Qərbi Azərbaycan İcması və Azərbaycan Qaçqınlar Cəmiyyəti alqışalayiq tədbir keçirəcəklər

Həmin tədbirdə yüksək bal toplayan və qaçqın övladı olan 5 nəfər tələbəyə təqaüd veriləcək

Azərbaycan Qaçqınlar Cəmiyyətinin
Mətbuat Xidmətindən araz.az-a verilən məlumata görə, noyabr ayının 3-də adını çəkdiyimiz qurumun Bakı şəhəri, Ziya Bünyadov prospekti, 48/54 ünvanındakı ofisində, 2019-cu ildə respublikanın ali məktəblərinə qəbul imtahanlarında 600-dən yuxarı ən yüksək bal toplayıb, tələbə adı qazanan qaçqın övladlarına təqaüdlərin təqdim edilməsinə həsr olunmuş tədbir keçiriləcək. Məlumatda bildirilir ki, tədbirin təşkilatçıları Qərbi Azərbaycan İcması və Azərbaycan Qaçqınlar Cəmiyyətidir. Elə, təqaüd təsisçiləri də, tanınmış ictimai fəal, filologiya üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Qorqudşünaslıq şöbəsinin aparıcı elmi işçisi, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü Əziz Ələkbərlinin rəhbərlik etdiyi həmin təşkilatlardı. Hər iki təşkilatın qəbul etdiyi qərarla, 5 nəfər Qərbi Azərbaycan qaçqın övladının hər birinə birinci semestr ərzində ayda 100 manat məbləğində təqaüd veriləcək.
Məlumata görə, bu ənənənin hər il davam etdirilməsi və növbəti illərdə daha çox qaçqın tələbəyə şamil edilməsi nəzərdə tutulur. Təqaüdlərin təyin edilməsində əsas şərt, tələbələrin hər iki valideyninin qaçqın olmasıdır. Təqaüdçü adına iddialılar hər il sentyabr ayının 1-dən 30-dək müvafiq sənədlərlə Qərbi Azərbaycan İcmasının müvafiq kənd icma sədrlərinə müraciət edə bilərlər. Həmin sənədlər tələbə valideynlərinin qaçqınlığını və onların özlərinin qəbul imtahanlarında topladığı ən yüksək balı təsdiq edən arayışlardan ibarətdir.

Malik MİRZƏ,
araz.az xəbər portalının xüsusi müxbiri.

Əlaqəli xəbərlər