Sumqayıt şəhər rəhbəri Zakir Fərəcov son həftələr ən çox xoşagəlməz xəbərlərlə medianın diqqət mərkəzinə gəlir.

Adətən belə xronologiya həmin məmurun president tərəfindən işdən azad edilməklə cəzalandırılması ilə müşayiət olunur. Bu dəfə də nəticənin eyni olacağı gözlənilir. “Sumqayıtın Elmar Vəliyevi” adlandırılan Z.Fərəcov haqda apardığımız araşdırmanın bəzi ilginc məqamlarını diqqətinizə çatdırırıq:

Prezidentə söylənilən yalan

Fərəcovun iş prinsipi belədir ki, malın-mülkün əlindən alınsa da susmalısan, əks halda, malınla, pulunla bərabər azadlığını, həyatını da itirə

bilərsən. Necə ki, belə hadisə iş adamı Ruslan Allahverdiyevlə baş verib. Bir neçə il bundan əvvəl Sumqayıt şəhərinin girişinin, dəniz bulvarının abadlaşdırılmasında iştirak edən, lakin halal pulunu ala bilməyən iş adamları Prezident aparatının qarşısına gedərək Z.Fərəcovdan şikayət ediblər. Daha sonra iş adamları Sumqayıta çağrılaraq pullarının veriləcəyi vəd edilir. İş adamları da sevincək Sumqayıt şəhər icra hakimiyyətinə özlərini çatdırıblar və pul əvəzinə… borcunu istəyən Ruslan Allahverdiyev polis tərəfindən həbs edilir. Eyni üsullar bu gün də dövriyyədədir. Belə ki, icra başçısı borclu olduğu sahibkarlara yalan vədlər verib onlara ölkə rəhbərinin adına məktublar yazdırır.

Sahibkarlara gəlinən kələk

Sumqayıt şəhərində Z.Fərəcov tərəfindən haqqı tapdalanan, müflisləşən iş adamlarının sayı hesabi yoxdur. Onlardan şəhərin abadlaşmasına vəsait xərcləyən təkcə 11 nəfər zərərçəkmişə Z.Fərəcovun verməli olduğu borc—iki milyon manatdan artıqdır.Sumqayıtda abadlıq işləri düz 2 il bundan qabaq başa çatıb, iş adamlarının pulu isə hələ də verilib qurtarmır. Z.Fərəcovun verəcəyi isə 8 milyon manatdır, onun öz sərvətlərinin dəyərinin milyonda biri qədər…

Şikayətçilər bildirirlər ki, ümumi sahəsi 105 hektar olan Sumqayıt Bulvarının inşasına 2016-cı ilin martında başlayıblar. İlkin mərhələdə 624 nəfər canlı qüvvə, onlarla texnika cəlb olunub. Deyilən vaxtda isə işlər tam təhvil verilib. “Etibar ləyaqətin ölçüsüdür. Zakir Fərəcov isə bu etibardan sui-istifadə edərək illərdir bizi süründürür, incidir, hədələyir, təhqir edir, qorxudur, yalan vədlərlə başımızı qatır. Biz iş adamı olaraq onu sözündə, əməlində ciddi vəzifə məmuru olaraq qəbul etmişdik. Zakir Fərəcovun yalan vədlərinə inandıq, təmir-tikinti və yenidənqurma işləri ilə əlaqədar lazım olan tikinti materiallarını tanıdığımız, bizə etibarı olan iş adamlarından götürdük. Aramızda olan inam böyüklüyünə söykənərək onların dəstəyi ilə tapşırılan işləri, verdiyimiz sözü yüksək səviyyədə yerinə yetirdik”.
İş adamları dövlət başçısına ünvanladıqları şikayət məktubda deyirlərki, işə ilk başladıqlarında onlara veriləcək pullar şəhərin memarı Adil Xudadatov tərəfindən nağd şəkildə ödənilirdi. “Sonra A.Xudadatov öz dili ilə etiraf etdi ki, tikinti üçün ödədiyi pulları şəhərdə fəaliyyət göstərən iş adamlarından, idarə, müəssisə və təşkilatlardan yığaraq ödəyir. Çünki, biz materiallar üçün maliyyə vəsaiti tələb etdikdə, o pulların hələ yığılmadığını bildirirdi. Biz başladığımız işin fasilələrə dayanmaması üçün tanış iş adamlarından nisyə tikinti materialları götürürdük, həmişə etibarımızı saxladığımıza görə inanırdılar və etiraz etmirdilər. Kompleksdə çalışan işçi qüvvəsinin məvacibi isə güc-bəla ilə daxili imkanlar, imkanlı dost-tanışların köməkliyi sayəsində ödənilirdi”.
Bütün bunlarla yanaşı, Zakir Fərəcovun malik olduğu sərvətin də siyahısının yayılması işi lap düyünə salıb. Meydan.TV-nin yaydığı həmin məlumatda qeyd edilir ki, Fərəcovun çoxlu sayda mülkləri, obyektləri və ciddi gəlir mənbələri var. TV bildirir ki, icra başçısı maaşı ilə bu qədər əmlaka sahib olmaq mümkün deyil. Ona görə də, onun mülkləri ilə bağlı araşdırmanın zəruriliyi vurğulanıb. Mənbə onu da bildirir ki, indiki həssas məqamda Zakir Fərəcovdan bu qədər şikayətin olması hakimiyyət dairələrinə də sərf etmir. Ona görə də, Fərəcovun Sumqayıtın icra başçısı vəzifəsindən azad edilməsi real görünür.

Tenderlə  talanan milyonlar

Gələn məlumatlar sırasında Fərəcovun Sumqayıtda bir çox abadlıq və quruculuq işlərinin həyata keçirilməsində iştirak edən sahibkarların 7 ilə yaxındır pullarını verməkdən imtina etməsi xüsusi diqqət çəkir. Həmin məlumatlara görə, bu qəbildən olan borcların ümumi məbləği 46 milyon manat təşkil edir. Bununla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalara görə, borclar əsasən Sumqayıt Dənizkənarı Bulvarın tikintisi, Şəhidlər Xiyabanının abadlaşdırılması, habelə Sumqayıtda görülən bir çox iri və xırda layhəsi əsasında yaranıb. Həmin layihələr üçün dövlət büdcəsindən lazım olan məbləğ ayrılsa da, Fərəcov onların bir qismini işlərə sərf edib. Qalan məbləğ isə ya şəxsi məqsədlər üçün sərf olunub, ya da başqa niyyətlərin həyata keçirilməsinə gedib.

Həmin dövrdə icra başçısı Zakir Fərəcov hakimi olduğu şəhərdə ciddi tender oyunları qurub. Həmin oyunlardan biri də odur ki, tenderləri özünün yaxın adamlarının adına açdığı şirkətlərin adına alıb. Lakin pulların idarə edilməsini başqa birinə həvalə edib. Sahibkarların saytımıza verdiyi məlumatda vurğulanır ki, tender pullarını idarə edən şəxs onların bir qismini iş icraçısı olan podratçı şirkətlərlə versə də, əsas hissəsini özündə bir müddət saxlayıb, sonra da Fərəcova ötürməklə məşğuldur. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, Fərəcovun Sumqayıtdakı “tender kralı” Məmmədxanov Hümbət Əlicavan oğludur. Bu şəxsin adı bütün abadlıq, quruculuq işlərində, əsasən də yolların asfaltlanması işlərində çəkilir. Elə ödənişlərin əsas hissəsi də bu işlərdə düyünə düşüb.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.