İncidilən sahibkarların açıqlamalarında Sumqayıtın rəhbəri “top atəşinə tutulsa da”, icra başçısının heç nə vecinə deyil

İcra başçısı, milyonlarla pullarını vermək istəmədiyi iş adamlarına qarşı bu günlərdə, hətta “tualet” sözüylə başladığı təhdid və hədə-qorxularında, “tualet iyini” getdikcə daha da kəskinləşdirir

Mövzusu əsasən tualet sözüylə bağlı olan və bu günlərdə araz.az-da dərc olunan yazımızda xüsusi olaraq vurğuladığımız məqamlara görə, necə deyərlər, artıq “qulağımızı dəng ediblər”. Düzdür, həmin yazıya görə bizi alqışlayanlar daha çox olub. Di gəl ki, başçının və yaxın ətrafının adlarıyla bizi müxtəlif üsullarla təhdid edənlər, bu tualet məsələsini daha da qabardaraq, bizimlə başladıqları hər bir söhbətə hədə-qorxu dolu daha iyrənc çalarlar qatmağa çalışıblar. Bizsə, hər dəfə deyilənlərə münasibət kimi yalnız onu deyirik ki, həmin yazıda artıq heç nə uydurub yazmamışıq. Axı, ortada danılması mümkünsüz belə bir fakt var ki, bu yaxınlarda Sumqayıtın icra başçısı Zakir Fərəcov milyonlarla borclu qaldığı sahibkarları qəbul edərkən, onların pullarını tələb etməsi onun xoşuna gəlməyib. Və bu səbəbdən də, onları təhdid etməkdən belə çəkinməyib.

Yuxarıda deyilənlər barədə aldığımız etibarlı mənbə məlumatında da deyilib ki, icra başçısı iş gördürüb, haqqlarını vermədiyi və indiyədək borclu qaldığı həmin iş adamlarına külli miqdarda halal pullarını qaytarmamaq üçün, həmin görüşdə də, biabırçı və məmur etikasına uyğun olmayan ifadələr işlədib. Sahibkarlara qəbul otağındaca deyib ki, ondan bir daha pul istəməsinlər. Əks təqdirdə, 50 min manat verib, onları həbs etdirərək, türməyə göndərəcək.

araz.az-ın əldə etdiyi və həmin yazıda xüsusi olaraq vurğuladığı digər bir məlumata görə, həmin qəbulda, baş verən bir başqa məsələyə də aydınlıq gəlib. Məlum olub ki, Zakir Fərəcov sahibkarları təkcə həbslə hədələməyib. Həm də, onların dövlət qurumlarına etdiyi şikayətləri belə əhəmiyyətsiz hesab etdiyini bildirib. Sahibkarların verdiyi məlumata görə də, icra başçısı qəbulda qışqıraraq, onlara qorxub-çəkinmədən deyib ki, əziyyət çəkib Prezident Admnistrasiyasına, başqa dövlət qurumlarına müraciət etməsinlər. Bunun heç vaxt heç bir xeyrini görməyəcəklər: “Zakir Fərəcov israrla bizə onu bildirdi ki, boş yerə özümüzü yorub, ora-bura müraciətlər ünvanlamayaq. Çünki bizim həmin müraciətlərimizin surətləri, dərhal ona göndərilir. Daha sonra, başçı: “Siz Prezident Aparatına, başqa yerlərə yazırsınız. Onlar da, müraciətlərinizi mənə göndərirlər. Mən də, həmin kağızları götürüb, tualetdə istifadə edərək, atıram!” — dedi”.

Həmin yazımızda, xüsusi olaraq onu da vurğulamışıq ki, sahibkarların özlərinin dediklərinə görə, Zakir Fərəcovun bu sözləri dövlət məmuruna, ölkənin üçüncü ən böyük şəhərinin rəhbərinə yaraşmır. Ümumiyyətlə, Fərəcovun bu qədər özbaşına, harın və kimsədən çəkinməyən olduğu üçün, onlar çox təəccübləniblər: “Belə bir məsul vəzifə sahibinin, Prezident Administrasiyasının ona ünvanladığı sənədləri kağız parçası hesab etməsi, elə də, dəhşətli deyil. Ən dəhşətlisi odur ki, Zakir Fərəcov həmin kağızları tualetdə istifadə etdiyini, yəni, onların onun üçün tualet kağızı qədər dəyərinin olduğunu açıq-aşkar və çəkinmədən deyir. Ölkə tarixində hələ heç bir icra başçısı onun fəaliyyətini tənzimləyən Prezident Aparıtını bu qədər aşağılayıb, təhqir etməyib. Görünür, Fərəcovun arxası dövlətdən, onun qurumlarından daha üstündür ki, o, özündə belə cəsarət tapıb, dövlət qurumunun sənədini tualet kağızı hesab edir. Doğrudan da, ölkənin üçüncü şəhərində çoxdandır rəhbər vəzifəsini tutan Zakir Fərəcovun bəd əməlləri barədə, Prezident Aparatına yazılan şikayət xarakterli çoxsaylı vətəndaş müraciətlərinin ona ünvanlanan surətlərini, onun, tualetdə istifadə edərək atdığını deməsi əsl məmur özbaşınalığı və harınlığının daha bir təsdiqidir”.

Həmin yazımızda da qeyd etdiyimiz kimi, iş adamları bildiriblər ki, bütün görüb, şahidi olduqlarına rəğmən, icra başçısından milyonlarla borclarını almaq üçün, onlar, bütün qanuni imkanlardan istifadə edəcəklər. Yaxın günlərdə isə, bir daha vəkilləri ilə məsləhətləşərək, Zakir Fərəcovu ölkənin ən səlahiyyətli prokurorluq orqanlarına, eləcə də, məhkəmələrə verməyi planlaşdırırlar.

Qeyd edək ki, Zakir Fərəcovla bir qrup sahibkar arasında borc qalmaqalı hələ 2016-cı ildən start götürüb. Sumqayıt Dənizkənarı Bulvarında və şəhərin müxtəlif yerlərində həyata keçirlən yenidənqurma, tikinti və abadlıq işlərini həyata keçirən şirkətlərə icra başçısının milyonlarla borcu yaranıb. Lakin 7 ildir iş adamları həmin pullarını şəhər rəhbərindən ala bilmirlər. O və onun yaxın ətrafı hər dəfə onları bir bəhanə ilə başlarından edirlər. Bəzən təhdid dili ilə danışır, bəzən də, acıqlı və əsəbi şəkildə başlatdıqları söhbətlərində ortaya qoyulan reallıq və həqiqətləri, özlərinin ortaya atdıqları iş adamlarının həbsi məsələsinə dirəyirlər.

Yeri gəlmişkən, onu da qeyd edək ki, həmin görüşdən sonra, Zakir Fərəcov özünə yaxın bildiyi ətrafı ilə bu məsələni müzakirə edərkən belə deyib: “Mən, indi mətbuatda gedən yazılara təkzib verdirə də bilmirəm. Çünki, yuxarılarda da etiraf etmişəm ki, bəli, həmin iş adamlarına o məbləği borcluyam. Onlarla görüşərək, borclarını qaytaracağıma söz vermişəm. Bu etiraf olmasaydı, çoxları əlimdən qurtara bilməzdi, məhkəmələrdə və hüquq-mühafizə orqanlarında onların başlarına oyun açardım!”.

  Yeri gəlmişkən, onu da qeyd edək ki, araz.az-a daxil olan son məlumatlara görə, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla problem yaşayan iş adamlarının qarşıdurması özünün pık həddinə çatıb. Şəhərin hərtərəfli abadlaşdırılmasında iştirak edən, iş görərək və mal verərək pullarını ala bilmədiklərini iddia edən iş adamları bir müddət Prezident Administrasiyasının qarşısına gedərək, başçıdan şikayət ediblər. Şikayətçiləri icra başçısının adından Sumqayıta çağıraraq, pullarını yaxın vaxtda verəcəklərini vəd ediblər. Lakin qəbullardan çıxdıqdan az keçmiş, onlar aldandıqlarını başa düşüblər — üstəlik, başçının göstərişi ilə, onunla daha çox münaqişə yaşayanlar polis tərəfindən şərlənərək, həbsə də atılıblar. Bir sözlə, külli miqdarda alacaqlarını başçıdan istəmələri, onların başlarına bəlalar gətirib. Bu istəklər də, yüksək səlahiyyət sahibinin xoşuna gəlməyib və onları, beləcə həbsə atdırıb. Uzun zamandır iş adamlarını, iddia etdikləri borclarını ala bilmədikləri ilə bərabər, Zakir Fərəcovun bu xoşagəlməz hərəkətləri daha da narahat edib.

Alacaqlarını ala bilməmələri, bunun əvəzində, başçının göstərişi ilə, incidilmələri ucbatından, son ümid yeri olaraq, iş adamları indinin özündə də, Prezident Administrasiyasına üz tutur, ölkə başçısı ilə görüşə can atırlar.

Ümumiyyətlə, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun özbaşınalıqlarından və qanunsuz əməllərindən ölkə mətbuatı uzun zamandır geniş yazılar dərc edir, lakin yuxarı dairələrdən yazılanlara məhəl qoyan tapılmır ki, tapılmır. Həmin məqalələrdə, daha çox, vaxtilə, Sumqayıt bələdiyyəsinə, Abşeron rayonuna, indi isə, bu böyük sənaye şəhərinə rəhbərlik edən bu məsuliyyətli vəzifə sahibinin ağlasığmaz qanunsuz əməllərindən söhbət açılır, xüsusi olaraq vurğulanır ki, o, «yola gəlməyən» imkanlı adamları, ələlxüsus sahibkarları cəzalandırmaq üçun, “çovdarovsayağı” amansız üsullara əl atmaqdan belə çəkinmir. Qəzetçilər öz yazılarında ona da toxunurlar ki, başçının fəaliyyətində yaranmış təhlükə sindromu vətəndaş etirazlarını daha da artırır. Jurnalist araşdırmalarında daha çox ondan da bəhs olunur ki, ölkədə heç bir icra başçısının edə bilmədiyi qanunsuzluqları həyata keçirən Zakir Fərəcov, hakimiyyət çevrəsində yüksək nüfuza malik bir şəxsə arxalandığından, heç nədən qorxub¬çəkinmir, şəhərin hüquq¬mühafizə, məhkəmə qurumlarının rəhbərlərini də, öz mənafeyi üçün qərarlar çıxarmağa vadar edir.

«…Lakin biz buna inanmırıq; İcra başçısının qanunları tanımayan və qanunlarla tənzimlənməyən idarəetməsinin arxasında həmin nüfuzlu şəxsin durması şübhə doğurur, Belə olsaydı, deyilənlər cavabsız çox suallar ortaya çıxarardı. Zakir Fərəcovun özü və onun bəd əməllərindən bəhrələnənlər, etdikləri qanunsuzluqlardan sığortalanmaq üçün, hər addımda bu adı uydurub, ondan bəhrələnirlər. Bütün bunlar isə, bağışlanmaz qatı cinayətdir…».

Yuxarıda qeyd etdiyimiz sözlər, həmin iş adamlarının media vasitəsilə ictimaiyyətə açıqlamalarının birindəndir. Vaxtilə araz.az saytında da dərc olunan həmin açıqlamada, həmin iş adamları Zakir Fərəcovu, sözün həqiqi mənasında, «top atəşinə tutmaqla», «yıxıb¬sürüyüblər»: «Bu sözlər, çox güman ki, tezliklə öz sahibinə çatacaq və özünə gəlməsi üçün, onu silkələyəcək. Onun bu xoşagəlməz əməlləri bizi ona görə narahat edir ki, bu, açıq-aşkar ən çox dövlətə və ölkə başçısına qarşı xəyanət, prezident siyasətinə yönəlmiş birbaşa təxribatdır. Zakir Fərəcov qanunsuz hərəkətlərinə təcili son qoymasa, təbii ki, oturduğu rahat kreslonun dadı tezliklə ona çox görüləcək, çünki möhtərəm Prezidentimiz hər xoşagəlməzliyi görür və nəticəsini çıxaranda, bu, harın məmurlar üçün, olduqca pis nəticəylə sonuclanır».

Sonda, onu da qeyd edək ki, bu açıqlamalarında iş adamları xüsusi olaraq onu vurğulayıblar ki, Zakir Fərəcovun ölkə başçısının tapşırıq və tövsiyyələrinə məhəl qoymaması, istədiyi qanunsuz əməli törətməsi, artıq, adi hala çevrilib: “Bəli, bu, danılması mümkün olmayan bir həqiqətdir ki, bu böyük vəzifə başında onun törətdikləri bağışlanmaz qatı cinayət əməlləridir. Bütün bunlar barədə, ortadakı tükürpədici və dəhşətli faktlar da, Zakir Fərəcovun özünün və ətrafının qanunsuz əməllərinin daha şiddətli olduğunu sübut edir. Onların getdikcə daha harınlaşmaları üçün, münbit şəraitin yaranma səbəbləri isə, heç cür başa düşülən deyil.

Hələlik, bu yazımızı da, elə, burada nöqtələyirik. Məmur harınlığı və özbaşınalığının daha bir sübutu olan qeyd etdiyimiz ciddi məsələləri isə, araz.az xəbər portalı olaraq, diqqətdə saxlayırıq və bu barədə daha geniş yazını, bu yaxınlarda dəyərli oxucularımızın diqqətinə çatdıracağıq. Və bir daha qeyd edirik ki, qarşı tərəfin də, məsələyə münasibətini dinləməyə hazırıq.

Səməndər QURBANOV,
Fərhad MƏMMƏDOV,
araz.az xəbər portalının xüsusi müxbirləri.

araz.az xəbər portalı.