Mətbuat Şurası şikayətlərin sayını açıqladı

Metbuat surasiMətbuat Şurasına (MŞ) 2019-cu ildə 401 müraciət daxil olub. Onlardan 187-i kütləvi informasiya vasitələrində dərc olunan yazılardan şikayətdir.

Bu barədə Modern.az-a Şuradan məlumat verilib.

 

Qeyd olunub ki, 187 şikayətin 91-i yazılı, 96-sı isə şifahi formada olub.

 

Şikayətlər üzrə Komissiyada 91 şikayətə baxılıb. Onlardan 9-u əlavə tədbirlərin görülməsi üçün Şuranın Katibliyinə qaytarılıb. Komissiyanın 82 şikayət üzrə çıxardığı rəydə cavabdeh media orqanlarının yol verdiyi nöqsanlar, AJPDQ-nın ayrı-ayrı prinsip və bəndlərinin pozulduğu vurğulanıb.

 

Mətbuat Şurası şikayətlərin araşdırılmasında daha çox informasiya qaynaqlarına sayğılı yanaşmaya, məlumatların yayılması zamanı mənbənin mütləq göstərilməsinə (və yaxud informasiya qaynağının gizliliyinin qorunması tələb edilirsə göstərilməməsinə), məlumatların həqiqətə uyğunluğu və informasiya dəyərinin yoxlanılmasına, mənanın təhrifinə və yazıların sərlövhələri ilə məzmununun uyğunluğuna diqqət yetirib.

 

Şikayət doğuran materialların təhlili göstərir ki, cavabdeh KİV-lər haqqında yazdığı şəxsin şərəf və ləyaqətinə, şəxsi həyatının toxunulmazlığı prinsipinə heç də həmişə həssas yanaşmayıblar. Əvvəlki illər üçün də bu tendensiya xarakterik olub.

 

Bəzi cavabdeh KİV-lər tərəfindən baş vermiş və istintaqı tamamlanmış cinayət xarakterli materiallar üzrə təqsirsizlik prezumpsiyasına etinasızlıq, şəxsin “cinayətkar” kimi cəmiyyətə təqdim edilməsi faktları da qeydə alınıb. Şikayət doğuran materiallarda vulqar ifadələrin, jarqonların işlədilməsi hallarına da çox az rast gəlinib. Eyni tendensiya əvvəlki illər üçün də xarakterik olub.

 

Mətbuat Şurasına 401 müraciətin 214-ü müxtəlif dövlət proqramlarının icrasından irəli gələn məsələlər, sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı jurnalist ərizələri olub. Bu kateqoriya üzrə müraciətlər sırasında həlli bilavasitə Şuranın səlahiyyətlərinə aid olmayan problemlərin qabardılmasına da rast gəlinib ki, qurum bununla əlaqədar ya vətəndaşa müvafiq izahat məktubu ünvanlayıb, ya da müraciəti aidiyyatı üzrə göndərib. Aidiyyatı üzrə göndərilən elə müraciətləri də var ki, burada jurnalistin peşə fəaliyyətini yerinə yetirərkən üzləşdiyi xoşagəlməz durum əskini tapıb. Mövcud istiqamətdə MŞ müvafiq dövlət qurumları ilə danışıqlar da aparıb, məsələnin həssaslığına dair izahat verib.

 

Mətbuat Şurasına 401 müraciətin 187-i bilavasitə KİV-lərin fəaliyyətindən narazılıq motivli şikayətlərdir. 187 şikayətin 91-i yazılı, 96-ı şifahi formada daxil olub. 96 şifahi şikayətlə bağlı məsələ tərəflər arasında müvafiq danışıqlar aparmaqla və mümkün barışıq variantları təklif etməklə öz həllini tapıb. Barışıq variantları əksər hallarda cavabdeh kimi göstərilən KİV-ə qarşı tərəfin mövqeyinə aydınlıq gətirmək imkanının yaradılması tövsiyəsinin verilməsini nəzərdə tutub və bu tövsiyə cavabdeh media orqanı tərəfindən məqbul qiymətləndirilib.

 

91 yazılı şikayətin 82-ə baxılıb, 9-u icradadır. Yuxarıda əksini tapan statistik göstəricilər 82 şikayətin araşdırılmasının nəticəsinə əsaslanıb.

 

Mətbuat Şurasına daxil olan şikayətlərin araşdırılması zamanı müəyyənləşdirilib ki, kütləvi informasiyası vasitəsi kimi internet üzərindən yayımlanan media orqanlarının fəaliyyətindən narazılıqlar daha çoxdur (şikayətlərin 90,4 faizi). Əvvəlki illərlə müqayisədə 2019-cu ildə bu göstərici özünün ən yüksək həddinə çatıb.

 

Mətbuat Şurası cavabdeh KİV-lərlə bağlı çıxardığı qərarlarda onlara daha çox – 39,3 faiz təkzib verməyi tövsiyə edib. Qarşı tərəfin mövqeyini işıqlandırmaq tövsiyəsi 29,1 faizlə ikincidir. Qərarların 25,6 faizi cavabdeh KİV-lərə xəbərdarlıq edilməsi ilə bağlıdır.

 

Şuranın qərarlarında nəzərdə tutulan tədbirlərdə şikayətçilərin cavabdeh KİV-lərlə əlaqədar tələblərinin ödənilməsinə həssas yanaşılsa da, bu zaman qurumun Nizamnaməsi ilə müəyyənləşdirilmiş səlahiyyətləri ilə uyğunluğa da ciddi önəm verilib. Əgər şikayətçilərin 34,1 faizinin tələbində təkzib verilməsi istəyi ifadə olunurdusa, MŞ-nin çıxardığı qərarların 39,3 faizində bu tələb əksini tapıb.

 

Qeyd edilməli məqam bundan ibarətdir ki, şikayətçilərin cavabdeh KİV-lərlə əlaqədar tələblərinin 12,8 faizi KİV-in fəaliyyətinin dayandırılması, 29,6 faizinin tələblərində KİV rəhbəri, yaxud müəlliflə bağlı sərt ölçünün götürülməsi əksini tapırdı. Hər iki tələb MŞ-nin səlahiyyətlərindən uzaq olsa da, qurum qaldırılmış problemin sırf media ilə bağlılığını əsas götürərək məsələni araşdırıb. Bu baxımdan adekvatlıq cavabdeh KİV-ə xəbərdarlıq edilməsi (25,6 faiz) və qarşı tərəfin mövqeyinin işıqlandırılması (29,1 faiz) qərarının çıxarılması ilə gözlənilib.

 

Şikayətçilərin konkret olaraq nədən narazılıqları ilə onların bu narazılıqlarının irəli sürdükləri tələblərə nə dərəcədə adekvat olması məsələsinə də diqqət yetirilib. Məlum olub ki, şikayətçilər onlarda narazılıq doğurduğunu bildirdikləri işgüzar nüfuzun ləkələnməsi (10,2 faiz), şəxsi həyata müdaxilə (38,4 faiz), şərəf və ləyaqətin təhqir olunması (27,2 faiz) hallarına qarşılıq KİV-in fəaliyyətinin dayandırılması, KİV rəhbəri, yaxud müəlliflə bağlı sərt ölçü tədbirinin götürülməsi tələbini irəli sürüblər. Bunun yerinə yetirilməsinin mümkünsüzlüyü diqqətə çatdırılıb. Həmçinin belə halllarda şikayətçi tərəfə müvafiq dövlət qurumuna, yaxud məhkəməyə müraciət etməklə bağlı izahat verilib.

Əlaqəli xəbərlər