Mühəndis-istehkamçılarımız hər an döyüşə hazırdır - REPORTAJ

bandicam 2020 09 18 17 47 15 224"N" hərbi hissəsində əsgərlərin döyüş hazırlığının təkmilləşdirildiyinin şahidi olduq. Zabit İlyas İlyasov dedi ki, əsgərlərimizin mənəvi-psixoloji vəziyyəti, peşəkarlığı və ixtisas hazırlığı daim diqqət mərkəzində saxlanılır. Əsgərlərin döyüş ruhunu yüksəltmək üçün zabitlər tərəfindən daim söhbətlər aparılır. Döyüş hazırlığımız isə dərs və təlimlərdə yüksəldilir.

Gördüyümüz kimi, mühəndis-istehkamçılarımız xüsusi qurğunun taktiki-texniki xüsusiyyətlərini öyrənir və təcrübələrini təkmilləşdirirlər. Bu qurğu minalanmış sahədə keçid açmaq üçün istifadə olunur.


Digər tərəfdə bir qrup şəxsi heyət minaaxtaran vasitəsi ilə minaların tapılması və onların zərərsizləşdirilməsini məşq edirdilər.

Dərsin bitməsini səbirsizliklə gözləyirəm. Bu anda da əsgərlərimizin Vətən sevgisini düşünürəm:

- Torpağı sevmək, Vətən naminə canını fəda etmək həqiqi vətəndaşa xas olan qabarıq xüsusiyyətlərdəndir. Vətən sevgisi insan ruhuna ana laylası, ata nəvazişi ilə hopur. Ana körpəsinə laylasıyla bərabər, Vətən sevgisinin ilk toxumlarını səpir, illər ötür, bu sevgi düşüncəyə, ruha hopur, əlçatmaz ilahi duyğuya çevrilir.

Dərs bitdikdən sonra ilk həmsöhbətim dərs boyu əsgərlərinə bilik və bacarıq aşılamağa çalışan baş leytenant Camal Əzizbəyli oldu. Zabit qeyd etdi ki, əsgərlərin hər biri dərslərdə fəal iştirak edir, mühəndis-istehkam qurğularının fəaliyyətini dərindən öyrənirlər. "Hər bir əsgər öz məsuliyyətini dərk edir. Döyüş zamanı onların bir səhvinin başqalarının ölümünə səbəb ola biləcəyini bilirlər. Hər biri dərk edir ki, mühəndis-istehkamçı ehtiyatlı və dəqiq olmalıdır. Əsgərlər yaxşı bilirlər ki, döyüş meydanında minalanmış sahələri bir-bir təmizləyərək Qarabağa gedən yolu açacaqlar. Mən bu gün doğma torpaqlarımızda xidmət aparan bütün əsgərlərlə fəxr edirəm, qürurlanıram. Bu gün Azərbaycan əsgərinin taleyinə qeyrətli xalqın müdafiəçisi olmaq yazılıb. Axı onlar Ali Baş Komandanımızın əmrini ilk icra edənlər olacaq. Bu həqiqətən əsl fəxarətdir."

Dərsdə fəal iştirak edən əsgər Ədil İmanovla da həmsöhbət olduq. Hərbi xidmətinin çox hissəsini başa vuran əsgər ixtisasını həvəslə öyrəndiyini, komandirlərindən yeni-yeni biliklər aldığını, bu bilikləri xidməti zamanı dərslərdə möhkəmləndirdiyini, döyüş meydanında dəqiqliklə tətbiq etdiyini bildirdi.

Əsgər Kənan Orucov Ədilin sözlərinə qoşularaq dedi ki, bu gün Vətənin keşiyində dayanan Azərbaycan əsgəri torpaqlarımızın işğaldan azad ediləcəyi günün həsrətilə yaşayır. “Hər an döyüşə hazır vəziyyətdə Ali Baş Komandanın döyüş əmrini gözləyirik”.

Kənanın bu sözlərindən sonra 2016-cı ilin Aprel döyüşlərini xatırlayıram. Ermənistan silahlı qüvvələri Azərbaycanın ön xətt mövqelərini və yaşayış məntəqələrini intensiv artilleriya atəşinə tuturdu. Ayıq-sayıq xidmət aparan, döyüşə hər an hazır olan şəxsi heyətimiz isə əks-həmlə ilə təxribatların qarşısını qətiyyətlə aldı. Ermənistan ordusunun təxribatı məğlubiyyətlə nəticələndi, ordumuzun Aprel zəfəri kimi tarixləşdi. Nəticədə ərazilərimizin müəyyən bir hissəsi düşməndən azad olundu. Bununla da ermənilərin keçilməz səngərləri haqqında mif alt-üst oldu.

Əsgər Qafar Qasımov hərbi formanı geyindiyi ilk gündən Vətənimiz Azərbaycana vicdanla xidmət etdiyini bildirərək söhbətə başladı:

- Son illərdə Azərbaycan Ordusu düşmən təxribatlarının qarşısını dəfələrlə alıb. Bu təxribatların qarşısı alınarkən düşmən ağır itkilər verib. Təbii ki, döyüşlərin qalibiyyətlə nəticələnməsi Vətəninə candan bağlı oğullarımızın, Azərbaycan əsgərinin sayəsində oldu. Havadarlarına güvənən düşmən Azərbaycan əsgərini, Azərbaycan əsgərinin Vətən sevgisini unutdu. Bizlərin ən güclü silaha, Vətən sevgisinə malik olduğumuzu gözardı etdi. Gələcək döyüşlərdə biz bunu bir daha sübut edəcək, hünər və rəşadətimizi bir daha zəfərimizlə təsdiqləyəcəyik.

Əsgər İslam Cəbrayılov isə təlim və dərslərin Böyük Qələbəyə zəmin yaratdığını dedi.

- Vətənpərvərlik insana ailədən, cəmiyyətdən ötürülürsə, döyüşə hazırlıq isə komandirlərimizin əziyyətinin bəhrəsidir. Vətənpərvər cəmiyyətdə böyüyən bizlər torpaqlarımızın işğaldan azad edilməsi zərurətini dərk edir, xidmətimizin ilk günlərindən döyüş hazırlığımıza ciddi diqqət edirik.

Əsgər yoldaşının sözlərindən fərəhlənən Ələkbər Atakişiyev əbədiyaşar komandan Heydər Əliyevin gənclər qarşısında çıxışlarından birində dediyi "Vətəni qorumaq - öz ana torpağını, evini, obasını, yurdunu qorumaqdır. Vətəni qorumaq - öz namusunu şərəfini qorumaqdır. Vətəni qorumaq - öz atasını, anasını, balalarını, övladlarını qorumaqdır. Vətəni qorumaq - Azərbaycan xalqının tarixini, mənəviyyatını, əslər boyu əldə edilmiş milli mədəniyyətini, əsrlər boyu əldə edilmiş milli iftixarını qorumaq deməkdir. Bu şərəfli yoldur, bu şərəfli vəzifədir" kəlamlarını yaşam və xidmət fəlsəfəmiz bilirik, - deyə söhbətə körpü saldı.

Əsgərlərin hər kəlməsində hiss olunan Vətən sevgisi, Qarabağ həsrəti, Ali Baş Komandanın əmrinə hazır olmaları qəlbimə fərəh gətirdi. Böyük Qələbənin tezliklə baş tutacağına, Qarabağ həsrətinə son qoyulacağına bir daha əmin oldum. Həmsöhbət olduğum əsgərlərin simasında bütün əsgərlərə demək istəyirəm ki, unutmayın, müstəqil dövlətin vətəndaşı olmaq böyük xoşbəxtlik olduğu kimi, bu müstəqilliyin keşiyində dayanmaq məsuliyyətli vəzifədir. Vətəni qorumaq müqəddəs vəzifədir. Əslində, bu vəzifə həm də ona görə müqəddəsdir ki, bu Vətəni sizlər, torpağına candan bağlı olan igidlər qoruyurlar.

Vətənə övladlıq borcunuzu yerinə yetirib evinizə başıuca qayıdacaqsınız, hər zaman qürur duyacaqsınız ki, bu Vətənin keşiyində məğrur dayanmısınız. Arzu edirəm ki, komandirlərinizi, onların öyrətdiklərini daim xatırlayıb, Vətənin sizə ehtiyacı olduğu anda səngərlərə qayıdasınız, torpaqlarımızı işğaldan azad edənlərin sıralarına qoşulasınız.

Ceyhun Cəfərli, "Azərbaycan Ordusu"
Ordu.az

Əlaqəli xəbərlər