Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə 2024-cü il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən, NATO-nun Brunssumda yerləşən Birgə Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən Bakıda Hərbi Polis İdarəsinin şəxsi heyətinin iştirakı ilə kurs keçirilib.

Kurs müddətində mobil təlim qrupunun təlimatçıları dinləyicilərə hərbi polis fəaliyyətinin NATO standartları çərçivəsində təşkili ilə bağlı ətraflı məlumat verib və digər mövzularda brifinqlər təqdim olunub. Hərbi qulluqçular kurs müddətində sindikatlar üzrə müxtəlif tapşırıqlar icra ediblər.

araz.az-ın  xəbərinə görə, Uzun illər hərbi polis rəisi işləmiş ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov Herbiand.az-a bildirib ki, NATO tərəfindən keçirilən belə təlimlər yaxşı haldır, bununla təcrübə qazanılır:

“Hərbi polis indi NATO-nun təlimlərinə cəlb olunduğu kimi, mənim dörümdə də belə təlimlərdə iştirak edirdi. Bildiyimiz kimi, ordumuz NATO standartına uyğun qurulur. Hərbi polis də NATO standartlarına uyğun qurulmalıdır. Bizdə müstəqil hərbi polis qurumu var idi. Heç bir ölkənin bənzəri deyildi. İndi də belədir. Biz hər bir yerdən nümunələr götürüb hərbi polisə necə uyğundursa o cür formalaşdırmışdıq. Amma buna baxmayaraq Qərb dövlətləri bizim struktur formasını normal qəbul etmişdi. Mənim işlədiyim dövrdə ABŞ-da hərbi polis akademiyasında oxumağa zabitlərimiz gediblər. Xeyli zabit heyətimiz xarici ölkələrdə təhsil alıb, müxtəlif təlimlərdə və kurslarda iştirak ediblər. Xüsusi təyinatlı bölmələrimiz Pakistanda, Türkiyədə təlimlər keçiblər və oxuyublar. Təhsil müddəti 1 aydan 1 ilə qədər, hətta 2 ilə qədər olurdu. Həmçinin, nümayəndə heyətimiz NATO-nun Polşada keçirdiyi hərbi polis üzrə təlimlərində iştirak edib. Azərbaycanda Pirəkəşkül kəndində NATO taboru və hərbi hissəsi var idi. Həmin hərbi hissədə keçirilən təlimlərə hərbi polis cəlb olunurdu. Hərbi polis mühafizəni təşkil edirdi, bütün təşkilati məsələlərdə dərindən iştirak edirdi. Belə kursların keçirilməsi əlbəttə, müsbət haldır və təqdirəlayiqdir”.

Hərbi ekspertin sözlərinə görə, bizim hərbi polisin strukturu nə Türkiyəyə, nə də başqa bir dövlətlərin strukturuna bənzəyir:

“Bizim mentalitetimizə uyğun ştat strukturu hazırlanıb və buna uyğun hərbi polis fəaliyyət göstərir. Hətta, bəzi Asiya dövlətlərinin nümayəndələri gəlib burda iştirak edərək bizim strukturdan öz ölkələrində istifadə edib. Hərbi polisin təchizatı güclü olmalıdır. Bizim dövrdə təchizat zəif idi. Amma artıq görürəm ki, Müdafiə Nazirliyi bu istiqamətdə addımlar atır. Bizim hərbi polis bütün silahlı qüvvələrə şamil olunan qurumdur. Hərbi polisin NATO-da bölmələri var. Güman edirəm ki, gələcəkdə bizim də belə bölmələrimiz olacaq. Bundan başqa, patrul xidməti artıq təkmilləşib və normal xidmət aparılır”.

Rövşən Məhərrəmov qeyd edib ki, hərbi polisin əsasnaməsi Müdafiə Nazirliyi tərəfindən təsdiq olunub:

“Onu biz hazırlamışdıq. Ancaq hərbi polisin yeni əsasnaməsi hazırlanmalıdır. Bütün öhdəliklər, ştat sturkturları, hər bir şəxsin vəzifələri yenidən işlənməlidir. Nizamnamə ilə indiki vəzifələr artıq üst-üstə düşmür. Demək olar ki, həm mənim dövrümdə, həm bu günkü gündə hərbi polisin əsasnaməsi Milli Məclisdə təsdiq olunmayıb. Yalnız müdafiə nazirinin təsdiq etdiyi ştat strukturuna uyğun fəaliyyət göstərir. Hərbi polisin tabeçiliyində intizam xarakterli hərbi hissə var. Bu hərbi hissənin əsasnaməsi, vəzifələri Milii Məclisdən keçib, amma hərbi polisin özünün əsasnaməsi təsdiqlənməyib. Hesab edirəm ki, bu istiqamətdə addımlar atılmalıdır”.

Ehtiyatda olan polkovnik deyib ki, onun dövründə hərbi polisin tərkibində təhqiqat olub:

“Amma bu günkü gündə Milli Məclis tərəfindən təsdiqlənmiş və Müdafiə Nazirliyinin tərkibində yaradılmış təhqiqat hüquq idarəsinə tabedir. Yəni, hərbi polisin səlahiyyətləri, vəzifələri müəyyən olunmayıb”.

araz.az xəbər portalı.