VÜQAR SƏFƏRLİYƏ AÇILMIŞ CİNAYƏT İŞİ... - Media rəhbərlərindən fərqli fikilər

vuqarseferliBaş Prokurorluq Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda yol verilən qanunsuzluqlarla bağlı cinayət işi açıb.

Araşdırma zamanı Fondun vəzifəli şəxsləri tərəfindən dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinə əməl edilməməsi, vəsaitlərin təyinatı üzrə istifadə olunmaması, tikinti norma və qaydalarının pozulması, kütləvi informasiya vasitələrinə yardımların qanunsuz verilməsinə əsaslı şübhələr müəyyən edilib. Qeyd olunan qanunsuz əməllərə görə, Cinayət Məcəlləsinin 179.4 (külli miqdarda mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 308-1.2 (külli miqdarda dövlət büdcəsi vəsaitini təyinatı üzrə istifadə etməmə) və 308-2.4-cü (dövlət satınalmalarını qanunsuz keçirmə) maddələri ilə cinayət işi başlanıb.

Hələ ki iş üzrə saxlanılan şəxs yoxdur. Baş Prokurorluğun rəsmi iddiaları qurumun keçmiş sədri Vüqar Səfərlinin sədrliyi dövrünə aiddir. Bu səbəblə açıqlamaya onun münasibətini öyrənməyə çalışdıq.

V. Səfərli sualımıza qısa və konkret cavab verdi: “Bilirsiniz ki, istintaq gedir və bununla bağlı heç bir əlavə məlumatım yoxdur”.

Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov isə sualımızı ətraflı cavablandırdı. O qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti yanında KIVDF-nin sabiq rəhbərliyi ətrafında yaranmış durum bütövlükdə media ictimaiyyətinin diqqətindədir:

“Mən də yayılmış rəsmi məlumatla tanışam. Hesab edirəm ki, istənilən bu cür məsələ barədə hüquq və qanunlarımız çərçivəsində müvafiq ölçü götürülməlidir. Cinayət işi açılıb, araşdırmalar gedir. Düşünürəm ki, bunun nəticəsində ədalətli yanaşma təmin olunacaq. Ümumən kifayət qədər geniş diapazonda fəaliyyət göstərən, yəni həm jurnalistlər üçün yaşayış binalarının inşasına, həm yaradıcılıq müsabiqələrinin keçirilməsinə, həm də kütləvi informasiya vasitələrinin layihələrinin maliyyələşdirilməsinə cavabdeh olan dövlət qurumunda şəffaflıqla bağlı şübhələrə ciddi diqqət yetirilməlidir. Hesab edirəm ki, ictimai reaksiya da bu diqqətə adekvatdır. Yenə də deyim ki, son söz hüquq-mühafizə orqanlarınındır. Mən ədalətli yanaşma tərəfdarıyam, buna da inanıram”.

Jurnalistlər üçün yaşayış binalarının inşasına gəlincə, Ə.Amaşov vaxtilə bu ideyanın təşəbbüskarlarından biri, daha doğrusu, birincilərindən olduğunu söylədi:

“Çünki görmüşəm ki, çoxlu sayda evsiz jurnalistlərimiz var. Onlar ömürlərini kirayələrdə, yaxud darısqal mənzillərdə keçirirlər. Digər tərəfdən, jurnalistika sahəsində xidmət amili də var. Nəyə görə jurnalist xidməti müqabilində mənzillə təmin olunmasın?

Digər sahələrdə bu praktika varsa, düşünmüşəm və yenə də o fikirdəyəm ki, media təmsilçiləri kənarda qalmamalıdırlar. Onu da deyim ki, vaxtilə jurnalistlərin mənzil problemi gündəmə gələndə heç kəs ağlına gətirmirdi ki, mənzillər tam ödənişsiz olacaq. Müxtəlif variantlar var idi. Torpaq ayrılması, güzəştli kredit şərtləri İlə mənzil və sair…

2010-cu ildə Mətbuat Şurasının yeni ofisinin açılışı zamanı biz vəziyyəti dövlət başçısının diqqətinə çatdırdıq. O isə məsələni birdəfəlik həll etdi – həmin gün jurnalistlər üçün bina tikintisini nəzərdə tutan sərəncam imzaladı. 2013 və 2017-ci illərdə daha iki prezident sərəncamı oldu. Bəli, o zaman müəyyən adamlar, hətta bəzi həmkarlarımız fikir irəli sürürdülər ki, dövlət jurnalistləri mənzillə təmin edirsə, onu asılı hala salır. İndi də bu sayaq düşünənlər var.

Fikrimi iki aspektdən izah edəcəyəm:

Birincisi, onu deyim ki, Mətbuat Şurası olaraq hər zaman bildirmişik ki, media ölkə iqtisadiyyatının tərkib hissəsi olmalıdır. Onun iqtisadi həyatdakı iştirakçılığı yüksək həddə çatdırılmalıdır. Bu gün də qarşımızda duran mühüm vəzifələrdən biri məhz budur. Yəni elə vəziyyət yaranmalıdır ki, jurnalist öz maaşı ilə mənzil ala bilsin. Digər sahələri deyə bilmərəm, media ilə bağlı bunun vacibliyi, KİV təmsilçisinin əməkhaqqı hesabına mənzil alma imkanının olması son dərəcə vacibdir. Hər halda, bildiklərimiz məsələnin mahiyyətini fərqli müstəviyə çəkənlərdən az deyil ki, çoxdur. Ancaq gəlin, reallığı düşünək. Bir nəsil gəlib gözümüzün önündən keçirdi. Evsiz, kirayələrdə, darısqal mənzillərdə yaşayan jurnalistlər…

Bu nəslin nümayəndələri sırasından evlə təmin edilənlər yetərincə oldu. Onların ölkədəki reklam bazarının qaydasına düşməsini, bununla da gəlirləri hesabına ev almalarını gözləməyə sadəcə, vaxtları yox idi. Bu fədakar insanlar kirayələrdə qalmalıydılar?

Övladlarına toy edib, evlərinə gəlin gətirməyin ağırlığını yaşamalıydılar? Müəyyən yollarla özlərinə mənzil əldə edən jurnalistlər də var. Bu adamlar bir başqadır. Hər birimiz bilirik. Mən dediyim kateqoriyadan olan insanlar istedad və ya digər keyfiyyətlər baxımından ikincilərdən nə ilə geri qalırdılar?

Əsla geri qalmırdılar, ancaq nə olsun, evləri yox idi, çətinlik çəkirdilər. Mətbuat Şurası vaxtilə təşəbbüs qaldıranda belə adamların əməyinin stimullaşdırılmasını, onların qayğılarının azaldılmasını əsas götürüb. Biz həqiqi, fədakar qələm sahiblərinin, ömrünü-gününü jurnalistikaya sərf etmiş cəfakeş həmkarlarımızın mənzillə təmin olunmaları üçün konkret təkliflər irəli sürmüşük, namizədliklərini dəstəkləmişik. Çox şadam ki, onlar bu gün halal mənzillərində həyatlarına davam edirlər. O ki qaldı qeyri-obyektivliklərə, naqisliklərə, hesab edirəm ki, bunlar hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırmalar nəticəsində üzə çıxacaq.

İkincisi, hər kəsin malik olduğu xarakter var. İnsan nəyinsə müqabilində əyiləcəksə, onsuz da əyiləcək. Bu gün kifayət qədər həmkarımız var ki, dövlət tərəfindən onlara verilmiş mənzillərdə yaşayırlar və bu cəhət onların yaradıcılıqlarına heç bir mənfi təsir göstərmir, nəyisə yazıb-yazmamaqda sıxıntı keçirmirlər. Təbliğ də edirlər, tənqid də. Əksinə, onların obyektiv tənqid etmələri dövlətimiz üçün daha xeyirlidir. Dövlət də bu tənqidə ehtiyac duyur ki, cəmiyyətlə işini səmərəli qursun, problemlərə zamanında və operativ reaksiya versin. Əslində dövlətin mediaya istər sosial baxımdan, istərsə də digər cəhətdən dəstəyinin fəlsəfəsi də məhz buna söykənir. Bir daha deyim ki, heç bir halda jurnalistlərin dövlət tərəfindən mənzillə təmin olunmaları ideya baxımdan onları asılı hala salmır. Məsələ bu ideyanı düzgün qavrayıb-qavramamaqdadır. Arzu edək ki, düzgün qavrayanlar çox olsun”.

Media eksperti, hüquqşünas Ələsgər Məmmədli xatırlatdı ki, KİVDF prezident yanında fəaliyyət göstərib və on ildən çox bilavasitə mətbuat sahəsinə vəsaitlərin ayrılmasında vasitəçi olub:

“Bu vəsaitin bir hissəsi jurnalistlər üçün evlərin tikilməsi, bir hissəsi də birbaşa QHT və media qurumlarına yönəlib. Əlbəttə ki, o prosesin illərdir şəffaf aparılmamasına dair vətəndaş cəmiyyətində çoxsaylı etirazlar olub, bu məsələlər gündəmə gətirilib. Baş Prokurorluq isə bunları görməyib”.

Ə. Məmmədli bir məqamı xüsusi vurğuladı ki, Azərbaycanda bir nəfər 50 il öz işində oturanda və bu işləri görəndə ona toxunmurlar, vəzifədən çıxarıldıqdan sonra isə deyrilər ki, bu şəxs o vaxt bunları edib:

“Təəssüf ki, bu, Azərbaycanın reallığıdır. Bütün qurumlarda korrupsiya faktları var. Bununla bağlı çox sayda ictimai araşdırmalar var, lakin zamanında tədbir görmək daha önəmlidir. Gec bərqərar olan ədalət, ədalət deyil. Ona görə də, düşünürəm ki, KİVDF-nin fəaliyyətinin yoxlanılması hüquqi olmaqdan daha çox, siyasi konyuktur dəyişikliyi ilə bağlıdır. Hüquqa qalsa, bu dəqiqə çox sayda korrupsiya var, amma onların heç biri ilə bağlı Baş Prokurorluq cinayət işi açmayıb. Ümid edirəm ki, obyektiv araşdırma nəticəsində dövlət büdcəsindən ayrılmış və mənimsənilmiş vəsaitlər geri qayıdar”.

Ə.Məmmədlinin fikrincə, hökümət tərəfindən jurnalistlərə evlərin paylanması , bahalı hədiyyələrin verilməsi jurnalistərin fəaliyyətinə təsir edən mənfi amillərdir:

“Əgər jurnalist hökumətdən ev alıbsa, ona qarşı vəfa borcu yaranır. O zaman həmin jurnalistlər hökumətin nöqsanlarını, problemləri göstərməməli olur. Bu da mediada müstəqil jurnalistlərin sayının azalmasına gətirib çıxarır. Azərbaycanda jurnalistlər müxtəlif formada asılı vəziyyətə salınıb. Bu da jurnalistləri asılı hala salmağın metodlarından bir başqasıdır. Əgər dövlət jurnalistlərə dəstək verirsə, ilk növbədə onların fəaliyyətinə şərait yaratmalıdır. O zaman jurnalist özünü yaşadacaq. KİVDF-nin bu gün də eyni proseduru davam etdirməsi, yeni evlərin tikilməsi onu göstərir ki, bu tendensiya davam etdiriləcək, dəyişən bir şey yoxdur”.

Azərbaycan Jurnalistlər Birliyinin sədri, ”Ayna” – ”Zerkalo” qəzetlərinin təsisçisi Elçin Şıxlı qeyd etdi ki, məsələ araşdırılsın, istintaq aparılsın və günahkarlar tapılıb, cəzalandırılsın:

“Bu nöqteyi-nəzərdən müsbət haldır. Bunun üstü çoxdan açılmalı idi, hələ də tam açılmayıb və sonu da məlum deyil. Kimi saxlayacaqlar? Kimləri günahlandırırlar? Bu kimi suallar cavabsızdır. Ona görə də, indidən nəsə demək çətindir”.

“Jurnalistlər nəyə digər peşə sahiblərindən fərqləndirilir və onlara dövlət tərəfindən ev verilməsi nə qədər doğrudur” sualına gəlincə isə, E. Şıxlı bildirdi ki, jurnalistika digər peşələrdən həm fərqlənməməli, həm də fərqlənməlidir:

“Çünki jurnalistika dördüncü hakimiyyətdir, o biri peşələr dördüncü hakimiyyət deyil, əgər onlar da dördüncü hakimiyyət olarsa, o zaman fərqləndirərik. Amma jurnalistlərə ev paylanmasının lap əvvəldən tərəfdarı olmamışam. Bu, o deməkdir ki, sən kiməsə pay verirsən və onun da müqabilində neytrallığına ümid edirsən. Jurnalistlərə istənilən vətəndaş kimi yaxşı yaşamaq üçün şərait yaradılmalıdır.  Prezident fərmanında jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması haqqında cümlə var, amma onlara ev paylanılması barədə bir kəlmə də yoxdur. Sadəcə olaraq, keçmiş prezident köməkçisi Əli Həsənov, KİVDF-nin sabiq rəhbəri Vüqar Səfərli və onun kimilər prezidentin fərmanından sui-istifadə edərək alver məkanlarını genişləndirmək istəyiblər. Bundan başqa heç nə görmürəm. Yəni burda siyasi məqamlardan çox, cibin güdülməsi məqamları üstünlük təşkil edir”.

Cinayət işinin PA-nın keçmiş şöbə müdiri, prezidentin sabiq köməkçisi Əli Həsənova qədər uzanmasının mümkünlüyü barədə suala isə E. Şıxlı belə cavab verdi:

“Uzanmasa, açılmış cinayət işinin heç bir mənası olmayacaq. Hələ ki istintaq gedir, indidən nəsə demək düzgün olmazdı, amma ona qədər uzanmasa, heç bir mənası olmayacaq. Burda hansısa xırda bir məmurun cəzalandırılması ilə iş bitməməlidir. Aydın olmalıdır ki, aparılan siyasətdən sui-istifadə edənlər gec-tez öz cəzasını alır”.

“Strateq.az” saytının baş redaktoru Elxan Şükürlü isə hesab edir ki, Baş Prokurorluqda aparılan cinayət işi həm Vüqar Səfərlinin, həm də Əli Həsənovun həbsiylə nəticələnə bilər:

“Hesablama Palatasının apardığı araşdırmalardan və Baş Prokurorluğun yaydığı rəsmi açıqlamadan aydın olur ki, KİVDF-nin keçmiş rəhbərliyinin hansı qanunsuzluqlara, hansı cinayətlərə yol verdikləri barədə artıq müfəssəl və yetərli faktlar əldə edilib. Cinayətə yol verən kimliyindən, hansı vəzifəni tutmasından asılı olmayaraq, mütləq cəzalanmalıdır. Çünki bir cinayətə güzəşt başqa bir cinayətə rəvac vermək, yol açmaq, daha təhlükəli cinayətin əsasını qoymaq deməkdir.

Üstəlik, KİVDF-də yol verilən qanunsuzluqlar ictimai təhlükəliliyinə görə ağır cinayətlər kateqoriyasına daxildir və məncə, kimsə istəsə belə, Vüqar Səfərlini qoruya bilməyəcək. İndi burada hamının maraqla gözlədiyi odur ki, görək, Vüqar Səfərli bütün bu qanunsuzluqları öz boynuna götürəcək, yoxsa kimisə satacaq, “baqaja qoyacaq?”

Mən əminəm ki, Vüqar Səfərli, eləcə də onunla mütəşəkkil qaydada bu qanunsuzluqları həyata keçirənlərin hamısı istintaq müddətində bir-birinin üzünə duracaq, bir-birlərini satacaqlar. Əli Həsənovu işdən çıxaran kimi, ona məxsus “Kaspi” qəzetinə maliyyə yardımını kəsən Vüqar Səfərli deyildimi?

Əminəm ki, o, istər jurnalistlərin binasında yol verilmiş yeyintinin, istər jurnalistlər arasında aparılmış ədalətsiz ev bölgüsünün, istərsə də qəzetlər vasitəsilə “pulsilmə” əməliyyatının hamısını Əli Həsənovun üstünə yıxacaq. Əli Həsənov nə edəcək, bu, artıq başqa söhbətin mövzusudur”.

Pressklub.az

Əlaqəli xəbərlər