QƏRBİ AZƏRBAYCANLILARIN DEPORTASİYASININ ANIM GÜNÜ KEÇİRİLİB

asee0612201901.jpegDekabrın 5-də Azərbaycan Qaçqınlar Cəmiyyəti, Qərbi Azərbaycan İcması ilə birgə, Qərbi Azərbaycanlıların 1988-ci il deportasiyasının anım gününə həsr olunmuş tədbir keçiriblər. Hər iki qurumun mətbuat xidmətindən araz.az saytına daxil olan məlumatda bildirilir ki, tədbir iştirakçıları, öncə, 1988-ci il deportasiyası qurbanlarının, məzarı Qərbi Azərbaycanda qalan soydaşlarımızın və müstəqil Azərbaycan Respublikasının azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda həyatını itirən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Bundan sonra, Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli son 200 il ərzində Azərbaycan xalqının məruz qaldığı deportasiya və soyqırımların xronologiyası, xüsusilə də, sonuncu – 1988-ci il deportasiyası barədə geniş məruzə ilə çıxış edib.

Məruzə ətrafında Qərbi Azərbaycan İcmasının sədr müavinləri Mirfaiq Mirheydərli, Fəqan Bəhrəmov, Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev, Əlil Qadınlar Cəmiyyəti Assosiasiyasının prezidenti Məhluqə Qaramanlı, "Qərbi Azərbaycana Dönüş" İctimai Birliyinin sədri Səməndər Mehdiyev, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü Muxtar Oxçoğlu, Qaraçanta Birliyi Təşəbbüs Qrupunun üzvü İldırım Məmmədov, şair Binnət Əsgər, tədqiqatçı alim Nazir Əhmədli, şair-publisist Nəsibə İsrafilqızı və başqaları çıxış edərək, 1988-ci il deportasiyası zamanı soydaşlarımızın başlarına gətirilən bu tarixi faciənin mahiyyətindən, bu qanlı olaylar zamanı şahidi olduqlarından danışıblar.
Çıxış edənlər 5 dekabr gününün Qərbi Azərbaycanlıların 1988-ci il deportasiyasının ANİM GÜNÜ kimi rəsmiləşdirilməsinin və hər ilin dekabr ayının 5-ni Qərbi Azərbaycan uğrunda mübarizəyə çağırış günü kimi qeyd olunmasının vacibliyini xüsusi vurğulayıblar. Natiqlər Qərbi Azərbaycan uğrunda mübarizəni Qarabağ uğrunda mübarizənin tərkib hissəsi hesab etdiklərini, bu mübarizənin ulu öndər Heydər Əliyevin deportasiya və soyqırımı haqqındakı tarixi fərmanlarından, ölkə başçısı İlham Əliyev cənablarının işğal altındakı tarixi dədə-baba torpaqlarımız uğrunda mübarizəyə çağırış nitqlərindən qaynaqlandığını da, xüsusi olaraq qeyd ediblər.
Tədbirin gedişində Türkiyənin İzmir şəhərində yaşayan və əslən Qərbi Azərbaycanın Amasiya bölgəsinin Qaraçanta kəndindən olan tanınmış ictimai-siyasi xadim Murtaza Qaraçanta və həmkarı Camal bəy canlı yayımla tədbirə qoşularaq, iştirakçılarla həmrəyliklərini bildirib, Qərbi Azərbaycan İcmasının rəhbərliyini dekabr ayının sonunda İzmirdə yaradılan Azərbaycan Cəmiyyətinin açılış mərasiminə dəvət ediblər.
Tədbirin iştirakçıları sonda, həm 5 dekabr gününün Qərbi Azərbaycanlıların 1988-ci il deportasiyasının Anım Günü kimi qəbul edilməsi ilə bağlı Bəyanat, həm də dövlət rəhbərinin ölkədə aparılan kadr və struktur islahatlarına tam dəstəklərinin ifadəsi olan Müraciət qəbul ediblər.

Səməndər QURBANOV,
araz.az saytının xüsusi müxbiri.

Əlaqəli xəbərlər