Şirvan Şəhərində böyük teatr layihəsi yekunlaşıb
Milli-mənəvi dəyərlərimizin daşıyıcılarından olan teatr sahəsinə marağın getdikcə azaldığı bir dövrdə, ortaya çıxan fəaliyyətlər hər zaman gəncliyimiz üçün əhəmiyyət kəsb edir. Bu gün ölkəmizdə bu yönə istiqamətlənən, teatr, aktyorluq, rejissorluq və digər sahələrdə təhsil alan gənclər yetərincə olsa da, bu sahədə böyük təşəbbüslərə az rast gəlinir. Belə fəaliyyətlərdən biri də, bu günlərdə Şirvan Şəhərində baş tutub.
Belə ki, Şirvan Gənclər Evinin əməkdaşı olan Rəşad Aslanın ideya müəllifi olduğu “Teatr Asılqandan Başlayır” layihəsi Azərbaycan Gənclər Fondunun maliyyələşdirdiyi “İdeyanı Reallaşdır — 2022” qrantının qalibləri sırasında yer almış və 3 ay müddətində Şirvan məktəbliləri və gəncləri üçün fəaliyyət göstərmişdir. Şirvan Gənclər Evi, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi, Şirvan şəhər Mədəniyyət Mərkəzi, Şirvan-Salyan Regional Təhsil İdarəsi və “Vətəndaş Cəmiyyətində Debat” İB-nin də tərəfdaşlığı ilə baş tutan layihədə, bu sahədə marağı olan gənclər bir yerə toplaşıblar.
Adı yuxarıda çəkilən İctimai Birlikdən araz.az-a daxil olan məlumata görə, layihənin tələblərinə cavab verən bu gənclər ümumşəhər gənclərinin iştiarkı ilə hazırlanan yekun tamaşada çıxış ediblər. Ssenarisi layihə rəhbəri Rəşad Aslana aid olan və layihə üçün yazılan, tariximizin qanlı səhifələrindən olan 20 Yanvar faciəsi qurbanlarından İlham və Fərizənin həyatından bəhs edən “Göyərçin Gərdanlığı” tamaşası 6 mart 2023-cü il tarixində Şirvan şəhər Mədəniyyət Mərkəzinin səhnəsində canlandırılıb.
Məlumata istinadən, onu da qeyd edək ki, şəhər ictimaiyyətinin marağına səbəb olan tamaşanın quruluşunda tanınmış teatr və fil aktyoru, rejissor Vahid Orucoğlu da iştirak edib. O, gənc, həvəskar aktyorlara öz bilik və bacarığını aşılayıb. Azərbaycan Gənclər Fondunun “Gənc İstedad” mövzusu istiqamətində maliyyələşdirdiyi bu layihə, şəhərin incəsənəti, xüsusilə də teatr sahəsində canlanmaya səbəb olub və elə, layihə rəhbəri Rəşad Aslanın təşəbbüsüylə yaradılan “Rəşan Dram Teatrı”-nın inkişafına müsbət təsir göstərib.
araz.az xəbər portalı
araz.az xəbər portalı.