Nazirlik gübrələri fermerlərə ikiqatına satır? - YENİLƏNİB

ktn
Kənd Təsərrüfatı Nazirliyi fermerlərə nitrogen (amafos) gübrəsini bazar qiymətindən baha satır.
 
Bu barədə Qlobal.az-ın əldə etdiyi məlumatda deyilir.
 
Məlumatda qeyd olunur ki, Azərbaycanda istehsal olunan nitrogen gübrənin bir kisəsi fermerlərə 26 manata hesablanır. Eyni adlı gübrənin bazarda 12-13 manata satıldığı vurğulanır.
 
Fermerlərdə digər narazılıq yaradan məqam isə yerli istehsal olan gübrə kisələrinin çəkisinin Rusiya istehsalı olan gübrə kisələri ilə müqayisədə 10 kq az, 40 kq olmasıdır. 
 
Başqa bir fermer Ələsgər Hüseynli mart ayının əvvəlində aldığı 12 kisə azot gübrəsi üçün 94 manat nağd ödədiyini, 218 manatın isə kartından çıxıldığını deyir.
 
Qlobal.az məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyindən münasibət öyrənib.
 
 
 
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov Qlobal.az-a bildirib ki, Azərbaycanda fermerlərə güzəştli şərtlərlə təklif olunan gübrə və digər məhsullar 2020-ci ilin yanvar ayından dövlət başçısının sərəncamına əsasən yeni qaydalarla verilir:"Cari ilin yanvar ayından fermerlər əvvəlki illərdə olduğu kimi aldıqları gübrələrin 30 faizini nağd formada, 70 faizini isə dövlətin onlara verdiyi "fermer kartı"ndakı vəsaitlə ödəyəcəklər. "Fermer kartı"ndakı vəsaitlər ötən illərdə fermerləri gübrə və digər aqrar məhsullarla təmin edən aidiyyatı təşkilatlara ödənilirdi. Ancaq bu ilin yanvar ayından şəffaflığın təmin olunması məqsədi ilə dövlətin fermerlərə verdiyi subsidiyaların fermerlərə çatdırılması yeni sistemlə həyata keçirilir".
 
Şöbə müdiri gübrə kisələrinin çəkisi barədə də fermerləri narahat olmamağa səsləyib.
 
"Azərbaycanda istehsal olunan gübrələrin 40 kq-lıq kisələrdə qablaşdırılması müasir qablaşdırma standartlarının tələbindən irəli gəlir. Fermerlərə güzəştli şərtlərlə təklif olunan gübrələr onlara kisə sayına yox, çəkiyə görə verilir"-deyə, qeyd edib.
 
Qlobal.az 

Əlaqəli xəbərlər