Müşfiq Ələsgərli: “İlham Əliyev bütün dünyada media ilə bağlı ən çox sərəncam imzalayan ölkə başçısıdır”
“Hansısa media qurumunun əsassız yazısından Mətbuat Şurasına şikayət etmək, “mərdimazarlıq etmək” deyil”
Azərbaycan mediasının hazırkı durumu, inkişaf perspektivləri, mövcud problemlərin həlli yolları, görülən və görülməli olan işlər media müstəxəssislərinin, habelə bu sahədə çalışan, media sektoruna ən müxtəlif formada bağlı olan insanları düşündürən, onların maraq dairəsində olan bir məsələdir. Bu baxımdan Moderator.az olaraq Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri, media eksperti Müşfiq Ələsgərli ilə söhbətimizdə bu və digər məqamlara aydınlıq gətirməyə çalışdıq.
–Müşfiq bəy, öncə Azərbaycan mediasının mövcud durumu ilə bağlı düşüncənizi bilmək istərdik. Ötən illərlə müqayisədə mediamızın hazırkı vəziyyəti nə dərəcədə qənaətbəxşdir?
-Mediamız inkişaf yolundadır. Son 10 il müddətində, əvvəlki dövrlə müqayisədə oturuşmuş, institutlaşmış, peşəkarlaşmış KİV qurumları yaranıb. 90-cı illərdə, 2000-ci illərin əvvəllərində demək olar ki, hər həftə bir KİV qurumu yaranırdı, amma onlar qısa müddət ərzində sıradan çıxırdılar. Bu gün isə yeni KİV qurumları yaransa da, onlar səhnəni tərk etmirlər. Onlar uzun müddət ərzidə fəaliyyət göstərirlər, dayanqlı olurlar. Belə uzunmüddətli fəaliyyət isə KİV qurumu üçün çox əlverişlidir. Çünki belə olanda onlar ixtisaslaşırlar, peşəkar kollektiv formalaşdırarlar, fayda verə bilirlər. Bu, jurnalistlərə daimi iş yeri qazanmaq baxımından da yaxşıdır. İndi ölkə KİV qurumları ümumi media nəzəriyyəsi ilə yanaşı, həm də beynəlxalq təcrübəni əxz ediblər. Medianı özünütənzimləmə strukturları da artıq formalaşıb, peşəkarlaşıb. Elektron media üçün Milli Teleradio Şurası, çap və onlayn media üçün Mətbuat Şurasının faliyyəti qənaətbəxşdir. Media dinamik, daimi inkişafda olan sahədir. Bu inkişafa uyğun olaraq problemlər də yaranır. İnternetin, sosial şəbəkələrin, onlayn medianın inkişafı alternativ informasiya mənbələrinə çıxış imkanlarını artırdığı üçün effektiv olsalar da, media standartlaının pozulması baxımından həm də müəyyən problemlər yaradıblar. Peşəkarlığın aşağı olması, informasiya əldə etmə və yayma prinsiplərinin intensiv şəkildə pozulması, maliyyə dayaqlarının zəifliyi səbəbindən bəzən arzuedilməz qüvvələrin təsir dairələrinə düşmələri ciddi narahatlıq yaradır. Ümidverici haldır ki, bizim dövlətimiz, dövlət başçımız medianın qayğılarının aradan qaldırılmasında maraqlıdır. Prezident İlham Əliyüv bütün dünyada medianın inkişafı ilə bağlı ən çox sərəncam imzalamış prezidentdir. Mən işimlə əlaqədar olaraq tez-tez müxtəlif beynəlxalq toplantılara, konfranslara qatılıram. Oradakı müşahidələrim zamanı da əmin oluram ki, qlobal səviyyədə medianın ciddi problemləri var, amma heç də bütün ölkələrdə medianın problemlərinin həll edilməsi üçün bu qədər çaba göstərilmir. Azərbaycanda medianın inkişaf etdirilməsi üçün xüsusi dövlət proqramı var, 2008-ci ildə medianın inkişafına dövlət dəstəyi konsepsiyası qəbul edilib. Bu konsepsiyanın qəbulundan sonra mediaya yardımın gösəilməsi, onun problemlrinin həlli sistemli proqram halına düşüb. Bu isə mediaya öz müsbət təsirini göstərir. Azərbaycan mediası bütün qayğıları ilə yanaşı inkişaf edən mediadır.
–Ölkə başçısı andiçmə mərasimində vurğuladı ki, prezident seçkiləri kampaniyası zamanı namizədlər kəskin tənqidi fikirlər səsləndiriblər və o, bunu alqışlayır. Bilmək istərdik ki, sizcə ölkə başçısının bu açıqlaması onun sağlam tənqidə müsbət yanaşmasının növbəti təsdiqi hesab edilə bilərmi və sizcə bütün məmur kontingenti prezidentin tənqidə olan münasibətindən ibrət götürməli, mətbuatın tənqidlərinə daha dözümlü yanaşma ortaya qoymalıdırmı?
-Təbii ki, ölkə başçısının bu münasibəti bütün məmurlara örnək olmalıdır. Istər Ümummilli lider Heydər Əliyevin, istərsə də hazırkı ölkə başçısı İlham Əliyevin prezidentliyi zamanında məmurların media ilə münasibətini tarazlaşdırmaq üçün dəfələrlə konkret addımlar atılıb. 90-cı illərin sonunda, 2000-ci illərin əvvəllərində Heydər Əliyev media ilə bağlı məmurlara çağırış da etdi. Bu, o zaman idi ki, dövlət tənzimləyəci qurumu – Mətbuat və İnformasiya Nazirliyi ləğv edilmişdi. Media özünütənzimləmə müstəvisinə yeni qədəm qoyurdu. Təbii ki, yeni sistemə keçidin müəyyən problemləri, çaşqınlıqları olur. Həmin vaxt media qurumlarına qarşı total şəkildə məhkəmə prosesləri başlamışdı. O zaman Heydər Əliyev məmurlara çağırış etdi, mediaya qarşı məhkəmə iddialarını geri götürəyə çalışdı. H.Əliyev başa düşürdü ki, media yenicə təzə müstəviyə keçir. Təbii ki, burada səhvlərin olması mümkündür. Və onun çağırışı ciddi effekt verdi.
Mediaya qayğı siyasəti prezident İlham Əliyevin dönəmində də davam etdirilməkdədir. 2010-cu ildə jurnalistlərin diffamasiyaya görə məhkəmələrə cəlb edilməsi praktikasının aradan qaldırılması üçün xüsusi səyi oldu. Cənab prezident dəfələrlə bildirib ki, media mənim dostumdur və ölkədə ictmai nəzarət funksiyasının yerinə yetirilməsinə mühüm dəstək verir. Fikrimcə, prezidentin belə yanaşması mediaya çox ciddi dəstəkdir və inkişafı stimullaşdırır…
–Bəs sizcə məmur heyəti ölkə başçısının bu çağırışlarına lazımınca əməl edirmi?
-Məmur kontingenti çox zaman ölkə başçısının bu tövsiyyəsinə əməl edir. Amma təəssüf ki, bəzən bu çağırışları eşitməyən, medianın mahiyyətini anlamayan məmurlar da olur. Onlar media ilə bağlı müəyyən problemlər yaratmağa cəhd göstərirlər. Belələri anlamır ki, onlar əslində mediaya deyil, özlərinə problem yaradırlar. Normal işləmək üçün media ilə dost olmaqdan daha yaxşı variant yoxdur. Uzağa getməyək, son 10 ilin arxivinə nəzər salaq. Bu dövrdə hansı məmur KİV üçün problem yaradıbsa, bu gün vəzifədə deyil. O adamlar ki, media ilə haqsız qarşıdurmaya gediblər, media ilə skandal törədiblər, onların heç biri vəzifədə və gündəmdə deyil. Bu, digər məmurlar üçün də örnək olmalıdır.
–“Reket jurnalistlər”ə qarşı atılan bütün addımlara rəğmən məlum problemin tam olaraq həll edildiyini söyləmək mümkün deyil. Sizcə həm maarifçilik və ictimai qınaq, həm də sərt inzibati üsullarla mübarizənin tam olaraq sıradan çıxara bilmədiyi “reket jurnalistikası” öz yaşam gücünü hardan necə əldə edir?
-“Reket jurnalistlər” probleminin aradan qaldırlması üçün ölkəmizdə çoxtərəfli fəaliyyət gedir. Bunlardan birini Azərbaycan Mətbuat Şurası aparır. Mətbuat Şurasının tərkibində Şikayətlər komissiyası, “Reket jurnalistikası”na qarşı mübarizə komissiyası və s. fəaliyyət göstərir. Mətbuat Şurasının sədri Əflatun Amaşovun, həmçinin, Mətbuat Şurası İdarə Heyəti üzvlərinin ortaya qoyduqları qətiyyətli iradə nəticəsində ənənəvi mediada bu problem yüksək faizlə həll olunub. Müşahidələr göstərir ki,ənənəvi media sektorunda sıxışdırılan reket jurnalistlər onlayn mediaya transfer olunurlar. Onlayn mediada isə bu problemin həlli bir qədər problemlidir. Yəni problemin qanuni yolla həli üçün qanuni baza formalaşdırılmaıdır. Düzdür, bu məsələlər dolayısı yolla tənzimlənir. KİV haqqında qanunun 3-cü maddsində göstərilir ki, internet media da KİV qurumlarıdır. Bu baxımdan ənənəvi KİV-lə yanaşı, onlayn media da KİV qurumu kimi bu qanunun çərçivəsində fəaliyyət göstərməlidir. Ancaq təəssüflər olsun ki, bir çoxları bunu anlamır.
Internet resursunun tənzimlənməsi ilə bağlı əlaqədar qanunlara dəyişikliklər edilir. Bu proses 2013-cü ildə başlayıb. 2013-cü ilin may ayında CM-nin 147 və 148-ci maddələrinə əlavə və dəyişikliklər edildi. Orada götərildi ki, təhqir və böhranın yolverilməzliyi həm də internet üzərindən yayılan informasiyalara aiddir. 2015-2016-cı ildə CM-nə, Mülki Məcəlləyə, İnzibati Xətalar Məcəlləsinə bir sıra əlavə və dəyişikliklər edildi. Bunlar isə internet informasiya resurslarının tənzimlənməsini nəzərdə tuturdu. 2017-ci ildə isə məsələ köklü şəkildə həll olundu. 2017-ci ilin mart ayında “İnformasiya, informasiyalaşdırma və informasiya təhlükəsizliyi haqında qanun”a ciddi şəkildə əlavə və dəyişikliklər edildi. Burada yayılması qanunla qadağan edilən informasiyaların təsnifatı verildi və qanunun pozulacağı halda hansı addımlar atılacağı dəqiq göstərildi. Bu, neqativ qüvvələrin internetdən sui-istifadə hallarına qarşı mübarizə aparmağı asanlaşdırdı. Onlara qarşı mübarizənin hüquqi mexanizmi formalaşdı.
Amma nəzərə almaq lazımdır ki, “Reket jurnalistlər”ə qarşı mübarizənin effektiv alınması yalnız qanunlardan, inzibati qurumlardan, həmçinin medianın özünütənzimləmə qurumlarımdan – Mətbuat Şurasından, Teleradioa Şurasından, məhkəmələrdən asılı deyil. Mətbuat Şurası öz işini vətəndaşlardan gələn müraciətlər əsasında qurur. Yəni vətəndaşların da bu məsələdə aktivliyi olduqca vacibdir. Vətəndaşlar onlar haqqında əsassız informasiya verən media orqanlarından, internet informasiya resursundan şikayət etməkdən çəkinməməlidirlər. Biz elə şəkildə mübarizə aparırıq ki, heç bir tərəf zərər çəkmir. Mətbuat Şurası məhkəmə qurumu deyil. Biz heç kimi asmırıq, kəsmirik, tutmuruq. Biz sadəcə ictimai qınaq edirik. Onlara izah edirik ki, bu cür neqativ əməllərlə məşğul olmasınlar. Təəssüf ki, bəzən ictimaiyyət bu məsələdə yardımçı olmaqdan çəkinir, şikayəti kiməsə qarşı pislik etmək kimi dəyərləndirirlər. Əgər vətəndaşlar bu cür media orqanlarından şikayət etməyə “mərdimazarlıq etmək”, kimisə “işə salmaq” kimi yanaşırsa, yanılırlar.
-Zaman-zaman “reket jurnalistlər”in hansısa məmurlar tərəfindən himayə olunması ilə bağlı da informasiyalar ictimailəşir. Sizcə məmur –“reket jurnalist” əməkdaşlığının arxasında hansı maraqlar, hansı birgəfəaliyyət zərurəti dayanır?
-Ötən illərdə acı bir təcrübə ortaya çıxdı. Bəzi KİV-lərin adını Mətbuat Şurası “qara siyahı”ya salmışdı. Lakin elələri var idi ki, biz onların məyyən mərhələdə müdafiə olunduqlarını görürdük. Sonradan üzə çıxdı ki, onların bəzisinin arxasında bədnam MTN-nin bəzi satqın ünsürləri dayanıb. Bəzən hansısa iş adamı, məmurlar bu cür adamlardan qorxaraq, çəkinərək ya geri çəkilərək onların fəaliyyətinə şərait yaradırlar, ya da hansısa maraqlarına görə onlara dəstək verməyə çalışırlar.
“Reket jurnalistikası”nın kökünün kəsilməsini istəyiriksə ona qarşı üçtərəfli mübarizə aparılmalıdır. Bunlar inzibati qurumlar, vətəndaşlar və medianın özünütənzimləmə qurumlarıdır. Əgər bu mübarizədə qeyd etdiyim vəhdətə nail olunarsa,o zaman “reket jurnalistikası”nın da kökünü kəsmək mümkündür.
–Müşfiq bəy, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü qeyd ediləcək. Bununla bağlı Moderator.az saytında silsilə məqalələr yer alır, “Şərq” qəzetində “Cümhuriyyətçi jurnalistlər” layihəsi, daha bir sıra media orqanında da müxtəlif araşdırmalar həyata keçirilir. Bütün bunlara rəğmən, ümumilikdə ölkə mediası bu tarixi hadisəyə, Cümhuriyyət dəyərlərinin təbliğinə lazımınca diqqət yetirirmi?
-Mən sizlərə, bu məsələyə xüsusi yer ayıran hər kəsə təşəkkür etmək istəyirəm. Bildiyiniz kimi, 2018-ci il “Cümhuriyyət ili” elan edilib. Mediamızda bununla bağlı yaxşı layihələr təqdim edilir. Qeyd etdiyiniz media orqanlarında, həmçinin bir çox media qurumlarında bu cür materiallar gedir. Bu, çox yaxşı haldır. Bəlkə də bunlar kiməsə qənaətbəxş görünməyə bilər. Lakin bu o demək deyil ki, məsələyə kifayət qədər diqqət yetirilmir. Məsələ odur ki, bu il kifayət qədər siyasi baxımdan aktiv ildir. Ölkədə prezident seçkiləri kimi siyasi proses keçirildi. Şükürlər olsun ki, bu proseslərin çoxu xalqın istəyinə uyğun olaraq həll edildi və artıq tamamlandı. Hesab edirəm ki, may ayı və sonrakı aylarda media Cümhuriyyət məsələsinə kifayət qədər diqqət yetirəcək. Mən bu məsələyə diqqət ayıran, xüsusi rublika ilə çıxış edən bütün media qurumlarına təşəkkür edirəm. Bu məsələdə aktiv olmayan media qurumlarına da səslənərək onları bu işə dəstək verməyə çağırıram.
Cümhuriyyət quruculuğumuz bizim şərəf tariximizdir. Bu, yalnız Azərbaycan xalqı üçün qürurverci olan məsələ deyil. Azərbaycan Xalq Cümhuriyyəti Yaxın Şərqdə, türk və müsəlman dünyasında ilk demokratik cümhuriyyətdir. Indiki halda bunun təbliğinə, bu dəyərlərin yaşadılmasına, azərbaycançılıq ideyasının bir kəs daha ortaya qoyulması üçün əlimizdə böyük bir fürsət var.
Bizim torpaqlarımızın bir qismi məhz Cümhuriyyət dönəmində alınıb ermənilərə verilib. Biz o dövrdəki proseslərin mahiyyətini açıb göstəməklə, həm də bu gün də davam edən bir çox problemin kökünə aydnlıq gətirə bilərik. Odur ki, mən bu böyük və zəruri işə dəstək verən hər kəsə təşkkür edir və uğurlar arzulayıram.
Seymur Əliyev
araz.az xəbər portalı.