“Rusiya Qarabağ savaşında birbaşa bizə qarşı olmasa da, agenturası Ermənistana dəstək verəcək…”

put 768x489“Türkiyə MİT-in dəstəyi ilə “KQB”-“QRU” şəbəkəsinin əsas strukturlarını ifşa etmədən Qarabağı azad edə bilməyəcəyik…”

Fikir savaşı…

Bu gün – Azərbaycan -Türkiyə birgə təlimləri yekunlaşır. Ölkə əhlinin müzakirə etdiyi ən ümdə məsələlərdən biri – bundan sonra qardaş ölkə ilə hərbi əməkdaşlığın necə davam edəcəyi, Türkiyə ordusunun bazalarının Azərbaycanda qurulub-qurulmayacağı, bir sözlə, Qarabağın azad edilməsi əməliyyatında rəsmi Ankaranın birbaşa bizə dəstək verib-verməyəcəyidir…

Türkiyə-Azərbaycan birgə hərbi təlimləri birinci dəfədir ki, belə geniş məkanda keçirilir. Və müxtəlif təyinatlı Türkiyə ordu hissələrinin müvəqqəti dislokasiya olunduğu coğrafi məkanlara diqqət etdikdə də bunun bir təsadüf olmadığı qənaətinə gəlirsən. Türk və Azərbaycan hərbçilərinin Naxçıvandan əlavə, hərbi və iqtisadi-siyasi baxımdan Bakı, Gəncə, Yevlax və Kürdəmir kimi strateji məntəqələrdə hər iki ölkənin bayraqları altında təlim keçməsi qeyri-iradi göz önünə 102 il öncə -1918-ci ilin təxminən eyni dövründə- iyul-avqust aylarında yalnız Bakının deyil, bütövlükdə Azərbaycanın Rusiya və Böyük Britaniyanın dəstək verdiyi erməni daşnak və eser-menşevik birləşmələrindən azad olunması ilə bağlı Nuru paşanın komandanlıq etdiyi Qafqaz İslam ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar xatırlanır… Osmanlı və Azərbaycan türkləri ilə yanaşı, regionda yaşayan bir sıra digər müsəlman-türk xalqlarının nümayəndələrinin də daxil olduğu müzəffər İslam ordusu Gəncə istiqamətindən Azərbaycan torpaqlarına daxil olaraq Yevlaxdan keçməklə bir-birinin ardınca Göyçay, Kürdəmir, Ağsu, Şamaxını işğaldan azad etmişdi… Və bu günkü təlimlərin trayektoriyası sanki Türkiyə dövlətinin bir mesajıdır ki, əgər Azərbaycan xalqı və dövləti “hə” deyərsə, tarix yenidən təkrarlana – bu dəfə də ildırımsürətli birgə əməliyyatla qısa müddətdə Qarabağı, Xocalını, Xankəndini, Şuşanı, Laçını, Kəlbəcəri və s. azad edə bilərik…
Onu da vurğulayaq ki, Qarabağın azadlığı Türkiyənin birbaşa özünün də strateji maraqları üçün yetərli qədər əhəmiyyət daşıyır…

Təəssüf ki, bu gün Azərbaycan xalqının böyük əksəriyyətinin Türkiyə hərbi bazalarının burada daimi qalması, hətta Azərbaycan-Türkiyə konfederasiyasının yaradılmasına razı olmasına rəğmən sayca az olsalar da, siyasi və maddi cəhətdən daha güclü təşkilatlanmış və Rusiyanın 200 ildən çox müddətdə ərazimizdə çox dərin köklər salmış kəşfiyyat-agentura-korrupsiya şəbəkəsinə güvənən Rusiyapərəst qüvvələr var gücləri ilə bu prosesə müqavimət göstərirlər… Bu işdə onlara ermənilərlə birbaşa qohumluq əlaqələri olan vəzifəlilər və oliqarxlar şəbəkəsi də böyük dəstək verir…

Onu səmimi olaraq etiraf etmək lazımdır ki, biz 30 ilə yaxın müstəqillik illərində biz bu “KQB”-“FSB”-Korrupsiya şəbəkəsi ilə bacarmadıq. Bacarsaydıq, Qarabağ həmin müddət ərzində işğal altında qalmaz korrupsiya və məmur özbaşınalığı bu gün ölkə üçün ən ağrılı problemə çevrilməzdi… Bacarsaydıq, ölkənin Milli(!) Təhlükəsizliyini(!) təmin etməli bir dövlət qurumu gənc dövlət üçün ən azı 11 illik böyük və strateji bir zaman kəsimində dolayısı, bəlkə də birbaşa düşmənlərimizə xidmət etməklə özü korrupsiya və mütəşəkkil quldurluq və talançılıqla məşğul olaraq Azərbaycanı daxildən dağıtmaqla məşğul olmazdı…
Hələ digər qurumlardakı olaylardan danışmırıq…

Odur ki, bizim imperiya və erməni gücləri və şəbəkələrinə qarşı nəinki Türkiyə quru, artilleriya qoşunları, aviasiyası və s. ilə, eyni zamanda Türkiyə Milli İstihbarat Təşkilatı(MİT) ilə birgə savaşmamız zəruri və vacibdir… Çünki müharibələrin, ümumiyyətlə, ölkələrin taleyini, əsasən üzdə görünən görüş, danışıq, təlim və hətta birbaşa döyüş əməliyyatları deyil, kəşfiyyat və xüsusi xidmət orqanları həll edir… 1994-cü ildən bəri deyirik: AXC-Elçibəy hakimiyyəti Qafqazda Rusiya ordusunu hamıdan öncə çıxarmasıyla fəxr edirdi… Ancaq rus ordusu çıxarılsa da, əvəzində hər biri bir orduya bərabər “KQB” və “QRU” generalları başda olmaqla bu günədək dildə Vətəndən, Qarabağdan danışıb əslində canla-başla Kremlə xidmət edən nəhəng bir agentura şəbəkəsi qaldı… Heç olmasa, lüstrasiya haqqında qanun qəbul edib əlimizdə olan arxivləri açmadıq ki, siyasi, hərbi və iqtisadi sahələrdə kök salmış agentura şəbəkəsinin bir hissəsi ifşa edilə… Buna məhz əsas rıçaqları öz əlinə keçirmiş həmin şəbəkə imkan vermədi. Çünki bilirdilər ki, arxivlər açılsa, öncə öz adları çıxacaq və ifşa olunacaqlar…

Bu minvalla müstəqillik illərində həm Qarabağın – işğal altındakı torpaqların taleyini, həm də ölkədəki bir çox əhəmiyyətli iqtisadi-siyasi prosesləri bəhs edilən şəbəkə həll etdi… Qarabağ savaşında Rusiya ordusu birbaşa əməliyyatlara qarışmasa da, daxilimizdəki “KQB”-“QRU” agentura və kəşfiyyatı çox şeyin Ermənistanın xeyrinə həll olunmasına nail oldu… 2016-cı ilin Aprel savaşı və bu ilin iyulundakı Tovuz döyüşlərində də Rusiya kəşfiyyatının Azərbaycanın müxtəlif qurumlarındakı agentura şəbəkəsi vasitəsilə Ermənistan silahlı qüvvələrinə birbaşa dəstək verməsi şübhəsizdir… Həm 1-ci Qarabağ savaşında, həm də qeyd edilən döyüşlərdə ordumuzun aparıcı general, polkovnik və zabitlərinin, eləcə də könüllülər arasından yetişmiş nüfuzlu komandirlərin aradan götürülməsi əməliyyatları məhz bəhs edilən xəyanətkar şəbəkənin vasitəsilə həyata keçirilib… Təəssüf ki, əlimizdə hüqüqi əsas olmadığından həmin şəbəkənin düşmən fəaliyyətləri məntiqlə ifşa olunan aparıcı nümayəndələrinin adlarını çəkə bilmirik…
Və Türkiyə kəşfiyyat və təhlükəsizlik xidmətlərinin birbaşa dəstəyi ilə “KQB”-“FSB”- “QRU” şəbəkəsinin əsas strukturlarını ifşa edib zərərsizləşdirmədən biz istər iqtisadi-siyasi həyatımızda, istərsə də Qarabağın azad olunmasında heç bir həlledici uğura nail ola bilməyəcəyik…

Rusiya hakimiyyətinin və Azərbaycandakı Rusiya və ermənipərəstlərin qorxduğu yalnız Türkiyə ordusu deyil, eyni zamanda müstəqillik illərində qardaş ölkədə tükçü, millətçi, müsəlman ruhunda təhsil almış general və zabitlər korpusudur ki, onlara düşmən münasibəti Aprel və Tovuz döyüşlərində də göründü…

Azərbaycandakı Moskvaya bağlı sırf korrupsiya-oliqarx şəbəkəsinə də Türkiyənin Azərbaycanda bazalarının qurulması sərf etmir… Çünki həmin bazaların aurası məmur nomenklaturasına da və nəticədə ölkədə korrupsiyanın zəifləməsinə də öz uğurlu təsirini göstərəcək…

Deyilənləri nəzərə alsaq, bu gün Azərbaycan xalqı üçün qorxulusu və təhlükəlisi Türkiyə ordusunun buradan heç bir yeni saziş-filan olmadan çıxıb getməsindən sonra Qarabağın azadlığı üçün keçiriləcək növbəti əməliyyatlara “FSB”-“QRU”-korrupsiya şəbəkəsinin yenidən müdaxilə etməsidir… Moskvanın və onun Azərbaycandakı “5-ci kalonu”nun ürəyindən keçir ki və bəlkə də pərdə arxasında bunun üçün çabalar göstərirlər ki, Türkiyə ordusu buradan getsin, onun burada heç bir bazası qurulmasın və ümumiyyətlə, rəsmi Ankara Qarabağdakı proseslərə qarışmasın… Rusiya hökuməti də desin ki, biz də heç nəyə qarışmırıq, heç bir müdaxilə etmirik, gedin Qarabağı ermənilərdən azad edə bilirsiz- edin… Və nəticədə biz növbəti, daha genişmiqyaslı hərbi əməliyyatlara başlayaq… Doğrudan da Moskva birbaşa hərbi əməliyyatlara heç bir müdaxilə etməyə, Ermənistana hərbi dəstək verməyə, fəqət, əvəzində hər iki ölkədəki agentura şəbəkəsi vasitəsilə erməni hərbi birləşmələrinə kəşfiyyat və diversiya dəstəyi verə, Azərbaycanın daxilində də müəyyən siyasi oyun və təxribatlar törədə və nəticədə biz yenidən məğlub duruma düşək, torpaqlarımızın daha bir hissəsi işğal təhlükəsi altında qala…

Beləliklə, Azərbaycanın əsl vətənpərvərlərinin qərarı qətidir… Son 200-300 ildə ermənilərin Azərbaycanda, o cümlədən Qarabağda yerləşdirilib gələcəyimiz, bu günümüz üçün minaya çevrilməsinə şərait yaradan Rusiya son 30 ildə də Qarabağı səmimi şəkildə respublikamızın tərkib hissəsi kimi tanımayıb, onun Azərbaycan üçün azad olunmasına çalışmayıb və bundan sonra da çalışmayacaq… Bu, şəksizdir… Tarixən bəzi hökmdar və liderlərinin ermənilərin Azərbaycana köçürülməsinə dəstək verməsinə rəğmən bizim hər cəhətdən, o cümlədən Qarabağın azadlığı, korrupsiyadan qurtulmağımız baxımından nicatımız Türkiyədə, bu qardaş, müsəlman dövlətlə birlikdədir… Və Türkiyə ordusu bu dəfə də gedib bizi Rusiyanın umuduna buraxsa, Kreml Qarabağ savaşında bizə qarşı olmasa da, agenturası Ermənistana birbaşa dəstək verəcək və bizi növbəti dəfə məğlub duruma düşürməyə çalışmaqla “bu xalq döyüşməyi bacarmır” kimi zəhərli stereotipləri beyinlərimizə yerləşdirərək, ümumiyyətlə, ölkəmizi dövlətçiliyimizi itirmək təhlükəsi qarşısında qoyacaq…

İ Cahan savaşında və 1918-ci ildə Osmanlı əsgərləri ilə birgə Qarabağda ermənilərə qarşı döyüşlərdə iştirak etmiş ulu bəy babam hələ 1960-cı illərdə atama deyərmiş: “Oğul, 1918-də Osmanlı gəlməsəydi, Qarabağ, Zəngəzur o vaxtdan işğal olunacaq və Azərbaycan olmayacaqdı… Bizim yiyəmiz yalnız Türkiyədir…”

Sultan Laçın

Əlaqəli xəbərlər