Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbəriylə bağlı Baş Prokurorluğa və Dövlət Təhlükəsizliyi Xidmətinə ünvanlanan şikayətlər ətrafında araşdırmaların başlandığı bildirilir

Bu şikayətlər təsdiqini taparsa, Zakir Fərəcovu və komandasındakı yüksək vəzifə sahibləri yaxın ətrafını da, həbs edilən digər icra başçılarının və onların cinayət ortaqlarının taleləri gözləyəcək

Özünü oliqarx kimi ictimaiyyətə çoxdan tanıdan Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun və onun komandasında getdikcə daha da möhkəmlənən yaxın ətrafının qanunlar çərçivəsinə sığmayan bəd əməlləri barədə ölkə mətbuatında, internet media vasitələrində, eləcə də sosial şəbəkələrdə nələr yazılıb, nələr deyilmir?! Konkret desək, ölkənin üçüncü böyük şəhərinin dövlətə və qanunlara sayğısızlıq göstərən rəhbəri və onun vəzifə sahibi yaxın adamları son dövrlər ən çox xoşagəlməz xəbərlərlə medianın diqqət mərkəzinə gəlirlər. Onlar tərəfindən vəzifə başında törədilənlər yazılanlarda, təqdim olunub, deyilən və göstərilənlərdə, bağışlanmaz ən ağır qatı cinayət əməlləri kimi öz qiymətini alır. Bütün bunların, həm də açıq-aşkar dövlətə və ölkə rəhbərinə qarşı xəyanət, prezident siyasətinə yönələn birbaşa təxribat olduğu xüsusi vurğulanır. Bu ciddi məsələyə rəsmi şəkildə münasibət bildirənlərin əksər açıqlamalarında belə, Sumqayıt şəhərinin rəhbəri və onun cinayət ortaqları “top atəşinə tutulsalar da”, icra başçısının heç nə vecinə olmur. Ən dəhşətlisi odur ki, başçı kimi, onun komandasında başına topladığı özü kimi bəd əməl sahibi məmurların qanundankənar xoşagəlməz əməlləri barədə, ölkənin media vasitələri uzun zamandır “həyacan təbili çalsalar” da, indiyədək yuxarı dairələrdən buna ciddi reaksiya görünmür. Bir sözlə, idarəçilikdə hədsiz təəssüf doğuran həqiqət və reallıqlara məhəl qoyan tapılmır ki, tapılmır. Halbuki, bir daha qeyd edirik ki, həmin məqalələrdə və çəkilişlərdə, daha çox, vaxtilə Sumqayıt bələdiyyəsinə və Abşeron rayonuna, sonra isə, bu böyük sənaye şəhərinə rəhbərlik edən yüksək məsuliyyət tələbli vəzifə sahibinin ağlasığmaz qanunsuz əməlləri barədə, inkarolunmaz ciddi faktların və sübutların ortaya çıxarılmasından söhbət açılır.

Ölkə mətbuatında olduğu kimi, araz.az xəbər portalında da, son vaxtlar, daha çox, Zakir Fərəcovun şəhərin giriş hissəsinin yenidən qurulması və inşası, ayrı-ayrı yerlərində möhtəşəm abadlıq işlərini həyata keçirən şirkətlərin rəhbərləri ilə, işlədib, vermədiyi milyonlarla hesablanan külli miqdarda pullarına görə, çoxdan aralarında yaranan intriqa və qarşıdurmalardan söhbət açılır. Jurnalist araşdırmalarında daha çox ondan da bəhs olunur ki, ölkədə heç bir icra başçısının edə bilmədiyi qanunsuzluqları həyata keçirən Zakir Fərəcov, hakimiyyət çevrəsində ən yüksək nüfuza malik tanınmış bir şəxsə arxalandığından, indiyədək heç nədən qorxub¬çəkinmir, şəhərin hüquq¬mühafizə, məhkəmə qurumlarının rəhbərlərini də, öz xeyri və mənafeyi üçün qərarlar çıxarmağa vadar edir. Bu hegemon icra başçısı, milyonlarla halal pullarını vermək istəmədiyi iş adamlarına qarşı, bu günlərdə, hətta “tualet” sözüylə başladığı təhdid və hədə-qorxularında, “tualet iyini” getdikcə daha da kəskinləşdirir. Doğrudan da, şəhər rəhbərinin bəd əməlləri barədə, Prezident Aparatına yazılan şikayət xarakterli vətəndaş müraciətlərin ona ünvanlanan surətlərini, onun tualetdə istifadə edərək, atdığını deməsi əsl məmur özbaşınalığının və harınlığın daha bir təsdiqidir.

Mövzusu tualet sözü ilə bağlı olan və bu günlərdə araz.az-da dərc olunan həmin yazımıza görə, necə deyərlər, artıq “qulağımızı dəng ediblər”. Düzdür, bu yazıya görə bizi alqışlayanlar daha çox olur. Di gəl ki, başçının və yaxın ətrafının adlarıyla bizi müxtəlif üsullarla təhdid edənlər, bu tualet məsələsini daha da şiddətləndirərək, söhbətimizə hədə-qorxu dolu daha iyrənc çalarlar qatmağa çalışırlar. Bizsə, yalnız onu deyirik ki, axı, artıq və uydurma heç nə yazmamışıq. Doğrudan da, bu yaxınlarda Sumqayıtın icra başçısı Zakir Fərəcov borclu olduğu sahibkarları qəbul edərək, onları təhdid edib. Bu barədə verilən məlumatlarda deyilir ki, o, borclu qaldığı külli miqdarda pulu qaytarmamaq üçün, biabırçı və məmur etikasına uyğun olmayan ifadələr işlədib. İş adamlarına qəbul otağında deyib ki, ondan pul istəməsinlər. Əks təqdirdə, 50 min manat verib, onları həbs etdirəcək.

araz.az-ın əldə etdiyi digər bir məlumata görə, həmin qəbulda, baş verən bir başqa məsələyə də aydınlıq gəlib. Məlum olub ki, Zakir Fərəcov həmin sahibkarları təkcə həbslə hədələməyib. Həm də, onların dövlət qurumlarına etdiyi bütün şikayətləri belə əhəmiyyətsiz hesab etdiyini bildirib. İş adamlarının verdiyi digər məlumata görə, icra başçısı qəbulda onlara deyib ki, əziyyət çəkib, Prezident Administrasiyasına, başqa dövlət qurumlarına müraciət etməsinlər, bunun heç bir xeyrini görməyəcəklər: “Zakir Fərəcov bizə dedi ki, boş yerə özümüzü yorub, yuxarılara üz tutub, müraciətlər etməyək. Həm də bildirdi ki, həmin müraciətlərin surətləri dərhal ona göndərilir. Daha sonra, o: “Siz Prezident Aparatına, başqa yerlərə yazırsınız. Onlar da, həmin müraciətləri mənə göndərirlər. Mən də, həmin kağızları götürüb, tualetdə istifadə edərək, atıram”, — dedi”.

Bu arada, araz.az-ın etibarlı mənbəsinin ortaya qoyduğu digər bir iddiasına görə, icra başçısından vətəndaş narazılığını əks etdirən yüzlərlə şikayət Baş Prokurorluğa və Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olub: “Artıq həmin şikayətlər ətrafında ciddi araşdırmalar da başlanıb. Bu şikayətlər təsdiqini taparsa, Zakir Fərəcovu da, həbs edilən digər icra başçılarının taleyi gözləyəcək. Eləcə də, onun cinayət ortaqları olan, hakimiyyət komandasındakı yaxın ətrafını!..”.

Etibarlı mənbəmizin redaksiyamıza bu yaxınlardakı maraqlı ötürməsində xüsusi olaraq o da vurğulanıb ki, bir müddət öncə araz.az-da getmiş digər bir yazıda Zakir Fərəcovun «yola gəlməyən» əksər imkanlı adamları, ələlxüsus sahibkarları cəzalandıraraq, yola gətirmək üçun, “çovdarovsayağı” amansız üsullara” əl atmaqdan belə heç vaxt çəkinmədiyinin yazılması, sanki, onun “ürəyindən xəbər verib”: “”Çovdarovsayağı amansız üsullar” demişkən, yeri gəldi deyə, onu da qeyd etmək istəyirəm ki, öz şəxsi biznesini getdikcə daha da inkişaf etdirən Zakir Fərəcovun kölgədən idarə etdiyi, lakin doğma-yaxınlarının adlarına olan holding, şirkət və firmalarındakı rəhbər şəxslərin, onun özü kimi, “Akula Akif” ləqəbli Akif Mustafayevlə də, daha çox pul qazanmaq xatirinə güclü əlaqələri olub.

Dediklərim barədə, əlimdə olan inkarolunmaz sübut faktları da ona bir işarədir ki, başçının fəaliyyətində yaranmış belə təhlükə sindromu da, ortadakı güclü vətəndaş etirazlarının getdikcə artmasının əsas səbəblərindən olub həmişə. Əlimdə olan və rəsmən təkzib olunması mümkünsüz həmin məlumatlar əsasında, mən də, Zakir Fərəcovun cinayət dosyeli daha bir rəhbər “portretini cızmaq istəyirəm”. Ona görə ki, bu yöndən bütün baş verənlər, Sumqayıt şəhərinə rəhbərlik edən bu şəxsin haqqında daha geniş məlumatları bilmək zərurətini yaradır. Bu səbəbdən, gəlin görək, Zakir Fərəcovla bərabər, onun vəzifə başındakı yaxın ətrafının, eləcə də, necə deyərlər, “ipə-sapa yatmayan” doğma-yaxınlarının “Akula Akif”lə nə münasibət və əlaqələri?! Həm də, “çovdarovsayağı amansız üsulların” bu münasibət və əlaqələrə nə dəxli?!

Bu suallara konkret cavab kimi, öncə, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən çıxarılandan dərhal sonra ölkədən qaçan, hazırda Fransada gizləndiyi ehtimal olunan, “İnterpol” xəttiylə çoxdan axtarılan “Akula Akif” ləqəbli Akif Mustafayevlə bağlı bəzi maraq doğuran detallardan başlamağı vacib bildim. Bu həmin “Akula Akif”dir ki, bir zamanlar, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun ən sadiq adamlarından biri, 2012-ci ilin mart ayında general-mayor rütbəsi alaraq, hətta ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi vəzifəsində çalışan, vəzifə başında törətdiyi qatı cinayət əməllərinə görə “məşhurlaşan” Akif Çovdarovun yaxın dostu kimi özünü tanıdıb. Yeri gəlmişkən, onu da deyim ki, Çovdarovdan, onun vəzifə başında törətdiyi qanundankənar əməllərsayaq çox şey öyrənib. Akif Mustafayev özünü iş adamı kimi tanıtsa da, əslində, onun əsas işi, imkanlı iş adamları haqda MTN-dəki olduqca təhlükəli mütəşəkkil qruplaşma üçün vacib dosyelər toplayaraq, çatdırmaqdan ibarət olub. “Akula Akif”in sxeminə əsasən, MTN həmin iş adamları barədə dosyeləri aldıqdan sonra, onları izləyərək, həbs etdirib. Bu zaman, “Akula Akif” MTN-dəki mütəşəkkil qruplaşmanın qarmağına düşən hər bir iş adamına öz xidmətlərini təklif edib və iri məbləğdə pulunu alaraq, yüksək vəzifəli bu yaxın dostlarına çatdırılmasını, beləliklə, onların əlindəki həmin girovların “xilas edilməsini” həyata keçirib. Lakin belə proseslər bununla da yekunlaşmayıb. O, MTN-dən “xilas etdiyi” iş adamlarının bizneslərini gələcəkdə bu kimi problemlərdən sığortalamaq üçün, onlara “krışalıq” təklif edib və hər dəfə də, bizneslərinə 25 — 30 faiz payla şərikliyə nail olub. Onun “Mars — M” şirkətində 25 faizlik paya bu iyrənc şərtləri daxilində sahib olması da, danılmazdır. Onun, elə, bu pay sahibliyi də, paytaxt Bakının ən elitar ərazilərindən birində, Tibb Universiteti ilə, el arasında “Semaşko” kimi tanınan xəstəxananın iki addımlıqlarında — Nərimanov rayonu, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən, mürəkkəb tikinti quruluşu 7 mərtəbədən ibarət gözəgəlimli binasının görkəmini daha cəlbedici edən “Yasmin” Ticarət Mərkəzində, hər birinin özünün halal mülkü — ofisi, mağazası və digər ticarət obyekti olan 22 nəfər iş adamını da, mülkü təcavüzə məruz qoyub. “Çovdarovsayağı amansız üsullarla” Onların başlarına nələr gətirməyib. Ölkədə olduqca pis duruma düşən saysız-hesabsız sahibkarlardan olan bu mülk sahiblərinin hər biri, öz kiçik bizneslərini inkişaf etdirmək arzusuyla, bu mülklərini, bu ticarət mərkəzini tikdirən şirkət rəhbərindən — “Mars — M” MMC-nin hazırda həbsdə yatan sahibi və direktoru Mərhəmət Bəşirovdan alıblar. Buradakı əmlaklarına təcavüzün nəticəsidir ki, bu mülkiyyətçi sahibkarlar, tənəzzül dövrü yaşayan bizneslərinə qoyduqları sərmayəyə görə, hədsiz dərəcədə narahatdırlar. Çünki bu mülklərini, 2008-ci ilin sonlarından başlayaraq, 2014-cü ilin mayınadək, milyonlarla manatdan çox ümumi dəyər qiymətlərini tam ödəməklə, hər biri öz adlarına rəsmi sənəd-sübutlarla olduqca yüksək qiymətə alıblar. Onların əksəriyyəti bu arzularına çatmaları üçün, hətta dədə-baba mirası halal mülklərini də sataraq, Mərhəmət Bəşirovla alqı-satqı etməyə görə, əllərində olan və obyekt almağa çatışmayan pullarının üstünü düzəldiblər.

Konkret desək, “Akula Akif” ölkəmizdə çoxdandır davam edən və indiyədək bitmək bilməyən səs-küylü “Yasmin” qalmaqalının əsas günahkarı, “Mars-M” firmasının rəhbəri, Texniki Universitetinin prorektoru Bəşir Bəşirovun oğlu Mərhəmət Bəşirovun da, beləcə, başına oyunlar açıb, onun həbsinə nail olub. Mərhəmət Bəşirovu həbsə aparan məsələ haqda da maraqlı məlumatlar var əlimdə.

“Mars-M” şirkətinin inşa etdiyi “Yasmin” Biznes Mərkəzi məhkəmələrdə mübahisə obyektinə çevrilib. Belə ki, bina inşa olunandan sonra, Mərhəmət Bəşirov oradakı mağazaları 22 nəfər iş adamından, ümumilikdə, 17 milyon dollar almaqla, onlara satıb. İş adamları orada mağazaları özlərinin bizneslərinə uyğunlaşdırıb işə başlayandan bir qədər sonra məlum olub ki, Mərhəmət Bəşirov, ümumilikdə, bu Ticarət Mərkəzini “Xalqbank”a girov qoymaqla, külli miqdarda pul götürüb və pulu banka qaytarmayıb. Bank məhkəməyə müraciət etməklə, kreditin təminatı olan ticarət mərkəzinin satılmasını və əldə olunan vəsaitin kredit məbləği ilə əvəzləşdirilməsini istəyib.
Bundan sonra, “XalqBank” adıyla incidilən sahibkarların “Yasmin”dəki baxımlı halal mülklərinə “od qoyulub”. Məhkəmə iddianı təmin etdiyindən, iş adamları da Mərhəmət Bəşirovdan şikayətçi olub. Akif Mustafayevin “Mars-M” şirkətinə qarşı iddiası ilə məhkəmə çəkişmələri başlayıb. Səbael Rayon Məhkəməsi Akif Mustafayevin “Mars-M” firmasına qarşı iddiasını təmin edib. Elə, buna görə də, Mərhəmət Bəşirovun barəsində digər bütün instansiya məhkəmələrindəki proseslərdə dərhal ağır hökmlər verilib, qərar və qətnamələr elan olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, müvafiq maddələrin tələbələri ilə, Mərhəmət Bəşirov 11 il müddətinə azadlıqdan məhrum edilib.

Bəli, 2009 — 2013-cü illərdə “Yasmin”dəki müxtəlif ölçülü qeyri-yaşayış sahələrinin milyonlarla qiymətləndirilən dəyərini tam ödəməklə adlarına aldıqları bu əmlaklarını özlərinin bizneslərinə uyğunlaşdıraraq, işə başlayandan bir qədər sonra isə, bu iş adamlarına məlum olub ki, Mərhəmət Bəşirov, ümumilikdə, ticarət mərkəzinin yenicə tikdirdiyi gözəgəlimli binasını, onlara satdığı əmlakları ilə bərabər, bu mülk sahiblərinin özlərinə adi xəbərdarlıq belə olmadan, girov qoyması müqabilində, iki dəfə külli miqdarda, üst-üstə, 17 milyon dollar kredit götürüb və pulu banka qaytarmayıb. Bank isə, məhkəməyə müraciət etməklə, kreditin təminatı olan ticarət mərkəzinin satılmasını və əldə olunan vəsaitin kredit məbləği ilə əvəzləşdirilməsini istəyib. Məhkəmə iddianı təmin edib. Bundan dərhal sonra isə, məhkəmə qərarının icrası zamanı, qanunlarımızın tələbələrinə uyğun prosedur qaydalarına əməl etməyən, adları yuxarılarla bağlı olan “XalqBank”ı kölgədən idarə edənlərin əlləri altında saxladıqları qoluzorlular dəstəsi, “ağına-bozuna baxmadan”, zorla da olsa, sahiblərini öz obyektlərindən çıxararaq, qapılarına qıfıl vurublar.

Qısa və konkret demək istəyirəm ki, kriminal təfəkkürlü “Akula Akif”lə Mərhəmət Bəşirov özlərinəməxsus kriminal süjet xətti olan bu “kredit hekayəsi” ilə, bu iş adamlarının hamısını bəlaya düçar ediblər. Buna baxmayaraq, onların xətrinə, törətdikləri bu səs-küylü cinayətin şiddətinə görə dəyən tapılmayıb. Onların vicdan çərçivəsinə sığmayan “çovdarovsayağı amansız üsullarla” halal mülklərindən qovulmasında, “Akula Akif”lə bərabər, onun iş birliyində olduğu və Zakir Fərəcovun kölgədən idarə etdiyi şirkətlərdə rəhbərlikdə olan yaxınlarının adları da var. Elə, Zakir Fərəcovun cinayət dosyesindəki “çovdarovsayağı amansız üsulların” izləri də buradan aydın görünür.

Bu yerdə, məlumat üçün onu da bildirirəm ki, o vaxtadək, Akif Mustafayevin “Mars — M”də 25 faizlik paya hansı şərtlər daxilində sahib olduğunu belə bilən olmayıb. Bu isə, adamda hədsiz təəssüf yaradır…
(Bu Biznes Mərkəzi ətrafında nələrin baş verdiyindən, etibarlı mənbə tərəfindən deyilənləri bir daha geniş yazmağımız təkrarçılıq olar deyə, səs-küylü bu “Yasmin” qalmaqalı barədə araz.az-ın dərc etdiyi onlarla yazıdan, linklərini aşağıda təqdim etdiyimiz iki və yaxın günlərdə dərcini planlaşdırdığımız digər yeni bir yazımızı oxumalarını dəyərli oxucularımıza məsləhət bilirik:
https://araz.az/?p=31318, https://araz.az/?p=19760 — red.).

…Dediklərim onun daha bir sübutudur ki, Sumqayıtın icra başçısı Zakir Fərəcovun geniş biznes şəbəkəsi var. Bu haqda araz.az-da, eləcə də ölkə mediasında yer alan ilginc məlumatlar belə inkarolunmazdır. Belə olmasaydı, bununla bağlı, daha bir-neçə təkzibolunmaz fakt da əlimdə olmazdı.

Yeri gəlmişkən, qeyd etmək istəyirəm ki, Zakir Fərəcov artıq neçə illərdi biznes fəaliyyəti ilə məşğuldur. Obyektlərinin əksəriyyəti də, özünün doğmalarının və yaxın qohumlarının adlarınadır. Ümumiyyətlə, Fərəcovların Sumqayıtdakı biznes imperiyasına daxil olan müəssisələr Zakir Fərəcovun doğma-yaxınlarının patronluğu altında fəaliyyət göstərir və istədiklərini etməkdən belə çəkinmir. Elə, götürək “Ruslan — S” MMC-ni. Qeyd edək ki, adıçəkilən MMC Sumqayıt şəhərində yerləşir. Müəssisə, guya, əsasən şirəli içkilər istehsalı ilə məşğul olmalıdır. Di gəl ki, şirkətin Fərəcovlara bağlılığı, onun istədiyini etməsi qarşısında maneə yarada bilmir. İstədiyi işi əlinə keçirməyə müvəffəq olan fərəcovlar, külli miqdarda vəsaitlər mənimsəməkdən çəkinmirlər. Məndə olan və mənə gələn məlumatlar sırasında, bu və buna “qohum olan” digər şirkətlər, yalnız Sumqayıtda bir çox abadlıq və quruculuq işlərinin həyata keçirilməsində iştirak edərək, keçirilən saxta tenderlər qalibi olmaqla, külli miqdarda pul mənimsəməyiblər. Məhz bu mənimsəmələrə görə də, bir vaxtlar şəhər rəhbərinin iş görən sahibkarlara üst-üstə 46 milyon manat borclu olub və onu uzun zaman vermək istəməyib. Elə, indi də elədir və bu qəbildən olan borcların ümumi məbləği elə də az deyil və milyonlar təşkil edir. Borclar əsasən Sumqayıt Dənizkənarı Bulvarın tikintisi, Şəhidlər Xiyabanının abadlaşdırılması, habelə Sumqayıtda görülən bir çox iri və xırda işlər layhəsi əsasında yaranıb. Həmin layihələr üçün dövlət büdcəsindən lazım olan məbləğ ayrılsa da, Fərəcov onların bir qismini işlərə sərf edib. Qalan məbləğ isə, ya şəxsi məqsədlər üçün sərf olunub, ya da başqa niyyətlərin həyata keçirilməsinə gedib. Mənimsəməni daha sərbəst həyata keçirmək üçün, bütün dövrlərdə icra başçısı Zakir Fərəcov hakimi olduğu şəhərdə ciddi tender oyunları qurub. Həmin oyunlardan biri də odur ki, tenderləri özünün yaxın adamlarının adına açdığı şirkətlərin adına alıb. Lakin pulların idarə edilməsini başqa birinə həvalə edib. Sahibkarların özlərinin verdiyi məlumatlarda vurğulanır ki, tender pullarını idarə edən şəxs onların bir qismini iş icraçısı olan podratçı şirkətlərlə versə də, əsas hissəsini özündə bir müddət saxlayıb, sonra da icra başçısına ötürməklə məşğul olublar.

Fərəcovun Sumqayıtdakı “tender kralı” Hümbət Əlicavan oğlu Məmmədxanovdur. Bu şəxsin adı bütün abadlıq, quruculuq işlərində, əsasən də yolların asfaltlanması işlərində çəkilir. Elə, ödənişlərin əsas hissəsi də, bu işlərdə “düyünə düşüb”. Ödənilməyən hissələrin səbəbi isə, görülən işlərin maya dəyəri ilə ,tender qiymətlərindəki uyğunsuzluq hesab olunur. Məsələn, sahibkarlar deyirlər ki, Məmmədxanov və komandası tenderin qalibi olmaq üçün, görəcəkləri işin qiymətini aşağı yazırlar. Reallıqda isə, bu iş adamlarına iki dəfə baha başa gəlir.

Bu yerdə onu da qeyd etməyi vacib bilirəm ki, illərdir, Sumqayıtın girişindəki Saray körpüsünün qəzalı və çökəcək vəziyyətə düşməsinin günahkarları da, Zakir Fərəcovun biznes müəssisələrini idarə edənlərdir. Söhbət Abşeronla Sumqayıtı birləşdirən Saray körpüsündən gedir. Çox vaxt Bakıdan Sumqayıta gələn avtomobillərin Saray qəsəbəsinin olduqca pis durumda olan və çox hissəsi çoxdan çökən köhnə yollarında uzun-uzadı tıxacı yaranıb və bu da, həmin körpünü qəzalı vəziyyətə salıb. İndi Sumqayıta daxil olan yolda böyük təhlükə yaşanmaqdadır. Hətta körpüdə böyük dəliklərin əmələ gəldiyinin də şahidi olmuşuq. Strateji əhəmiyyət kəsb edən yoldan Sumqayıta və ya əks istiqamətdə minlərlə avtomobil istifadə edir. Həm də körpünün alt hissəsindən dəmir yolu xətti keçir. Bu isə, təhlükənin miqyasını daha da artırır. Bəs, görəsən, bu körpüdə hər hansısa bir bədbəxt hadisə baş verərsə, bunun məsuliyyətini kim daşıyacaq?!

Vəziyyət o həddə çatıb ki, buradan sürücülər belə keçməyə ehtiyat edirlər. O üzdən də, yolu keçmək istəyən avtomobillər səkilərə çıxmalı olurlar. Ərazidə yol təsərrüfatı işinə baxan şəxslər belə gözə dəymir. Görünür, körpünü tikənlər asfalt salarkən tələb olunan texniki qaydalara əməl etməyiblər, torpaq yaxşı preslənməyib.

Yada salaq ki, əvvəllər də bu körpüdə çökmələr baş verib. Ekspertlər isə, vəziyyətin təsadüf olmadığını bildirirlər. Onların sözlərinə görə, körpü tikilərkən səhlənkarlığa yol verilib. Asfalt örtüyünün altı yaxşı bərkidilməyib. Keyfiyyətli olması üçün, ən azından ora çoxlu torpaq belə tökülməyib. Ancaq görünür buna elə də əhəmiyyət verən olmayıb. Çünki bu işləri aparan şirkətlər Zakir Fərəcova bağlı olduğu üçün, onların rəhbərlərinə söz deməyə cəsarətləri çatanlar olmayıb.

Ümumiyyətlə, Saray körpüsü Nəqliyyat Nazirliyinin balansında olub. Bu səbəbdən, ərazidə təmir işlərini “Azəryolserviz” həyata keçirməlidir. Lakin bu dayandırılıb və bütün təmir-tikinti işləri Zakir Fərəcovun adıyla bağlı olan şirkətlərə həvalə olunub. Məhz iki dəfə büdcədən, körpünün yenidən qurulması üçün, üst-üstə ayrılan 550 min manat dövlət vəsaiti də, onlar tərəfindən mənimsənilib. Bu pul müqabilində isə, heç bir iş görülməyib.

Əslində isə, bu körpünün və yolun enləndirilməsi vacibdir. Həqiqətən də, günorta saatları olmasına baxmayaraq, bu körpü və yolda çox vaxt bir-neçə kilometrlik tıxac yaranır. Sərnişinlər bir-neçə saat yolda qalmış olurlar. Elə vəziyyət yaranır ki, mindikləri maşınla geri belə qayıda bilmirlər. Sürücülər isə, şərnişinlərlə mübahisə etməkdən yorulduqlarını, alternativ yol olmadığından, yalnız bu yoldan istifadə etmək zorunda qaldıqlarını deyirlər.

Onsuz da, körpü ensiz olduğundan burada avtomobillərin hərəkətində daim problemlər yaranıb. Onun enləndirilməsi üçün ayrılan pulları yeməkdən isə, Zakir Fərəcovun yaxınları heç narahat da olmayıblar.

Zakir Fərəcovun yaxınları, onun adıyla və bu şirkətlər vasitəsi ilə, İlin büdcəsindən ayrılan 52 milyon manat subsidiya ilə işləyən “Bakı Metropliteni” QSC-nin bir müddət öncə istifadəyə verilən “Avtovağzal” stansiyasına, eləcə də paytaxtın Xocasən qəsəbəsində inşa olunan yeni metro stansiyasına aid ətraf ərazilərdə aparılan abadlıq işləri, bu ərazilərə küçə və yol çəkilişi zamanı törədilən maxinasiya, talançılıq və mənimsəmə hallarında belə, Zakir Fərəcovun kölgədən idarə etdiyi və doğma-yaxınlarının adlarına olan, elə onların da rəhbəri olduqları tikinti şirkətlərinin adları hallanır. İnşaat işləri şərti adı olan olan stansiyada fəal fazasına 2021-ci ilin yay aylarında qədəm qoyan, stansiya kompleksinin uzunluğu 170 metr və ərazinin relyefinə görə, olduqca fərqlənən paytaxt metrosunun 2-ci yerüstü stansiyası olacaq “Xocasən” deposunun inşasında artıq əhəmiyyətli mərhələ geridə qalıb, platformanın tikinti-quraşdırma işləri tamamlanıb, aparılan üzləmə işləri bitmək üzrədir. Vestibül, keçid tuneli və gözləmə zalında döşəmə və divar üzləməsi işləri, demək olar ki, tamamlanmaq üzrədir. Bura qədər çəkilən yolun stansiya qarşısındakı hissəsində son tamamlama işləri, kabelləşmə davam edir.

Bütün bunlar, sevindirici haldır. Di gəl ki, ortaya maxinasiya, talançılıq və mənimsəmə ilə bağlı belə məyusedici məlumatlar çıxanda, bu cinayət əməllərini törədənləri kəskin şəkildə qınamaya bilmirsən”.

Göründüyü kimi, araz.az xəbər portalının, ortaya çıxardığı faktların dəqiqliyinə şübhə etmədiyimiz etibarlı mənbəsi də, özünün bu dediklərini hədsiz təəssüf hissləri ilə bitirir. Həm də ona görə ki, ölkənin media vasitələrində bu şəhər başçısının və onun yaxınlarının adları hallanan bir çox kriminal olayların da yer aldığı ortaya çıxarılıb. Onların ümumi nəticəsi isə belədir ki, ölkənin üçüncü böyük şəhəri Zakir Fərəcovun girovudur. Onun, indiyədək, çox sayda qiymətli torpaqlar, mülklər bağışladığı yüksək nüfuzlu iqtidar sahibi havadarlarının hərtərəfli dəstəkləri hesabına törətdiyi ağlasığmaz və bağışlanmaz bəd əməllərin, özbaşınalıqların sayı-hesabı yoxdur. Bundan cana doyan vətəndaşlar doğma şəhərin bu ölçüyəgəlməz problemiylə bağlı dövlət qurumlarına şikayət xarakterli müraciətlər ünlanlayanda, Zakir Fərəcov onları hədələyərək, tutduracağını bildirib həmişə. Bu o zamanlar olub ki, başçının “qılıncının dalı da kəsib, qabağı da”. Lakin indi vəziyyət dəyişib sanki. İndi, oz siyasi mövqeyinin getdikcə zəifləməsi Zakir Fərəcovu olduqca narahat edir və elə, bu səbəbdən də, vəzifə başındakı yaxın ətrafından narazı şəhər sakinləri kimi, mümkün qədər barələrində yuxarıda söhbət açdığımız iş adamı sahibkarların könüllərini də almağı təkid və israrla tələb edir, buna nail olmağa çalışır. Bunun əsas səbəbi belə, yəqin ki, tezliklə bütün ölkə ictimaiyyətinə də bəlli olacaq.

Məhi ELSEVƏR,
Səməndər QURBANOV,
Fərhad MƏMMƏDOV,
araz.az xəbər portalının xüsusi müxbirləri.

araz.az xəbər portalı.