İndiyədək, ölkənin məşhur “Araz” supermarketlər şəbəkəsinin mağazalarında kifli çörəklərin satılması barədə, media vasitələrində və sosial şəbəkələrdə dərc olunan yazı və statuslar, çox vaxt bizim üçün də, inandırıcı olmurdu. Lakin bu gün axşamüstü deyilənlərin həqiqət olduğuna, “Araz” Media Qrupu”nun və araz.az xəbər portalının əməkdaşları olaraq, özümüz şahidlik etdik və bu dəhşətin ağrı-acısını yaşadıq. Həm də dəhşət onda oldu ki, özü də, bu keyfiyyətsiz çörəyi aldığımız həmin market paytaxtın ən elitar bir ərazisində, Səməd Vurğun küçəsinin sonundakı məşhur “Olimpik Star”la üzbəüzdə yerləşirdi.

Bir vətəndaş olaraq, evdə çörəyi istehlak etmək istədikdə, onun içində yaranan qatı kifləri gördük. Bu barədə, əvvəllər yazılanların da, həqiqət olduğuna şübhəmiz qalmadı. Və jurnalist olaraq, özümüz bu ciddi məsələni araşdırmağa qərar verdik.

Dəyərli oxucularımızın qiymətli vaxtlarını almamaq üçün, hələlik, yalnız onu demək istəyirik ki, həmin çörəyin üzərində istehsal tarixi belə, alış gününə düşür və elə, buna görə, çörəyi alaraq, evə aparmışıq. Yəni çörəyin üzərində onun istehsal olunduğu tarix, satışa buraxıldığı gün kimi qeyd edilib. Əlimizdəki foto-faktlar da, qeyd etdiklərimizin inkarolunmaz təsdiqidir və onları dəyərli oxucularımızın da diqqətinə çatdırırıq.

Sonda bir daha qeyd edirik ki, bu ciddi məsələ hamını narahat etdiyindən, sabahdan dərin jurnalist araşdırmasına başlayacağıq.

Məhi ELSEVƏR,
araz.az xəbər portalının xüsusi müxbiri.

araz.az xəbər portalı.