Ordumuzun ayaq səsləri Xankəndində eşidilir

694432 jsr1hkqfwpDüşmənin bir alayı darmadağın edilib, İrəvana köç başlayıb"Ermənistan məğlubiyyətə məhkumdur"İşğal olunan torpaqlarımızın düşməndən azad edilməsi uğrunda ordumuzun apardığı qətiyyətli əks-hücum əməliyyatları davam edir. Həm Silahlı Qüvvələrimizin, həm də xalqın döyüş əzmi və mənəvi-psixoloji vəziyyəti çox yüksəkdir. Torpaqlarımızın azadlığı uğrunda aparılan döyüşlərdə iştirak edən hərbi qulluqçularımız əsl qəhrəmanlıq nümayiş etdirirlər.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib ki, cəbhənin müxtəlif istiqamətlərində Ermənistan qoşunlarının çoxlu sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikaları sıradan çıxarılıb. Polkovnik bildirib ki, Xocavənd rayonu ərazisində yerləşdirilən 3-cü “Martuni” motoatıcı alayı darmadağın edilib.

Onun sözlərinə görə, düşmən ordusunun komandanlığı hər kəsə müraciət edərək ölən və yaralıların təxliyə edilməsi üçün nəqliyyat vasitələri ilə kömək edilməsini istəyib. Vaqif Dərgahlı deyib ki, Madagizdəki erməni əsgərləri döyüşə girməkdən imtina edir. Madagizdəki erməni ordusunun alayı tamamilə demoralizə olunub:

“Azərbaycan Ordusunun genişmiqyaslı döyüş əməliyyatı nəticəsində Madagizdəki Ermənistan ordusunun alayı tamamilə demoralizə olunub, ölümqabağı əzabları başlayıb. Şəxsi heyət təşviş içindədir. Dəstək məqsədilə yeni gələn ehtiyat qüvvələri də daxil olmaqla bir çoxları döyüşə girməkdən imtina edir və döyüş əməliyyatı rayonunu tərk edirlər”.

Silahlı Qüvvələrimizin qarşısında tab gətirməyən düşmən qüvvələri öz postlarını tərk edərək qaçırlar. Rusiyanın “İzvestiya” qəzetinin yaydığı məlumata görə, Xankəndindən əhalinin kütləvi şəkildə və kortəbii köçürülməsi başlayıb. İnsanların kütləvi şəkildə İrəvana göndərildiyi bildirilir:

“Orada qohumlarının olub-olmadığını bilmədən birbaşa göndərirlər. Deyirlər ki, onları mütləq qarşılayacaqlar. İrəvanda hakimiyyət hər şeyi təşkil edəcək. Polis yoldan keçən maşınları saxlayır və onlar tamamilə pulsuz şəkildə bu ailələri İrəvana aparırlar”.


Ordumuzun uğurlu hərbi əməliyyatları ilə bağlı fikirlərini “Şərq”ə bölüşən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, Qarabağ müharibəsinin iştirakçısı Fərəc Quliyev öncə torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş hərbçilərə və mülki şəxslərə Allahdan rəhmət, yaralılara şəfa diləyib. Partiya rəhbəri bəyan edib ki, indiki prosesə iki müstəvidən baxmaq lazımdır:

“Əvvəlcə müharibənin aktiv fazaya keçməsinin anatomiyasına nəzər salaq. Azərbaycan tərəfi çox səbrlə çalışdı ki, münaqişə dinc yolla həll olunsun. İndi erməni rəhbərliyi və mediası hay-küylə dünya ictimai rəyinə sübut etmək istəyir ki, guya, Azərbaycan tərəfi onlara hücum edib.

Xatırlayırsızsa, 2019-cı illərin sonlarında Ermənistan müdafiə naziri açıq şəkildə bəyan etdi ki, yeni doktrina qəbul ediblər və əlavə torpaqlar naminə müharibəyə başlayacaqlar.

Üstündən xeyli vaxt keçəndən sonra Tovuz təxribatı baş verdi. Düşmən cəbhə bölgəsindən aralıda Azərbaycan sərhədini pozaraq dinc əhalini atəşə tutdu. Həmin ərəfədə, konkret iyul ayında Rusiya tərəfindən ermənilərə 400 ton, avqust ayında isə 500 ton silah-sursat verildi. Yəni müharibə hazırlığı var idi.

Azərbaycan Prezidenti dəfələrlə bütün beynəlxalq aləmi, Minsk Qrupunun üzvlərini, böyük dövlətləri məlumatlandırdı ki, Ermənistan böyük savaşa hazırlaşır, onun qarşısını alın. BMT-nin son iclasında da məsələni qaldırdı. Lakin bu çağırışlara laqeyd qalındı. 30 ildir ki, erməni tərəfi Azərbaycana təcavüzünü davam etdirir. Bu gün bizə “dayanın”, “durun”, “dinc yol axtarın” deyən qurumlar, o cümlədən BMT Ermənistana heç bir sanksiya tətbiq etmədi.

Halbuki, münaqişə ilə bağlı 4 qətnamə qəbul olunub və BMT-nin nizamnaməsinin 7-ci maddəsində təcavüzkar tərəfə, hərbi, yaxud qeyri-hərbi sanksiya tətbiq etmək mümkündür. Bunun üçün orada müəyyən yollar göstərilib. Nəinki ATƏT-in Minsk Qrupunun üzvləri düşmənə təzyiq göstərmədi, üstəlik, Rusiyanın timsalında xeyli silah-sursat verdilər”.


Sabiq millət vəkili vurğulayıb ki, Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, ermənilər faşistdir, çoxsaylı soyqırımlar törədiblər. Buna rəğmən, beynəlxalq qurumlar susdular və bu susqunluq erməniləri ruhlandırdı:

“Keçmiş prezident Serj Sarkisyan Avropa təsisatlarının birində demişdi ki, “biz Xocalıda dinc əhalini ona görə qırdıq ki, bilsinlər ki, zarafat etmirik və mülki əhalini qıracağıq”. Bu açıqlama Ermənistanın mahiyyətini göstərir. Ancaq Sarksiyanın bəyanatına reaksiya olmadı, erməni rəhbərliyi hərbi cinayətə görə məsuliyyətə cəlb olunmadı.

Ermənistan tərəfi günümüzə qədər dinc əhalini hədəf seçib, hətta azyaşlı uşaqları qətlə yetiriblər. Yenə də mülki əhalini vurmaqda davam edirlər. Dinc əhalidən oyuncaq kimi istifadə etməyi xoşlayırlar. Öz əhalilərinə qarşı da münasibət fərqli deyil. Qarabağdan qaçanların qarşılarını kəsib zorla geri qaytarırlar. Döyüşmək istəməyən əsgərlərin güllələnməsi ilə bağlı əmr verirlər”.

F.Quliyev qeyd edib ki, Ermənistan tərəfi tamamilə haqsızdır və MDHP öz mövqeyini bildirib:

“Ötən gün 50 siyasi partiya ilə birlikdə Azərbaycan Ordusunun genişmiqyaslı hərbi əməliyyatlarına öz dəstəyimizi ifadə etmişik. Bildirmişik ki, qandan qorxan erməni əsgəri, anadan əsgər doğulan Azərbaycan türkünün qabağında dayana bilməz.

Təsəvvür edin, biz post qurmuşuq ki, savaşmaq üçün cəbhə bölgəsinə axın edən mülki şəxslərin qarşısını alaq, ermənilər isə geriyə qaçanları tutmaq üçün post yaradıblar. Düşmənlə aramızda fərq böyükdür. Məlum məsələdir ki, Ermənistan tərəfi arxasında duranlardan, onlara dəstək verənlərdən ruhlanırdı.

Son nəticədə hədlərini əməlli-başlı aşdılar. Bu gün Prezidentin ortaya qoyduğu iradə milli və sosial sifarişdir. Həm 50 partiyanın bəyanatı, yüzlərlə QHT-nin ortaq mövqeyi, həm də bütün Azərbaycan cəmiyyətinin kütləvi dəstəyi onu göstərir ki, nə olur-olsun, bu problemi köklü şəkildə həll edəcəyik. Ermənistan məğlubiyyətə məhkumdur. Düşmən bizə heç nə edə bilməz. Azərbaycan torpaqları üzərində işğalçı erməni əsgərinin yeri yoxdur, varsa da yerin altındadır.

Ordumuz çox güclü və haqlıdır. Bizim güclü müttəfiqlərimiz var”.

Əlaqəli xəbərlər