"Özünüməşğulluq proqramının genişləndirilməsi və icrasının sürətləndirilməsi prioritet məsələlərdəndir" - Deputat

sened 02541Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirus (COVID-19) pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülməklə, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır. Bu da ölkə başçısının daima vətəndaşın yanında olmasına dəlalət edir.

 

araz.az xəbər verir ki, bunu Trend-ə deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, dövlət başçısının 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 12 tədbir əksini tapıb:

"Təqribən 5 milyona yaxın vətəndaşı əhatə edən sosial dəstək tədbirlərin nəticəsində dövlət və özəl sektorda muzdla çalışanların iş yerlərinin və əməkhaqqı gəlirləri qorundu; 2 milyon vətəndaşa sosial təminat növləri (pensiya, təqaüd, müavinət) üzrə ödənişlərin davamlılığı təmin edildi; 85 min ailənin 350 mindən çox üzvü ünvanlı dövlət sosial yardımı ilə təmin olunur; 100 minədək aztəminatlı ailə (400 min ailə üzvü) ərzaq yardımı ilə təmin edildi; iş yerlərinin və əməkhaqlarının qorunması istiqamətində isə onu demək olar ki, 1 yanvar 2020-ci ildən özəl sektorda əmək müqavilələrinin sayında 110 minədək, yəni 17 faizlik artım baş verib. Əmək müqaviləsi ilə özəl sektorda işləyən insanların sayı 751,3 minə çatıb.

Ödənişli ictimai iş yerlərinin sayı 38 mindən 90 minə çatdırılıb, artıq 65 min insan əmək müqaviləsi ilə bu işlərə cəlb olunub.

Azərbaycan Prezidentinin göstərişi ilə birdəfəlik ödəmə proqramının əhatə dairəsi 3 dəfə artırılıb və 600 min şəxsi əhatə edib. Həmin şəxslərə aprel-may ayları üzrə ölkə üzrə yaşayış minimumu səviyyəsində (aylıq 190 manat) birdəfəlik ödəmə verilib. Bu məqsədlə 229 milyon manat sərf olunub. İşsizlikdən sığorta ödənişlərinin də əhatə dairəsi genişləndirilir. Hazırlanmış yeni qanunverciilik layihəsində əmək müqaviləsinin müddəti bitmiş şəxslərə də işsizlikdən sığorta ödənişinin şamil edilməsi təklifi qeyd edilib.

Özünüməşğulluq proqramının genişləndirilməsi və icrasının sürətləndirilməsi də prioritet məsələlərdəndir. Dövlət başçısının tapşırığı ilə 2020-ci il üzrə 12 min ailənin (50 min ailə üzvü) özünüməşğulluq proqramına cəlb edilməsi işləri aparılır. Bunun üçün İşsizlikdən Sığorta Fondundan 70 milyon manat ayrılıb. 2021-ci ildə proqramın əhatə dairəsi daha da genişlənəcək. 28 iyul 2020 tarixədək artıq 4200-ə yaxın şəxs proqrama cəlb edilib.
Xüsusi həssas təbəqələrin sosial müdafiə tədbirlərinin gücləndirilməsi də nəzərdən yayınmayıb. Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üzrə yaranmış 200 mln. manat ehtiyatı əhaliyə sosial ödənişlərin davamlılığını təmin etməyə yönəldildi. Bu ödənişləri (pensiya, müavinət təqaüd, kompensasiya, ünvanlı sosial yardım) 2,3 milyon şəxs alır.

Nazirlər Kabinetinin 23 iyun 2020-ci il tarixli Qərarında ünvanlı dövlət sosial yardımının müddəti bitmiş aztəminatlı ailələrə bu yardımın, habelə əlillik müddəti başa çatan əlilliyi olan şəxslərə, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, peşə hazırlığı prosesində fasilə yaranan kursların müdavimlərinə ödənişlərin də davam etdirilməsi nəzərdə tutulur. Ünvanlı sosial yardım alan ailələrin sayı artmaqda davam edərək, son aylarda isə 15 minədək artaraq 85 min olub. Onlarda ümumilikdə 350 mindən çox ailə üzvü var. Hər ailəyə düşən yardımın orta aylıq məbləği 225 manatdan çoxdur. 15 000-dən çox tənha yaşlı sosial xidmətlərlə əhatə olundu. Sosial tərəfdaşlar vasitəsilə artıq 100 min ərzaq payı aztəminatlı ailələrə (400 min ailə üzvü) verilib.

Görülən tədbirlər Prezident İlham Əliyevin "Bizim dövlətimiz hər zaman vətəndaşın yanındadır" fikrinin bariz təzahürüdür".

araz.az

Əlaqəli xəbərlər