Azərbaycanda son zamanlar qiymətlərin baha olması ətrafında ciddi müzakirələr gedir. İnsanlar marketlərdə qiymətlərin hər gün artmasından gileylənir, bunun uzun müddət davam etməsindən narahat olduqlarını ifadə edirlər.

araz.az bildirir ki tribunainfo.az bahalaşmaya səbəb olan amillərlə bağlı kiçik bir araşdırma aparıb.

Bu araşdırma əsasən torpadansatış qiymətləri ilə marketlərdəki qiymətlər arasındakı kəskin fərqi əhatə edib.
Belə ki, əksər torpdansatış məntəqələrindəki qiymətlərlə marketlərdəki satış qiymətləri arasındakı fərq bəzi məhsullar üzrə 50-60 faiz, hətta 100 faiz təşkil edir. Araşdırma zamanı məlum olub ki, təkcə “Güvən” Topdansatış Məntəqəsində 1 kilosu 9-9.5 manata satılan “Snikers”, “Kit Kat” şokoladları “Veysəloğlu” şirkətinə bağlı “Araz” supermarketlər şəbəkəsində 16-17 manata satışa çıxarılıb. Bu orta hesabla 80-90 faiz izafə qiymət deməkdir.
Lakin bu fərq təkcə, şokolad məhsullarında deyil, eləcə də digər məhsullarda da özünü nümyiş etdirir. Məsələn, topdansatışda 750 qramlıq “Nestle” şokolad yağı 10 manat olduğu halda, “Araz” market onu alıcılara 16 manata təklif edir. Həmçinin “Şaan” düyülərinin bir kq-ı üçün topdansatış qiyməti 2.60-2.90 manat təşkil etdiyi halda, “Veysəloğlu” onu 4.20-4.50 manatdan satır.
Bundan başqa, topdansatışlarda “Nivea”, “Reksona” kimi qadın və kişi kosmetik və ətirləndirici vasitələr, qab yuyan maşınlar üçün nəzərdə tutulmuş tabletlərdə də qiymət fərqləri inaılmaz dərəcədə çoxdur. Məsələn, topdansatış məntəqələrində “Nivea” 3.58 manat, “Reksona” 3.75 manat olduğu halda, “Araz” market onları 6.58 manatdan satışa çıxarıb. Qab tabletkalarının 100 ədədlisi topdansatışda 33 manat olduğu halda, sözügedən market 48 manatdan aşağı təklif etmir.
Analoji fərqlər demək olar ki, bütün məhsullar üzrə müşahidə olunur. Bəzi hallarda bu fərq 20-25 faiz həddində olsa da, bir çox hallarda 50-60 faizlik baryerdən aşağı düşmür.
Bəs, topdansatışdan “Araz” marketə qədər belə fərqin yaranmasının səbəbi nədir? Rəsmi qurumlar bu qiymət siyasətinə niyə nəzarət etmirlər?
Tribunainfo.az xəbər verir ki, qiymətlərin az qala iki dəfə baha satılmasına səbəb “Veysəloğlu”nun daha çox qazanc əldə etməsi, cəmiyyətdə “qiymətlər bahadır” düşüncəsindən sui-istifadə etmək cəhdidir. Burada inhisarçılıq, habelə qiymət siyasətində rəsmi qurumlarla hesablaşmamaq cəhdləri də əhəmiyyətli rol oynayır. Belə ki, “Veysəloğlu” ölkədə iri market şəbəkəsinə malik az sayda şirkətlərdən biridir. Bundan başqa, bəzi məhsulları özü gətirməsi barədə rəy yaratmaqla, guya, xaricdə ərzaq və digər məhsulların baha olması barədə yanlış xəbərlər yaymasının da rolu az deyil. Təbii ki, daha çox pul qazanmaq hirsini də buraya əlavə etsək, o zaman aydın olar ki, sözüegedən şirkət konkret olaraq özbaşınalıqla məşğuldur.
Bir şirkətin daha çox qazanc əldə etməsi hardasa normal qəbul edilə bilər. Amma dövlətin qiymət siyasətindən kənara çıxmaq heç bir halda nəzarətdən kənarda qala bilməz. Bunun üçün İqtisadiyyat Nazirliyinin müəyyən etdiyi qaydalar var, üstəlik, Azərbaycan Prezidenti İlham Əliyevin qəti göstərişi var ki, möhtəkirlik, qiymətləri artıran sahibkar və şirkətlərə qarşı qəti tədbirlər görülməlidir. Bəs, belə olan halda “Veysəloğlu”, habelə digər şəbəkə ticarətinə malik şirkətlərin hardan o cəsarəti alırlar ki, heç nəyə məhəl qoymadan, ölkədə süni bahalaşma yaradırlar?
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

araz.az xəbər portalı.