(Xuraman xanım Muradovanın “Sənə məktub yazacam” kitabı haqqında düşüncələrim)
Çox istedadlı şairə Xuraman xanım Muradovanın yenicə çapdan çıxan “Sənə məktub yazacam” kitabını demək olar ki, birnəfəsə oxudum. Və burada oxuduğum bir-birindən maralı şeirləri, “Nəbi və Həcər” poeması xoşuma gəldi. Bir həqiqəti deyim ki, “Azad Azərbaycan” qəzetinə rəhbərlik etdiyim işimlə və saytlarla əməkdaşlığımla bağlı çoxlu şeir oxuyuram. Əfsus ki, həmin şeirlərin əksəriyyəti ürəyimcə olmur. Yalnız söz yığınıdır. Amma əsl, yüksək peşəkarlıqla yazılan şeirlər var ki, duyğuların, geniş ürəklərin, böyük təxəyyülün, dərin məhəbbətin məhsuludur. Belə şeirləri də yalnız Ulu Tanrı tərəfindən seçilmiş insanlar yazır. Həmin insanlar Böyük Tanrının Yer kürəsində elçiləri sayılır. Onlar ürəyi geniş, səxavətli olurlar. Hətta şeir yazan hökmdarlar , krallar, şahlar belə çox səxavətli, ürəyigeniş olublar. Ona görə də hər adam şeir yaza bilmir.
Bu gün əziz oxucular, məhz belə insanlardan biri, sinəsi Vətən eşqi, millət eşqilə döyünən, qanı, canı ilə millətə bağlı bir şairə və onun yenicə çapdan çıxan “Sənə məktub yazacam” ilk kitabı ilə sizi tanış etmək istəyirəm. Bu insan Xuraman xanım İsmayıl qızı Muradovadır. Kitabdakı elə “Sənə məktub yazacam” şeirinin başlanğıcındakı bu sətirlər isə oxucunu kitabı oxumağa maraqlandırır, həvəsləndirir.
Sənə məktub yazacam…
Yazacam şirin dillə.
Könlünü ovunduran-
Yazacam, üç-beş cümlə.
“Darıxmaq” şeirindən bu orijinal deyilmiş bəndə fikir verin.
Darıxmağın rəngi olmur, əzizim.
Darıxmaq şeh tutan gülə bənzəyir.
Yandırar qəlbini gözə görünməz.
Ocağında sönmüş külə bənzəyir.
Mən bir neçə il idi ki, Xuraman xanım Muradovanın qəzetlərdə, saytlarda çap olunan şeirlərini izləyirdim. Həmin şeirlərin hamısı bir-birindən maraqlı olduğuna görə, onları saytlar, qəzetlər, jurnallar mütəmadi çap etdirdi. Hamısı da böyük oxucu marağına səbəb olurdu. Bu şeirlərdən bir neçəsinə bəstəkarlar hətta mahnılar da yazıb. Bədii qiraətçilər tərəfindən səslənən Xuraman xanımın şeirləritamaşaçılar tərəfindən sevilirdi və yüksək səviyyədə qəbul olunurdu. Onun şeirlərinə yazılan mahnılardan biri “Sənə məktub yazacam” çox istedadlı müğənni Mirələm Mirələmovun ifasında böyük tamaşaçı marağına səbəb olub.
Mən Xuraman xanımın “Sənə məktub yazacam” kitabındakı şeirlərini və “Nəbi və Həcər” poemasını oxudum. Sevindim ki, ədəbiyyatımıza özünün orijinal fikirləri, deyimləri, maraqlı fikir tapıntıları, obrazlı ifadələrdən çox yaxşı, peşəkar istifadə eləməyi bacaran bir şairə gəlir.
Ona görə də belə qərara gəldim ki, yazılı ədəbiyyat aləminə ilk qədəm qoyan, ilk dəfə kitabı çap olunan Xuraman İsmayıl qızı Muradovanı sevimli oxucularımızla daha yaxından tanış edim.
O, 1965-ci ilin avqust ayının 22-də Göranboy rayonunun Xanqərvənd kəndində anadan olub. Amma atası əslən Laçındandır. Laçın da həmişə onun şeirlərinin əsl mövzusu olub. 1972- ci ildə birinci sinfə gedib və 1982-ci ildə orta məktəbi əla qiymətlərlə bitirib. Orta məktəbdə təkcə ədəbiyyata yox, həm də rəssamlığa böyük meyli olan Xuraman xanım, başqa fənləri də əla qiymətlərlə oxuduğundan elə 1982-ci ildə Azərbaycan Dövlət Memarlıq Üniverstetinə daxil olub və 1987-ci ildə memar-mühəndis kimi oranı yüksək qiymətlərlə bitirib.
1990-cı ildən Dövlət Maddi Texniki Təhcizat Nazirliyində mühəndis işləyib. Daha sonra sahibkarlıqla məşğul olmağa başlayıb və “Laçın” Kiçik müəssisəsini yaradıb. Bu müəssisəyə rəhbərlik elədiyi dönəmlərdə 2009-cu ildə “Milan” Hospital Klinikasını təsis edib. Xuraman xanım Avropa Tibb Assosiasiyasinin və EPMA-nin fəxri üzvüdür. Oksford Beynəlxalq Akademiya İttifaqının fəxri Professorudur.
Sahibkarlıqla məşğul olmağa başladığı dönəmdə Xuraman xanım Muradova çoxlu mükafata layiq görülüb. Onlardan bir neçəsini burada tarix kimi yazıram. Şuşa fatehi Xüsusi Təyinatlı Qüvvələr komandanı general polkovnik- leytenatnı Hikmət Mirzəyev tərəfindən iki dəfə Fəxri Fərmanla mükafatlandırılıb və iki dəfə də döyüş nişanı ilə təltif olunub. Xüsusi Təyinatlı Qüvvələr komandanlığının döş nişanı isə hər insana verilmir. Əlahiddə Ümümqoşun Ordu komandanının birinci müavini, Qərərgah rəisi general-mayor Fazil Ağalarov tərəfindən Fəxri Fərmanla təltif olunub. Eləcə də general polkovnik Mais Bərxudarov tərəfindən Fəxri Fərmanla təltif edilib. Azərbaycan Döyüş Sənətləri Federasiyasının Fəxri Fərmanı ilə təltif olunub. N saylı Hərbi Hissə komandiri tərəfindən təltif olunub.Vətən Muharibəsində cəbhəyə göstəriyi köməyə görə və həmçinin qazilərimizə, şəhid ailələrinə göstərdiyi təmənnasız müalicələrə görə Abşeron rayon İcra Hakimiyyətinin Fəxri Fərmanına layiq görülüb. 2017- ci ildə “Lider” TV- də Azərbaycan səhiyyəsinin inkişafında və dünya miqyasında tanınmasında verdiyi xüsusi tövhələrə, ailələrin sağlamlığının möhkəmlənməsində göstərdiyi fədakarlığa, xeyriyyəcilik fəaliyyətinə görə təltif olunub. Son zamanlarda isə Xuraman xanım Muradova Azərbaycan Sahibkar Qadınlar İctimai Birliyi tərəfindən daha böyük mükafat, Xurşid Banu Natavan adına mükafata və Türkiyə Cümhuriyyətinin ödülünə layiq görülub. Bir insanın əldə etdiyi bu qədər mükafat hər adama nəsib olmur. Bu, Vətənini, xalqını, millətini öz canından artıq sevən, yüksək vətənpərvər, böyük şəxsiyyət, seçilmiş insanlara nəsib olub.
Biz inanırıq ki, Xuraman İsmayıl qızı Muradova çap olunan bu ilk kitabından sonra bədii yaradıcılıqla daha ciddi məşğul olmaqla, ədəbiyyat sahəsində də layiq olduğu mükafatlara, fəxri adalara sahib olacaq. Çünki istedad və zəhmət elə bir müqəddəs nemətdir ki, onun qarşısını almaq olmur. Xuraman xanımın yazdığı bir-birindən maraqlı, məzmunlu, obrazlı ifadələrlə zəngin çoxlu şeri bizə bu fikiri qətiyyətlə deməyə əsas verir.
Dahi Nizami Gəncəvi deyir:
Bir elm öyrənmək istədikdə sən,
Çalış ki, hər şeyi kamil biləsən.
Kamil bir palançı olsa da insan,
Yaxşıdır yarımçıq papaqçılıqdan.
Mən qətiyyətlə deyirəm ki, Xuraman xanımın yazdığı və “Sənə məktub yazacam” kitabında çap olunan bütün şeirlər çox kamildir. İnanıram ki, o, gələcəkdə çox tanınmış şairə olacaq və bundan sonra biz onun neçə-neçə şeirlər, poemalar kitablarını da oxuyacağıq. İnanıram ki, Xuraman xanım Azərbaycan ədəbiyyatı tarixində özünün bənzərsiz, dərin şeirləri ilə yaşayacaq. Məhz buna görə də ona gələcək yaradıcılığında böyük uğurlar arzu edirəm.
Yadıma gəlir Xuraman Muradovanın şeirləri 2021-ci ildə respublika mətbuatında çap olunanda, böyük oxucu marağına səbəb olmuşdu. Çünki bu şeirlərdəki orijinallıq onun hər şeirində maraqlı, obrazlı ifadələr tapması, sözaltı mənaların dərinliyi, şeirlərin lakonikliyi Xuraman xanımı az bir vaxtda oxuculara çox sevdirdi. Bütün bunlardan ruhlanan Xuraman xanım Muradova da ilk kitabını çap etdirdi. Kitabda “Yaşamaq istərsən” şeirindəki bu axıcı, lakonik cümlələr yaşamağın necə gözəl olduğuna çox tutarlı bir sübutdur.
Bəzən lal olarsan, bəzən susarsan,
Bəzən ümman kimi dolub daşarsan.
Ürəyin darıxar, ruhun sıxılar,
Bəzən dəniz kimi elə coşarsan..
Yaşamaq istərsən…
Əziz oxucular, inanıram ki, Xuraman xanımın bu kitabı sizin xoşunuza gələcək. Həm də bu kitabın çap olunması Xuraman xanımı da yeni şeirlər, poemalar yazmağa ruhlandıracaq.
Fikirlərimi isə onun “Vətən, ay Vətən” şeiri ilə tamamlayıram.
Səni sevən ürəyim
Hər an sənlə döyünür.
Sən mənim eşq məbədim,
Mənim könül dünyamsan,
Sən bu Vətən dünyamda
Sən mənim öz anamsan.
Vətən, ay vətən!
Başı bəlalar çəkən
Qanlı bir keçmişin var.
Neçə yerə bölünüb
Parçalandın min dəfə
Amma, heç sarsılmadın.
Haqq-ədalət yolunda.
Yazıldı zəfər adın.
Vətən, ay vətən!
Azadlığın eşqiylə
Yanan odlu ürəyin
Mətinləşdi, bərkidi
Mübarizə yolundan
Çəkinmədin heç zaman
Tarix-tarix yaşadın,
Zirvə-zirvə ucaldın
Vətən, ay vətən!
Sorağısan səsimin
Ərşə qalxan ünündə.
Çiçək-çiçək dil açdın
Həqiqətin önündə.
Qərinələr içində
Neçə min il tarixin,
Silinməyən yaddaşın.
Özün boyda dərd daşın,
Vətən, ay vətən!
Dünən igid yaraqlım,
Bu gün zəfər soraqlım,
Dirilən ümidlərim,
Açılan kilidlərim
Sənin zəfər adındı!
Azadlıq adlı səsim,
Şirin ana nəfəsim
Vətən, vətən, ay vətən!!
Azadlıq adlı səsi, şirin ana nəfəsi Vətən olan Xuraman İsmayıl qızı Muradovaya daha böyük yaradıcılıq uğurları arzu edirik. Ondan yeni kitablar gözləyirik. Eşitmişəm ki, Xuraman xanım Muradovanın “Sənə məktub yazacam” kitabı artıq türk dilinə tərcümə olunur. İnanıram ki, bu kitab türk oxucularının da marağına səbəb olacaq. Beləliklə, Xuraman xanıma daha böyük yaradıcılıq sevincləri arzu edirik.
Ağalar İDRİSOĞLU,
yazıçı-rejissor,
Əməkdar incəsənət xadimi,
Azərbaycan Yazıçılar Birliyinin üzvü
araz.az xəbər portalı.