«BŞTİ və direktor tərəfindən hərraca çıxarılan sinifim artıq öz müştərisini tapıb!» - NARAZILIQ...

1600868486 1Yeni tədris ilinin başlanması ilə məktəblərin köhnə problemləri yenə də baş qaldırıb. Bir çox məktəblərdə müəllimlərlə əmək müqavilələrinin bağlanmasında kobud qanun pozuntularına yol verilir. Bakı Şəhər Yasamal rayon 53 saylı tam orta məktəbin ibtidai sinif (rus bölməsi) müəllimi Axundova Sevil Abbas qızı Təhsil naziri Emin Əmrullayevə müraciət edərək üzləşdiyi problemin həllində kömək istəyir.

Şikayətçi 1972-ci ildən 53 saylı tam orta məktəbin rus bölməsində müəllim işlədiyini bildirir.

“ Ötən tədris ilində mənə məktəbə hazırlıq sinifində dərs demək tapşırılmışdı. Həmin sinifdə mart ayına qədər-pandemiya ilə əlaqədar məktəblər bağlanana qədər dərs demişəm. Daha sonra isə tədrisi onlayn şəkildə davam etdirmişəm. Hətta yay tətili günlərində də şagirdlərimlə əlaqə saxlamış, onların müxtəlif problemlərinin həllində yardımçı olmuşam.

Yayda rayonun qabaqcıl və təcrübəli müəllimi kimi BŞTİ-nin təqdimatına və BŞTİ-nin əməkdaşı Namiq müəllimin xahişinə əsasən birinci siniflərə qəbul prosesinə qatılmış, ağır əməliyyatdan çıxmağıma baxmayaraq 3 həftə saat 9-dan 18-ə kimi imtahan-müsahibələrdə iştirak etmişəm.

Nəzərinizə çatdırım ki, bu ilin may ayının 23-də mənim 65 yaşım tamam olub. Cari ilin fevral ayında 53 saylı məktəbin direktoru vəzifəsindən azad olundu və məktəbə rəhbərlik müvəqqəti olaraq Rəşad Alcanova tapşırıldı. İşdə qalmağım barədə ona müraciət edəndə Rəşad müəllim məni müqavilə ilə işdə saxlayacağına söz vermişdi.

Lakin yeni dərs ili başlayanda Tünzalə Zeynalova bizim məktəbə direktor təyin olunub. Onunla tanış olarkən mənim haqqımda xoş sözlər söylədi və müqavilə ilə işimi davam etdirməmə köməklik edəcəyinə söz verdi. Lakin məktəbdən məndən başqa təqaüd yaşına çatmış 3 müəllimlə müqavilə bağlamaq üçün BŞTİ-nə təqdimat verilməsi və müsbət cavab alınması,bu siyahıda adımın olmaması məni və valideyinləri narahat etməyə başladı. Buna baxmayaraq direktor mənim nüfuzumdan istifadə edərək sinifimə 40-a yaxın uşaq yığmışdı. Sinifim tam komplektləşəndən və tədris prosesinə hazır vəziyyətə gətiriləndən sonra 14 sentyabr tarixində direktor mənə BŞTİ tərəfidən işdən azad olunduğumu və yerimə başqa müəllimin qəbul edildiyini bildirdi. Maraqlı burasındadır ki, işlədiyim 53 saylı məktəbdə Təhsil naziriliyi tərəfindən yalnız bir fizika vakant yeri ayrılmışdır. Mən öz marağım üçün bu vakansiya məsələsini son günə qədər izləmişdim. Elə bu baxımdan ümidlərim üzülməmişdi. Lakin 15 sentyabrdan Gülcənnət adlı yeni müəllimənin məktəbə göndərilməsi hər kəsdə təəccüb doğurmaya bilməz. Mən onda bildim ki, BŞTİ və direktor tərəfindən hərraca çıxarılan sinifim artıq öz müştərisini tapıb!“

Rubrika.Az saytına müraciət edən şikayətçi Sevil Axundova ailə vəziyyətinin ağır olduğunu və işdən azad olunduğu üçün çox çətin vəziyyətə düşdüklərini bildirir:

“Hörmətli nazirimiz! Həyat yoldaşım 32 il bizim məktəbdə direktor müavini işləyib. 3 övlad anasıyam. Böyük oğlum 2000-ci ildən cəbhə bölgəsində zabit kimi xidmət edib. 1997-ci ildə anadan olan kiçik oğlum doğuş vaxtı zədə aldığı üçün nə gəzə,nə də danışmağı bacarmır. 2016-cı ildə isə həyat yoldaşımı maşın vurdu, nəticədə yataq xəstəsinə çevrildi. Ard-arda yaşadığımız faciələr güzəranımızı dəhşətli hala gətirib. İkinci şəxsin köməyi olmadan özünü idarə edə bilməyən kiçik oğlum yardımsız qaldığı üçün böyük oğlum xidmətdən ayrılaraq evimizə qayıtdı. Bütün ailənin yükü çiyinlərimə düşdü, evin tək qazanc gətirəni mən oldum. Böyük oğlum 3 ildir ki, təkrar xidmətə qayıtmağa cəhd göstərsə də buna nail ola bilmir. Evimiz darısqal olduğu üçün onun ailəsi atası evində yaşayır. Məcbur qalaraq kiçik oğluma verilən 300 manat əlilik pensiyasını dolanmaq üçün onlara verirəm. Əlil oğlumla birlikdə mənim maaşımla çətinliklə də olsa dolanırdıq. Ailədə tək maaş alan mənəm. İndi təsəvvür edin ki, yeganə gəlir yerindən də məhrum olandan sonra biz necə dolanmalı,yaşamalıyıq?

Əziz Emin müəllim!

Mənim işdən azad olunduğumu eşidən 30-dan çox valideyin ərizə ilə direktora müraciət etsələr də kobudcasına kabinetdən qovuldular. İndi siz özünüzü mənim sevimli şagirdlərimin və onların əlacsız valideynlərinin yerinə qoyun. Bu sinifə əvvəl-axır bir müəllim dərs deməliydi. Lakin heç kim 6 ay hazırlıq sinifində dərs demiş, uşaqların sevimlisinə çevrilmiş Sevil müəlliməni əvəz edə bilməz! Onlar mənim yenidən sinifə girərək onlara dərs deməmi səbirsizliklə gözləyirlər.

Bütün həyatını gənc nəslin təlim-tərbiyəsinə həsr etmiş bir pedaqoq kimi sizdən xahiş edirəm. Mənim işə bərpa olunmama kömək etmənizi xahiş edirəm. Bu zaman ağır ailə vəziyyətimi, himayəmdə əlil övladımın olmasını, həmçinin həsrətlə yolumu gözləyən 40 şagirdimin,onların valideynlərinin arzu və istəklərini nəzərə almanızı rica edirəm!”

P.S. 53 saylı məktəbin direktoru Tünzalə Zeynalovanın millət vəkili Qənirə Paşayeva ilə rəfiqə olduğu bildirilir. Elə bu baxımdan onun himayəsi ilə çalışdığı deyilir. Hər halda belə deyirlər…

Araşdırmamız davam edir.
 
 
 
 
 
araz.az

Əlaqəli xəbərlər