
araz.az cumhuriyyet.net-ə istinadən xəbər verir ki, Sumqayıt Şəhər Bələdiyyəsində müəmmalı olaylar baş verir. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, bələdiyyə sədri Sərviz Süleymanov işə çıxmır. İddia olunur ki, sədr artıq 6 aydan çoxdur ki, vəzifəsini icra etmir. Onu şəhər bələdiyyəsinin üzvü Orxan Adıgözəlzadə əvəz edir. Müavinlik isə digər üzv Nərmin Mehdiyevaya həvalə edilib. Sərviz Süleymanovun işə çıxmamasının səbəbi bəlli deyil. Bəzi iddialara görə, o, şəhər rəhbərliyi ilə aralarında yaranan ziddiyyətlərdən dolayı etiraz əlaməti olaraq işə çıxmır. Lakin bu iddia bir qədər əsassız görünür. Çünki Sərviz Süleymanovun icra başçısı Zakir Fərəcovla qohumluq əlaqələrinin olduğu deyilir. Elə bu səbəbdəndir ki, Zakir Fərəcov Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin olunduqdan sonra onu özünə müavin təyin etmişdi. O, Sumqayıta rəhbərlik etməyə başlayandan sonra isə Sərviz Süleymanovun da bələdiyyə sədri olmasına dəstək verib. Yeri gəlmişkən, Sumqayıtın ilk bələdiyyə sədri Zakir Fərəcov olub.
Sərviz Süleymanovun işə çıxmaması səhhəti ilə əlaqədar ola bilər. Lakin bəzi məlumatlarda onun bu addımı bələdiyyədə yoxlamaların aparılması ilə izah edilir. Bu barədə rəsmi məlumatın olmaması yoxlamalar barədə xəbərlərin də səhihliyinə şübhə yaradır. Etibarlı mənbədən cumhuriyyet.az-a daxil olan məlumata görə, S.Süleymanovun bələdiyyəyə rəhbərlik etdiyi dövrə aid yoxlamalar zamanı küllü miqdarda yeyintilər ortaya çıxıb. Mənbə bununla bağlı hətta artıq məhkəmə istintaqının başlandığını da bildirib:”Ola bilsin ki, hüquqi baxımdan ümumiyyətlə Sərviz Süleymanovun bələdiyyəyə rəhbərlik etməsinə məhdudiyyət qoyulub. Amma bütün bu məsələlər gizli saxlanılır və faktik olaraq Sumqayıt bələdiyyəsi iflic vəziyyətə salınıb.
Mənbənin sözlərinə görə, Sumqayıt bələdiyyəsindəki yeyintilərdə icra başçısı Zakir Fərəcovun birbaşa əli olduğundan şəhər rəhbərliyi məsələnin ört-basdır edilməsində maraqlıdır. Onu da bildirək ki, bu Zakir Fərəcovun narahat qaldığı yeganə yoxlama istintaqı deyildi. Baş Prokurorluq yanında Korrupsiyaya Qrşı Mübarizə İdarəsi Sumqayıt şəhər Səhiyyə İdarəsində baş vermiş yeyinti halları ilə bağlı cinayət işi qaldırmışdı. JAMAZ.İNFO xəbər verir ki, ötən ayın sonlarında baş idarə istintaqı yekunlaşdıraraq, cinayət işinə hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərib. Baş İdarənin yaydığı rəsmi məlumatda deyilir ki, “Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi Şəxsində baş verən qanunsuzluqlarla bağlı Maliyyə Monitorinqi Xidmətindən daxil olmuş məlumatlar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb. “İstintaqla qeyd olunan tibb müəssisəsinin sabiq baş mühasibi Gülnarə Bayramovanın həmin vəzifədə işləyərkən qohumu Gündüz Əliyevlə qabaqcadan əlbir olub tanışları Elxan Əsədovun köməkliyilə sahibkarlıq fəaliyyəti adı altında 2012-2019-cu illər ərzində keçirilmiş dövlət satınalmaları və müqavilələr üzrə xüsusilə külli miqdarda pul vəsaitlərini nağdlaşdıraraq mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib. Cinayət işi materiallarına əsasən Gülnarə Bayramova və Gündüz Əliyev Elxan Əsədov vasitəsilə təsis etdiyi 41 hüquqi şəxsin qanuni fəaliyyətlə məşğul olması görüntüsü yaradaraq Sumqayıt şəhər Səhiyyə Şöbəsindən 5 milyon 716 min 684 manat məbləğində pul vəsaitini həmin şirkətlərə köçürülməsinə nail olub”. Mənbənin bildirdiyinə görə Fərəcovun sağ əli sayılan G.Əliyevin adı keçən bu yeyintinin də uzantıları icra başçısına qədər gedib çıxır.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.