…Sanki belələri “dünyanı veclərinə almır”, qanunsuz əməllər törətməkdən indi də çəkinmək istəmirlər

Ölkənin nüfuzlu media vasitələrinin, eləcə də araz.az-ın yazdıqları kimi, hakim komandanın tərkibində bəd əməl sahibi cinayətkar yuksək vəzifəli məmurların sırası o qədər də sıx deyil. Di gəl ki, bu tip vəzifə sahiblərinin mövcud qanunlarımızın tələbləri çərçivəsindən kənar törətdikləri bəd əməllərin miqyası cəmiyyət arasında elə böyük rezonans yaradır və adama elə gəlir ki, sanki ölkənin bütün məmurları belədirlər. Və bu yuksək vəzifələrə təyinat alan gündən, özlərinin xoşagəlməz işlərini ictimaiyyətin mənafeyi əleyhinə kökləmələri isə, elə, onların, əvvəlcədən düşünüb, müəyyən etdikləri istəkləri, məqsəd və məramları olub.

Elə, götürək, hazırda ölkənin üçüncü böyük şəhəri Sumqayıta rəhbərlik edən Zakir Fərəcovun özünün və komandasındakı, öz əlaltıları kimi yuksək vəzifələrə gətirdiyi məmurların bəd əməllərini: Qanundankənar fəaliyyət xüsusiyyətləri və vəzifə başında törətdikləri iyrəncliklər barəsində ölkənin media vasitələrində yazılanları oxuyanda dəhşətə gəlməməyə bilmirsən! Və bu məyusedici anda, dərhal, bu yüksək vəzifəliləri də, məhbəsdə yatan sabiq məmurlar arasında təsəvvür edirsən. Amma nə deyə bilərsən?! Axı, qatı cinayətkar kimi, barəsində rəsmi olaraq cinayət işi açılan, indiyədək Zakir Fərəcovun bəd əməl ortağı və əlaltısı olaraq özünü tanıdan yüksək vəzifə sahibi Gündüz Əliyev hələ azadlıqda, özü də, çox rahat vəzifə kreslosu arxasındadırsa, belə qanunsuzluqlar barəsində bircə onu deyə bilərik ki, tarix bizi heç vaxt bağışlamayacaq!

Doğrudan da, belədir!

Çünki Sumqayıtda əzazil məmur özbaşınalıqları ilə daha çox qarşılaşan ölkə vətəndaşlarının, iş adamlarının şikayətləri əsasında müstəqil media orqanlarında icra başçısı Zakir Fərəcovla bərabər, onun cinayət ortağı olan Gündüz Əliyev kimi yuksək vəzifə sahibi məmurlar haqqında gedən yazılar az qala həndəsi silsilə şəklində çoxalır.
Adam bu yazıları oxuduqca, inanmağı gəlmir ki, İlham Əliyev kimi güclü Ali Baş Komandanın Prezidenti olduğu ölkədə Zakir Fərəcov kimi, insanlara, sahibkarlara və dövlətə qarşı əzazillik edən məmurlar da var!!!

Sahibkarlar demişkən, onu da qeyd edək ki, Zakir Fərəcovla iş adamları arasında olan milyonlar qalmaqalında da, əsas günahkarlardan biri kimi, Gündüz Əliyevin adı hallanır. Buradakı maraqlı məqamlardan biri odur ki, iş adamlarına birbaşa Zakir Fərəcov borclu olduğu halda, “zəmanət məktubu” Sumqayıt İcra Hakimiyyətinin yerli özünidarətmə orqanları ilə iş üzrə şöbənin rəhbəri Gündüz Əliyevin adına verilib. Niyə məhz Gündüz Əliyev? Ona görə ki, bütün bu işlərin hamısı məhz şöbə müdirinin əli ilə görülüb. Eyni zamanda, Fərəcov bununla “kimsəyə borcum yoxdur” görüntüsü yaradaraq, bütün məsuliyyəti Gündüz Əliyevin üzərinə qoyub.

Dəhşət doğuran yazılarda ən çox yer alan iddialardan belə nəticə çıaxmaq olur ki, Zakir Fərəcov ölkənin böyük bir şəhərini, sözün əsl mənasında, şəxsən müəyyən etdiyi “oğru dünyası”nın dələduzluq qanunları ilə idarə edir. İnsanların, iş adamlarının yuxarı dövlət orqanlarına ünvanladığı şikayət məktublarını, heç nədən çəkinmədən, Z. Fərəcov ictimaiyyət qarşısında “tualet kağızı” hesab etdiyini çox həvəslə deyir və sanki ölkə qanunlarını saymadığını xalqa nümayiş etdirir. Belə olmasaydı, yəqin ki, Gündüz Əliyev kimi məmurlar da, qanunlarımızın tələblərini sayaraq, vəzifə kreslosu arxasında oturardılar.

Təəssüf ki, bu yazıların mövzusunu daha çox icra başçısının və onun əlaltısı olan digər yuksək vəzifə sahiblərinin hegemonluqları, sahibkarları daha dözülməz duruma salmaları, sıravi vətəndaşlara, hətta dövlətə meydan oxumaları təşkil etsə də, necə deyərlər, onların xətirlərinə dəyən tapılmır ki, tapılmır. Belə olmasaydı, — elə, götürək Gündüz Əliyevi, — o da çoxdan həbsdə olardı. Çünki Gündüz Əliyevin törətdiyi cinayətlərdən biri, bu yaxınlarda rəsmən ortaya çıxarıldı. Di gəl ki, məhkəmə də, necə deyərlər, onun xətrinə dəymədi, qanunlarımızın gücü bir daha heçə endirildi.

Bu cinayət işi, eləcə də Zakir Fərəcovun özünün və Gündüz Əliyev kimi vəzifə sahibləri cinayət ortaqlarının qanunsuz digər bəd əməlləri barədə, ölkənin mətbu orqanları ilə bərabər, araz.az xəbər portalı da, dəhşət doğuran fakt və sübutlarla zəngin çox yazılar verib. Bu səbəbdən, dəyərli oxucularımızın dəyərli vaxtlarını almamaq üçün, dediklərimiz barədə, geniş yeni bir yazı verməyi lazım bilmədik. Bu yerdə, dəyərli oxucularımıza məsləhət görürük ki, bu yazının sonunda yerləşdirdiyimiz video-çəkilişə baxmaları, onların bəd əməlləri barəsində deyilənləri eşitmələri kifayətdir ki, yuxarıda deyilənlər barədə daha ətraflı məlumatları olsun.

Səməndər QURBANOV,
Fərhad MƏMMƏDOV,
araz.az xəbər portalının xüsusi müxbirləri.