HƏLƏ ÜMİD VAR. ...

Ferhad Eliyev

Və yenə də Qarabağ haqqında

Azərbaycanlı, Rusiyanın məşhur iş adamı və xeyriyyəçisi, milyarder Fərhad Əhmədovun “Exo Moskvı” radiosunun internet saytında 18.05. 2019-da dərc edilmiş məqaləsi oxuculara təqdim edilir.

“Azərbaycan və Ermənistan arasında münaqişə 30 ildən çox davam edir. Əvvəl müharibə, daha sonra atəşkəs. Əsrin dörddə biri qədər uğursuz danışıqlar. Vasitəçilik prosesini imitasiya edən diplomatlar və siyasətçilər artıq qocalmağa imkan tapıblar, onların sponsorları isə özlərinə bütün düşünülən siyasi dividendləri və "sülhməramlılar" imicini qazanmışlar.

İndi də heç nə yerindən tərpənməyib. Bu arada, həll edilməmiş konfliktin qiymətini sayğac getdikcə daha çox fırladır: tərəflər silahlanmaya milyardlarla dollar sərf edirlər, əsgərlərin təmas xəttində qanı və onlara ağlayan anaların göz yaşları tökülür, daha çox uşaqlar əcdadlarının torpaqlarından və məzarlarından kənarda doğulur və qarşılıqlı nifrət qəlbləri zəhərləməyə davam edir.

Biz keçmişdə boğulub qaldığımız müddətcə, dünya dəyişir, yeni bir dövrə daxil olur. Sürətlə görkəm dəyişən qlobal inkişafın, yeni çağırışlar və fürsətlərin fonunda Qarabağ münaqişəsi, bizim xalqlarımızın dünya inkişaf tempini tutmağına mane olan keçid dövrünün qalıqları kimi görünür. Bununla belə, Azərbaycan bu geriqalmanı kompensasiya etmək üçün resurslara malikdir, amma Ermənistan üçün bu, ölümcül ola bilər. Ömür boyu əbədi olaraq coğrafi izolyasiyada, real görünməyən sərmayələrsiz və əsaslı xarici iqtisadi əlaqələrsiz, yalnız beynəlxalq kreditlər, diasporanın köməyi ilə yaşamaq və "Dağlıq Qarabağ Respublikası" adlı, əl tutacağı olmayan bir çemodanı sürükləmək üçün yaxa cırmaq mümkün deyil. Durgunlaşma gündəmdədir, gələcəkdə isə - aşınma və sönmə var. Gələcək yoxdur ...

Nəticə çıxarmaq lazımdır. Əgər tezislər şəklində ifadə etsək, onlar şəxsən mənə bu cür görünür:

• Bizdən başqa heç kim sülhə nail ola bilməz. Yalnız biz - özümüz.
• Aramızdakı sülh- bizim birgə məsuliyyətimiz və vəzifəmizdir. Biz özümüz ona nail olmağı istəməliyik və özümüz hərəkətə başlamalıyıq.
• Hamı - dövlət başçılarından tutmuş, siyasətdən uzaq sadə adamlaradək, sərhədlərin hər iki tərəfində - qarşıdurmanı dayandırmaq və sülhə doğru getmək üçün psixoloji və praktiki zəmin hazırlamağa borcluyuq və yaranmış dalandan çıxmaqdan ötrü mümkün olan hər şeyi etməliyik.

Beləliklə, birbaşa danışmaq və razılaşma əldə etmək lazımdır. Uzun illərdir ki, mən bu nəqarəti təkrarlayıram - başqa heç bir variant yoxdur və olmayacaq.
Amma, bilmirsən kimlə danışasan və razılaşasan? Buna bir aydınlıq gətirmək lazımdır. Əslində, məhz bu məni yazmağa istiqamətləndirdi.

İyirmi ildir ki, “Qarabağ klanı” Ermənistanda hakim idi. Onun liderləri danışıqlara meylli deyildilər, ilk növbədə, vaxt məhdudiyyəti olmayan cinayətləri - müharibə, etnik təmizləmə və digər müharibə cinayətlərini başlatdıqlarını dərk edib, məsuliyyət daşıdıqlarına görə. Bu "müharibə partiyası" həmçinin Ermənistana da işğal olunmuş ərazilər kimi yanaşdı, onu faktiki olaraq özəlləşdirdi və əvəzinə "mühasirəyə alınmış qala" sindromunu cəmiyyətdə yaymağa başladı.

2018-ci ilin dramatik hadisələri Ermənistanda rejim dəyişikliyinə gətirib çıxardı. Yeni rəhbərliyin hakimiyyətə gəlməsi yalnız ölkədə deyil, onun sərhədlərindən kənarda da ümid yaradırdı. O cümlədən, özlərini bəşəriyyətə qarşı cinayətlər törətməklə ləkələməyən yeni liderlərin nizamlama prosesini ölü nöqtədən tərpətmək realizminə ümid edən.., Azərbaycanda da.

O zamandan bəri bir il keçib. Vəziyyəti sözlərlə deyil, əməllərlə qiymətləndirmək zamanı gəlib. Ancaq indiyə qədər yalnız sözlər səslənir. Üstəlik, Ermənistan rəhbərliyinin son ritorikası yenidən münaqişənin həll prosesini geri atır. Mən Baş nazir N. Paşinyanın son bəyanatları haqqında deyirəm. Onların mahiyyəti: Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarını geri qaytarmağa hazırlaşmır; bundan başqa, güc və yaranmş status-kvodan çıxış edərək, danışıqlar aparmaq üçün yeni ərazilərin tutulma ehtimalı istisna edilmir. bundan əlavə, baş nazir tanınmayan "Dağlıq Qarabağ Respublikası" nın danışıqlar prosesinə qaytarılmasının vacibliyini bildirib.

Bu bəyanatı, yaranmış reallıqların qeyri-adekvat dərki və münaqişə tərəflərinin hərbi balansını əks etdirən populist ritorikası hesab etmək olar. Amma cənab Paşinyan heç bir siyasi dalğanın üstündə təsadüfən yüksəlmiş bir diletant deyil. O öz komandası ilə birgə atdığı çoxgedişli kombinasiyanın yekununda, ən güclü mövqedə olmasalar da, nəticədə Ermənistanın lideri oldu. Danışıqlar zamanı öz mövqelərini möhkəmləndirmək, motivindən asılı olmayaraq, onun bu bəyanatları yalnız nəticəsiz deyil, həm də həqiqətən təhlükəlidir. O cümlədən Ermənistanın özü üçün də. Özünün danışıq mövqelərini möhkəmləndirmək məqsədilə özgə əraziləri işğal etmək haqqında bəyanatı, şantajı və ya onları sülhə dəyişmək, bununla da yaranmış hərbi-siyasi reallığı görməməzlikdən gəlmək- bu bir şüşədə toplanmış sinizmidir, blefdir və uyğunsuzluqdur. Və əslində - "kazus belli"( yəni müharibə elan etmək üçün formal bəhanə-tərcümə).

Xüsusilə belə bir aspektə toxunuram. Paşinyana görə sülh mübadiləsi üçün ələ keçirmək niyyətində olduğu ərazilərin əhalisinin taleyi necə olacaq? Onun strateji hesablamalarında bu nəzərə alınmır – bir söz belə yoxdur. Son onilliklərin kədərli təcrübəsi göstərir ki, məsuliyyətsiz bəyanatlar və cəzasız hərəkətlər arasındakı məsafə, Bosniyadan Ruandaya qədər, çox kiçik ola bilər. Və onun son dayanacağı Haaqa( beynəlxalq hərbi tribunalın yerləşdiyi şəhər) şəhəri son dayanacağı ola bilər.
Düzünü deyim ki, ilk günlər mən, bəşəriyyətə qarşı cinayət törətdiyinə, ilk növbədə işğal olinmuş ərazilərdə etnik təmizləmə apardığına görə, Ermənistanda özünü diskreditasiya etmiş Koçaryan və Sarkisyan hərbi –cinayətkar rejimini əvəz edən yeni dalğanın hakimiyyətə gəlməsini pozitiv qəbul etdim. Mən inanırdım ki, erməni cəmiyyətindən etimad mandatı alan və "Qarabağ klanı" tərəfindən ona miras qalmış “ Avgi tövləsini” həqiqətən də təmizləməsinə başlayan Paşinyan, Azərbaycanla münaqişənin həllində yeni bir kurs götürəcək. Təəssüf...

Tanınmayan Dağlıq Qarabağın danışıqlara qoşulması ilə bağlı hissəyə diqqət edək. Bu, beynəlxalq səviyyədə tanınmış təcavüzkarlıq aktını "əzabkeş azlıqların" milli öz müqəddəratını təyin etməsinə çevirmək üçün bir hiylə deyilmi? Məgər Qarabağ ermənilərinin danışıqlar masasına çıxarılması Ermənistanın təcavüzkar olduğu faktı gizlədə bilərmi? Heç kim tərəfindən tanınmayan psevdo “dövlətin” nümayəndələrinin statusu nə olacaq? Qarabağ erməniləri - dövlətə qarşı silahlı üsyan başlayan, Azərbaycan və Ermənistanın beynəlxalq danışıqlarında üçüncü tərəf ola bilməyən Azərbaycan vətəndaşlarıdır. İrəvanın bu kartı oynaması alınmaz. Nədən qəsdən gündəmə reallaşmayan ideyalar təklif olunur? Yeri gəlmişkən, bununla əlaqədar başqa bir sual var. Paşinyanın sözlərinə görə, Qarabağ erməniləri prosesdə bərabər iştirakçı olmalıdırsa, onda niyə Azərbaycan icmasının nümayəndələrinin iştirakı üstündən sükutla keçilir? Bu barədə onun kəlməsi də yoxdur.

Belə çıxır ki, Ermənistanın yeni rəhbərləri danışıqlarda tərəfdaş kimi hələ yetişməyiblər. Buna maneə olan səbəblər çoxdur, o cümlədən qeyri-sabit daxili mövqelər, hərbi-siyasi xunta”DQR” tərəfindən və xarici diaspora tərəfindən təzyiqlər, köhnə rejim revanşistlərinin təzyiqi manevr üçün meydanı daraldıb. Görünür ki, Ermənistanın keçmiş rəhbərliyinin münaqişənin həll yoluna getmə imkanları olub, amma arzuları olmayıb, indikilərin isə əksinə, arzuları var (heç olmasa, buna ümid etmək istəyirəm), amma imkanları yoxdur.

Ancaq Azərbaycan Ermənistanın daxili problemlərinin əbədi girovu ola bilməz! Zaman, konfliktin obyekti olanda geri dönmədən keçmişdə qalıb; o indi subyektdir və bu danılmaz fakt görünür, hələ də erməni elitası tərəfindən qəbul edilməmişdir. Nahaq yerə! Biz əbədi olaraq gözləyə bilmərik!
Və burda iki dilemma yaranır-biri Ermənistan üçün, o biri Azərbaycan üçün
Ermənistan daxili fikir ayrılığını aradan qaldırmalı və münaqişənin həlli üçün real (imitasiya yoxl) danışıqlara getməlidir. Ya da, Azərbaycanın beynəlxalq hüquqdan mandatı var və ikinci raunda hazır ol.
Azərbaycan, öz növbəsində, Ermənistan tərəfindən qarşılıqlı addımlar olmadığı təqdirdə pis və ən pisi seçmək məcburiyyətində qalacaq. Pis ssenari - suverenliyin və ərazi bütövlüyün güc yolu ilə bərpasıdır (əslində, 25 il bundan əvvəl Ermənistan tərəfdən bu pozulub). Ən pis ssenari - mövcud status-kvonun konservləşdirilməsidir. Aydındır ki, münaqişənin siyasi həllində heç bir irəliləyiş olmasa, bu ssenarilərdən hansı həyata keçiriləcək və hadisələrin bu cür inkişafı üçün kim məsuliyyət daşıyacaq.
Tərəflər problemi həll etmək üçün yolun yarısını nə qədər tez keçsələr bir o qədər yaxşı olar. Onlar problemi həll etmək və düşmənçiliyə son qoyub sülh içində yaşamaq və qarşılıqlı əlaqəyə keçmək üçün ümumi, hələ də davam edən şanslarını qaçırmamalıdırlar. Ermənistan Qarabağın işğalına son verməlidir, Qarabağ da Ermənistanın. Azərbaycan isə öz erməni icmasının muxtariyyətini, bərabərhüquqluluğunu, təhlükəsizliyini və tərəqqisini vahid dövlətin tərkib hissəsi kimi təmin etməlidir.
Buna alternativ- İkinci Qarabağ müharibəsidir. Yaranmış qeyri-sabit status-kvo əbədi deyil, bir top yaylımının ilk səsi ilə çökəcək, fəlakətli nəticələr isə gələcək nəsillərə qalacaq.

Tərcümə etdi:İlham İsmayıl

19.05.2019

https://echo.msk.ru/blog/f_ahmedov/2428329-echo/

Əlaqəli xəbərlər