"HƏMRƏYLİK" QRUPUNA DAXİL OLAN DİASPOR TƏŞKİLATLARI PREZİDENTƏ MÜRACİƏT ETDİ

Həmrəylik.jpg

Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarına

Surəti: Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya

Hörmətli cənab Prezident! Çox hörmətli Mehriban xanım!

Öncəliklə, diqqətinizə çatdırırıq ki, uzun müddətdir ictimai sahələrdə təcrübəsi olan, Rusiyanın müxtəlif regionlarını əhatə edən təcrübəli, vətənsevər diaspora təşkilatları “Həmrəylik” qrupu yaratmışlar. Qrupumuza daxil olan diaspora rəhbərlərinin dünyanın müxtəlif bölgələrindəki diasporalarla sıx əlaqələri vardır. Onların hamısı milli dövlətçiliyimizin qorunmasında, milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin, tariximizin, ədəbiyyatımızın təbliğində, dövlət rəmzlərimizə məhəbbət və etiramın yüksəldilməsində və təbliğində böyük təcrübəyə malikdirlər. Sevindirici haldır ki qrupumuzdakı diaspor təşkilatları vətənimizin sabitliyi naminə təmənnasız xidmət edir, xalqımıza və dövlətimizə qarşı xarici və daxili düşmənlərimizin provokasiyalarının, fitnə-fəsadlarının qarşısının alınmasında xüsusi rol oynayırlar. Bu istiqamətdə görülən bir çox işlərin mətbuatda işıqlandırılmasını məğbul saymadığımıza görə KİV-lərə ayaq açmasına qadağa qoyuruq. Sizin şəxsi tövsiyələriniz qrupumuzun gücünün daha da artmasına səbəb olar və qısa müddətdə dünya Azərbaycan diaspor təşkilatlarının vətənimizin, dövlətçiliyimizin maraqlarına xidmət etməsinə nail ola bilərik. Həm də bu yöndə əlaqələrimizdən istifadə edərək başqa millətlərin və təşkilatların güclərinin istiqamətləndirilməsinə nail ola bilərik. Onu da diqqətinizə çatdıraq ki, yaratdığımız “Həmrəylik” qrupuna daxıl olan diaspora təşkiltaları “Ulduz” xəstəliyinə tutulmuş “seçilmişlər” deyil, bütün təzyiqlərə məruz qalaraq Prezidentimizi, dövlətimizi və xalqımızı seçmişlər. RF, Ukrayna, Özbəkistan, Qırğızıstan, Qazaxıstan və digər dövlətlərdəki diaspor təşkilatlarımız, Sizin, Azərbaycanımızın layiqli təbliğatını aparan əzmli dayaqlarıyıq. Biz, “Həmrəylik” qrupunu Prezidentimizi, dövlətimizi, xalqımızı, vətəni vətən üçün, iddiasız sevənlərdən ötrü yaratmışıq. Həmin qrupa təsadüfü diaspor təşkilatlarını qəbul etmirik. Gördüyümüz işlər haqqında çox şeylər sadalaya bilərik. Qrupumuza daxil olan diaspora təşkilatlarımızın ayıqlığı sayəsində RF Stavropol vilayətində Azərbaycanlı-çeçen dostluğuna qarşı yönəlmiş böyük bir erməni təxribatının qarşısı alındı. Gördüyümüz bir çox işləri, əks-təsiri olacağını düşünərək mətbuatda işıqlandırmasına yol vermirik. Biz, “Həmrəylik” qrupu üzvləri güclüyük. Güclü olduğumuz qədər də Prezidentimizə, dövlətimizə, xalqımıza sadiqik. Bizə kiçik bir dəstəyiniz olsa ən çətin işin öhdəsindən gəlməyə qadir olarıq. O zaman bizim qarşımızda nə Azərbaycana qarşı təhqirlər yağdıranlar, nə də Azərbaycanı sevməyən, Amerika, Avropa senatları tab gətirə bilər. Biz həmişə Prezidentimizə, dövlətimizə, xalqımıza ictimai dəstəyi nümayiş etdirmişik. Amma bəzən ictimai dəstəyin də köməyi azlıq edir. Bu baxımdan daha böyük vasitələrə əl atmaq lazım olur. Doğrudur, bizim də müəyyən problemlərimiz vardır. İstərdik ki həmin problemləri sizinlə birlikdə dəyirmi masa arxasında əyləşib müzakirə edək.Güman edirik ki həmin görüş, qrupumuzun üzvlərinə yeni stimul və ideyalar verəcək, Azərbaycanımıza qarşı, Prezidentimizə qarşı yönəldilən bütün hörmətsizliyin, təxribatların qarşısı, təxribatı törətmək istəyənlərin kimliyindən asılı olmayaraq qətiyyətlə alınacaqdır.

Cənab Prezident, Hörmətli Mehriban xanım, Ali səlahiyyətinizə güvənərək, xahiş edirik “Həmrəylik” qrupunun üzvləri ilə, sizə münasib bir gündə dəyirmi masa arxasında görüş təşkil edəsiniz. Güman edirik ki həmin görüş apardığınız diaspor siyasətinin tərkib hissəsi olacaq, Azərbaycanımıza, Prezidentimizə, daha da böyük uğurlar gətirəcək və Qrup üzvlərimizin üzərinə əlavə öhdəliklər qoyacaq.

araz.az

Əlaqəli xəbərlər