"Mərhəmət çırağı" jurnalınının təntənəli təqdimat mərasimi keçirilib

1562933411_1.jpg"Mərhəmət çırağı" jurnalınının təntənəli təqdimat mərasimi keçirilib Dünən paytaxtın 3-cü mikrorayon ərazisindəki "Ərzurum" restoranında tanınmış hüquq müdafiəçisi, İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin vaxtsız vəfat etmiş sədri Elşad Həmidovun xatirəsinə nəşri təkrar bərpa olunan "Mərhəmət çırağı" jurnalının yeni ilk sayının təqdimat mərasimi keçirilib. Tədbirin əvvəlində dəvətli qonaqlara jurnalın bu vacib sayı hədiyyə edildi.


AtaTv.az xəbər verir ki, həmin mərasimdə 2013-cü ildən işıq üzü görən, lakin müəyyən səbəblərdən çapı dayandırılan və təkrar nəşrinə yenidən nəfəs verilən bu jurnalın əməkdaşları və redaksiya heyətinin üzvləri, ayrı-ayrı mətbuat orqanlarının nümayəndələri və tədqiqatçı-analitiklər, siyasi partiyaların və ictimai təşkilatların rəhbərləri, millətin aydınları və alimlər, millət vəkilləri və tanınmış ictimai-siyasi xadimlər iştirak ediblər. Öncə qonaqların diqqətinə çatdırılıb ki, "Mərhəmət çırağı" jurnalı əvvəllər İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin mərhum sədri Elşad Həmidovun rəhbərliyi altında dərc edilib. Onda səhifələrinə ölkənin ictimai-siyasi mühitinin ab-havası qonduğundan, bu jurnal tez bir zamanda oxucularının rəğbətini qazanıb. Səhifələrində belə maraqlı məqalələrlə yanaşı, insan hüquq və azadlıqlarının müdafiəçisi olan ayrı-ayrı ictimai qurumların fəaliyyətini əks etdirən düşündürücü yazılara da yer tapıldığından, bu, jurnalı getdikcə daha oxunaqlı edib. Bir sözlə, aktual məsələləri əhatə edən bu nəşr, ümumilikdə götürəndə, həm də öz rəhbərinin amal və məqsədinin aynası olub. Məhz buna görə də, bu jurnalda əksini tapan bütün mətnlər oxucusunu hissetməyə və düşünməyə sövq etməklə yanaşı, öz əhatə dairələri, dərin analizləri, elmi təhlilləri, eyni zamanda, dillərinin sadəliyi ilə də, onların diqqətini xüsusi cəlb edib. Bunları, tədbiri giriş sözü ilə açan Demokratik Azərbaycan Dünyası Partiyasının sədr müavini, QHT fəalı Telman Mirzəyev də xüsusi vurğulayıb. Natiq öz çıxışında bildirib ki, İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəsi naminə gördüyü böyük işlər danılmazdır. Mərhum Elçin Behbudovdan sonra, təşkilatın sədri seçilən Elşad Həmidovun rəhbərliyi dövründə də, komitənin fəaliyyətindəki nəzərə çarpan eyniməzmunlu işlərin sayı artıb. Resbuplikanın müxtəlif yerlərində işgəncələrlə bağlı təşkilatın keçirdiyi monitorinqlərin və bu barədə hazırladığı hesabatların Azərbaycan ictimai-siyasi mühitinə verdiyi xeyirlər də göz önündə olub. Tanınmış bu hüquq müdafiəçisinin vaxtsız vəfatı da, ictimaiyyəti hədsiz təəssüfləndib.
Elşad Nəcməddin oğlu Həmidov 24 iyul 1967-ci il tarixində Bakı şəhərində dünyaya gəlib. 1991-ci ildə Plexanov adına Rusiya Dövlət İqtisad Universitetini İqtisadiyyatın Analizi ixtisası üzrə fərqlənmə ilə bitirib. Tanınmış bu elm ocağını bitirdikdən sonra, dövlət qulluğu olmaqla, ilk əmək fəaliyyətinə başlayıb.
Vəzifədə yüksəliş, rəhbər şəxslərin ixtisas dəyişməsi və ixtisas artırması məqsədilə, rəhbərlik tərəfindən Sank-Peterburq Dövlət Hüquq və Nəqliyyatda Prokurorluq Ali məktəbində təhsilini davam etdirməsi üçün göndərilib və həmin məktəbi də müvəffəqiyyətlə bitirib. Uzun illər Rusiya Federasiyasında hüquq-mühafizə orqanlarında rəhbər vəzifələrdə çalışıb. 2010-cu ildə Respublika Ağsaqqallar Şurasının mərhum sədri akademik Budaq Budaqovun dəvətilə, Şurada Baş hüquq-məsləhətçisi kimi çalışıb.
23 dekabr 2015-ci il tarixdən, 2007-ci ildən fəal üzvü olduğu İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri olub.
Ailəli olub, iki övladı ata yolunun layiqli davamçılarıdır.
Sonra, o, qeyd edib ki, mərhumun bacısı Gülnarə Həmidova həyatdan vaxtsız getmiş qardaşının xatirəsini əbədiləşdirmək üçün, bir vaxtlar onun həvəslə çıxardığı "Mərhəmət çırağı" jurnalınının nəşrini bərpa etməyi qərara alıb və bunun startı olaraq, o, artıq, ilk sayın dərcinə nail olub.
"Mərhəmət çırağı" jurnalınının söz alan hazırkı təsisçisi və direktoru Gülnarə Həmidova isə, öz çıxışında bildirib ki, mərhum qardaşının adıyla bağlı olan bu mətbuat vasitəsinin əvvəlki nüfuzunu bərpa etməyi qarşısına əsas vəzifə kimi qoyub: "Olduqca çətin olsa da, çalışacam ki, bu mühüm postda qardaşım kimi fəlaiyyət göstərim. Onun kimi, jurnalın bütün yazılarında insan amilini önə çəkim. Məhz buna görə də, insan hüquq və azadlıqları mövzusunda bütün tədqiqat yazılarının dərcini planlaşdırmışıq. Qardaşım da, tövsiyyə edərdi ki, bu yolla, yəni, bu mövzulu
yazılara marağı artırmaqla, cəmiyyətin kütləvi maariflənməsinə nail olmaq mümkündür. Əsas məqsədlərimiz sırasında, Azərbaycanda və xarici ölkələrdə bu vacib missiyanı həyata keçirən təşkilatlarla əməkdaşlıq etməyin vacibliyinə, hər bir istedadlı gəncin jurnalın işinə cəlb olunmasına, bu mövzulu regional və beynəlxalq layihələri həyata keçirməyə də xüsusi yer ayrılıb. Bu missiyanı vicdanla yerinə yetirsək, qardaşımın ruhu da şad olar".
Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri, deputat Aydın Hüseynov, "Ümummilli Lider Heydər Əliyev adına Akademiyanın Dostları Beynəlxalq Klubu" İctimai Birliyinin sədri, "Mərhəmət elçisi" jurnalının təsisçi-direktoru Tahirə İsmayılova, İşgəncələrə Qarşı Mübarizə Komitəsinin fəalı Nail Azad, "Ulusəs" qəzetinin və uluses.az/com saytının rəhbəri Şamil Məmmədəlioğlu və başqaları Elşad Həmidov barəsində xatirələrini, onun rəhbəri olduğu təşkilatın xətti ilə həyata keçirdiyi layihələrdən danışıb, təqdimatı keçirilən jurnalın əhəmiyyətini yüksək qiymətləndiriblər.
Maraqlı çıxışlardan sonra, jurnalın mərhum rəhbərinin əziz xatirəsinə bişirilmiş iri tort kəsilib. Şirniyyatlı çay süfrəsi arxasına keçən tədbir iştirakçıları üçün, Elşad Həmidovun həyat və fəaliyyətindən bəhs edən maraqlı film də nümayiş etdirilib.
Mərasimin sonunda "Mərhəmət çırağı" jurnalınının təsisçisi və direktoru Gülnarə Həmidova qardaşının adıyla bağlı olan bu mətbu orqanın nəşrində və
bu möhtəşəm tədbirin təşkilində əməyi keçən, öz çıxışlarında mərhum hüquq müdafiəçisinin tərifəlayiq çətin fəaliyəti haqqında xoş sözlər söyləyən, bütün bunlara görə, ona Böyük Allahdan rəhmət diləyən, ailəsinə dərin hüznlə başsağlığı verən hər kəsə dərin təşəkkürünü və
minnətdarlığını çatdırıb.

Rəsafil Bayramov,
AtaTv.az saytının rəhbəri.

Əlaqəli xəbərlər