏFƏ ÇIXIŞLARINDA XÜSUSİ İLƏ VURĞULAYIR Kİ, "MƏMUR XALQIN XİDMƏTÇİSİDİR, ŞƏXSƏN MƏN PREZİDENT OLARAQ, XALQIN BİRİNCİ XİDMƏTÇİSİYƏM".

Görəsən, rəis kimə və nəyə güvənərək belə "özbaşınalıq" edir? Görəsən, Rəşad bəy anlamır ki, o idarə şəxsi deyil, dövlətindir? Düşünürük ki, komitə sədri Kərəm Həsənov Rəşadın bu özbaşınalıqlarından xəbərsizdir. Hər halda zaman göstərəcək ki, sədr sonra qanuni tədbir görəcək ya yox?...

Əməkdaşımız bu şikayət əsasında məqalə hazırlayarkən, jurnalistika kodeksinə, etikasına uyğun olaraq, Natella anayla telefon əlaqəsi də yaradıb. Söhbət əsnasında Natella xala, nəsə dodağının altında "kül başınıza, guya ölsəydiniz nə olacaqdı ki" kimi sözlər işlədib. Müxbir ondan nə danışdığını, nə üçün deyindiyini soruşub. Şıkayətçi ana, "heç ay oğul, oğlanlarımın arxasınca deyinirəm. Bir oğlum 1-ci qrup Qarabağ əlilidir, o biri oğlumsa müharibə veteranıdır. Deyirəm ki, siz kimə və nəyə görə döyüşüb, yaralanıb üstümə gəlmisiniz ki, indi də sizin haqlı ananızı rəşadkimilər qəbul etmirlər".

Qeyd edək ki, Natella Məmmədova Ali Dərəcəli müəllimədir. O, nə az, nə çox, ömrünün düz 40 ilini Azərbaycan vətəndaşlarının,övladlarının savadlanmasına, maariflənməsinə həsr edib!

Sonda Natella Məmmədova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-pprezident Mehriban Xanım Əliyevaya da qarşılaşdığı haqsızlıqla bağlı şikayət edəcəyini deyib.

Redaksiyadan: "Cənab məmurlar elə etmək lazımdır ki, Azərbaycan Oğulları 2-ci Qarabağ Savaşından sonra öz analarının da, Natella Ana kimi qapılardan qovulacağını düşünməyərək, torpaqlarımızın müdafiəsinə qalxsınlar.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Elvin Baxış

Arazmedia.az

Əlaqəli xəbərlər