Əmək haqqını tələb etdi, vəhşicəsinə döyüldü, polisə verildi...

WhatsApp Image 2019-09-18 at 15.39.18.jpegBütün bunlar azmış kimi, ehtiyac ucbatından günəmuzd işləyən və haqqı tapdanan I qrup Qarabağ əlilinə Binəqədi polisində cinayət işi açıldı

Bu ilin avqust ayının 2-də l qrup Qarabağ əlili Faiq Firdovsi oğlu Quliyev işlədiyi daş karxanasından zəhmət haqqını tələb edərkən həmin karxananın İbrahim, Ayaz və Eyvaz adlı 3 nəfər qoluzorlu işçisi tərəfindən vəhşicəsinə döyülüb. Nəticədə, ciddi bədən xəsarətləri alan əlil vətəndaş indiyədək yataq xəstəsi olub. Məhkəmə tibbi-ekspertizasının verdiyi rəydə göstərildiyi kimi, sol döş qəfəsindəki yeddinci qabırğası sındırılan Faiq Quliyevin vəziyyəti indi yaxşı deyil.


Deyilənlər barədə araz.az-a daxil olan və sosial şəbəkələrdə paylaşılan məlumatlarda da, bu kriminal olayın geniş şərhi verilib. O da bildirilib ki, əsl cinayətkarlara cinayət işi açmaq əvəzinə, Binəqədi polisi vəhşicəsinə döyülən Qarabağ qazisini cinayətkar hesab etmək istəyir.
"Bu 3 şəxs törətdikləri cinayəti ört-basdır etmək üçün, havadarlarının məsləhəti ilə, polisin 102 xidmətinə zəng vuraraq, guya, Faiq Quliyevin onları döydüyü barədə əsassız məlumat veriblər. Qarabağ əlili də, sikayət ərizəsi ilə, Binəqədi rayon 43-cü polis bölməsinə müraciət edərək, döyülməsi ilə bağlı müraciət edib. Lakin təhqiqatçı Sənan Quliyev və rayon prokuroru Nazim İmanov haqlı olaraq pulunu tələb edən, nəticədə isə, vəhşicəsinə döyülən Qarabağ əlilinin deyil, onu döyənlərin tərəfində durublar. Polis işi qərəzli şəkildə və bir tərəfli qaydada aparıb və zərərçəkmişin özü barəsində cinayət işi başlanılıb. Tədqiqatçının Faiq Quliyevin izahatını almaması, onu məhkəmə tibbi-ekspertizasına göndərməməsi, materialı 3 gün müddətində rayon prokuroruna göndərməsi, prokurorun da əsassız və yarımçıq "material" əsasında cinayət işi başlatması və hadisənin baş verməsinin 4-cü günü cinayət işinə başlaması sübut edir ki, bu qərəzli və sifarişli işdir. Halbuki təhqiqat müddəti 10 gün, zəruri hallarda isə, 20 gündür. Təhqiqatçı və prokuror Qarabağ əlilini döyən şəxslərin havadarlarının tapşırığı ilə, 4 gün ərzində cinayət işi açıblar. Hazırda cinayət işi Binəqədi rayon polis idarəsində müstəntiq Ramil Qabulovun icraatındadır", -- bu, araz.az-a və sosial şəbəkələrə daxil olan məlumatlardan götürülüb. Həmin məlumatlarda daha sonra bildirilir: "Birincisi, mövcud qanunvericiliyə görə, əqli cəhətdən zəif olan şəxsə, birmənalı olaraq, cinayət işi başlana bilməz. Həmin şəxsin xəstəliyi ilə bağlı məlum sənədlər ortada olduğu halda, şəxsin barəsində başlanmış cinayət işinə dərhal xitam verilməlidir. İkincisi, sənədlərdən də göründüyü kimi, l qrup Qarabağ əlili Faiq Quliyevin ruhi sarsıntıları və ətrafdakıların köməyinə ehtiyacı var. Hətta onda mərkəzi sinir sisteminin pozğunluğu müşahidə edilir. Faiq Quliyev bu hala Azərbaycanın ərazi bütövlüyünü qoruyarkən düşüb və tam olaraq, sağlamlığını itirib. Amma ağır şəraitdə yaşadığına ehtiyac ucbatından işləməyə məcbur olub. Faiqin bir neçə il bundan öncə 11 yaşlı oğlu da avtoxuliqanların qurbanı olub və faciəli şəkildə həlak olub. O, olduqca ağır durumda yaşayır, oğul itkisi, sosial problemlər, xəstəlikləri ilə bağlı dərman almağa pul tapa bilməməsi, məcburiyyətdən fəhlə işləməsi onun xəstəliyinin ağırlıq dərəcəsini və ruhi pozğunluğunu daha da artırıb".
l qrup Qarabağ əlilinin ailə üzvləri qeyri-qanuni şəkildə başlanmış cinayət işinə dərhal xitam verilməsini, onu döyənlərin və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirlər. Quliyevlər ailəsi Prezident İlham Əliyevdən, Birinci vitse-prezident Mehriban Əliyevadan, Baş Prokuror Zakir Qaralovdan və Daxili İşlər Naziri Vilayət Eyvazovdan onu da xahiş edirlər ki, Qarabağ əlilinə açılmış qondarma cinayət işinə xitam verilsin və əsl cinayətkarlar dərhal cinayət məsuliyyətinə cəlb edilsinlər. Eyni zamanda, hər gün işçilərini ölümlə üz-üzə qoyan həmin daş karxananın fəaliyyəti də ətraflı yoxlanılsın.

WhatsApp Image 2019-09-18 at 15.39.30.jpeg

WhatsApp Image 2019-09-18 at 15.39.46.jpeg

Səməndər QURBANOV,
araz.az saytının xüsusi müxbiri.

Əlaqəli xəbərlər