Təhsil Nazirliyi test imtahanlarının ləğvi ilə bağlı yayılmış xəbərlərə münasibət bildirib

15040022953773864458_1000x669_710.jpg

"Söhbət test imtahanlarının ləğvindən getmir. Söhbət bizim gördüyümüz və bildiyimiz qaydada test imtahanlarının təkmilləşdirilməsindən gedir".

Araz.az SalamNews.org-a istinadən xəbər verir ki, bunu təhsil nazirinin müavini, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının üzvü Ceyhun Bayramov Azərbaycanda test imtahanlarının ləğvi ilə bağlı yayılmış xəbərlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, faktiki olaraq bu prosesə başlanıb: "Bu il IX siniflərdə orta təhsil səviyyəsində buraxılış sinfində həyata keçirilən imtahanlara nəzər salsaq, bunun fərqli bir formatda olduğunu görürük. Həmin imtahanlar iki mərhələdən ibarət olub. IX sinfin buraxılış imtahanlarının ilkin mərhələsi martda, ikinci mərhələsi iyunda keçirilib. Həmin mərhələlərin qiymətləndirilməsində müəyyən fərqlər var. Şagirdlər birinci mərhələdə daha çox açıq tipli suallar, ana dili fənnindən esse, açıq sualların cavablandırılması, riyaziyyat fənnindən yenə də yazılı misal-məsələlərin həlli, ikinci mərhələdə isə daha çox vərdiş etdiyimiz ənənəvi test üsuluna daha yaxın olan bir sistem üzrə imtahan verirdi. Bunun da özəlliyi ondan ibarətdir ki, IX sinifdə oxuyan həmin uşaqlar doqquz il əvvəl yeni sistemlə-kurikulumla tədrisə başlayıblar. Orada nəzərdə tutulmuş standartların yalnız test üsulu ilə qiymətləndirilməsi mümkün deyil. Ona görə də, daha geniş və əhatəli qiymətləndirmə prosesinin həyata keçirilməsi prosesinə başlanıb".

Əlaqəli xəbərlər