“Toylarda əlimi gəlinin başına qoyurdular ki, mənim kimi xoşbəxt olsun”
““Qal sənə qurban” mahnını oxuyub, heç ilk ifaçısı olan Eyvazın adını çəkmirlər, mənə təsir edir”
“Mediadan, mətbuatdan uzaq düşməyimə səbəb bəzi jurnalistlərdir. Təbii ki, bu sözüm hər kəsə aid deyil. Sənətinə, qələminə hörmət etdiklərim də var. Bu gün zəmanə də, jurnalistlər də dəyişib. Zahiri görkəm daxili, pul, var-dövlət savadı üstələyib. Jurnalistlər sensasiya axtarışındadırlar. Görünür ki, zəmanənin tələbi budur. Amma mən bütün bunlardan uzağam, heç kimlə qalmaqalım, intriqam olmadığı üçün məndə heç nə tapa bilmirlər. Soruşanda da deyirlər ki, bundan reytinq gəlir, pul gəlir. Olmaz ki, reytinq gözəl, savadlı şeylərdən gəlsin?! Mütləq şəkildə gərək səs-küy, vur-çatlasın olmalıdır? Mən bütün bunlardan çox uzaqdayam”.
araz.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni, əməkdar artist Təranə Vəlizadə deyib.
“Həyat yoldaşım Eyvaz Həsənov kollecin muğam fakültəsinin axşam şöbəsində oxuyurdu. Biz gənclər isə gündüz şöbəsində təhsil alırdıq. Amma sənət dərsləri bir yerdə keçirildiyi üçün hamı bir-birini dinləyirdi və müəllim səhvlərimizi  düzəldirdi. Xanəndə Nəriman Əliyev bizə dərs deyirdi. Eyvaz İncəsənət Universitetində də təhsil alırdı. Onunla 1972-ci ilin noyabrın 2-də ailə qurmuşuq. “Lalə” qızlar ansamblının müşayiəti ilə qız toyumuz oldu. Eyvaz Həsənov yer adamı yox, göy adamı idi. Tamamilə başqa biri idi. Həm realist idi, həm də böyük duyğu ilə yaşayan biri idi. Gözəl şeirlər də yazırdı. Mən onun şeirlərini oxuyandan sonra öz cızma-qaralarımı itirdim, cırıb atdım. Əgər o mənim sənətimdə olmasaydı bəlkə də ona bu qədər bağlı olmazdım. Çünki məni onun cismani sevgisi yox, sənətimə, mahnılarıma olan sevgisi də maraqlandırırdı, yaşadırdı. Səhnədə də bir idik, evdə də. Xoşbəxt anlar, dəqiqələr olur” deyə sənətkar bildirib.
Sevilən müğənni bildirib ki, Eyvaz Həsənovla ilk ailə duetini yaradıb.
““Qal sənə qurban” mahnısını çox sevirəm. Kimsə oxuyanda mənə təsir edir ki, ilk ifaçının, Eyvazın adını çəkmirlər. Heç olmasa bir rəhmət oxusunlar. Ondan sonra bu mahnını oxumağa dilim gəlməyib. Yalnız qulaq asıram. Ümumiyyətlə, digər mahnılarını da oxumamışam. Bizim duetlərimiz çox məşhur idi. Sevgi içində üzürdük. Bu cür sevgi hər müğənniyə qismət olmur. Nə qədər sevilmək olardı. Konsertlərimiz o qədər çox olurdu ki, çox vaxt toya getməyə heç vaxtımız olmurdu. Hansı toya gedirdimsə əlimi gəlinin başına qoyurdular ki, mənim kimi xoşbəxt olsun. Oxuduğumuz toyda hamı əlini saxlayıb, bizi dinləyirdi. Biz ilk ailə duetini yaratmışdıq” deyə sənətkar bildirib.
araz.az xəbər portalı.

araz.az xəbər portalı.