Sual: Fuad bəy, Siz 1991-ci ildə Azərbaycan Respublikasının “Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının hazırlanması üzrə Azərbaycan Respublikası Ali Sovetinin işçi qrupunun üzvü olmusunuz. Bu yaxınlarda Ermənistanın baş naziri Nikol Paşinyan bəyan etdi ki, guya Azərbaycan Konstitusiyasında Ermənistana qarşı ərazi iddiaları var. Onun sözlərinə görə: “Azərbaycan Konstitusiyası 1991-ci il Dövlət Müstəqilliyi Aktına istinad edir. Bu aktda isə 28 may 1918-ci il tarixli Azərbaycan İstiqlal Bəyannaməsinin adı çəkilir”. Bu barədə nə deyə bilərsiniz?
Cavab: Ermənistan Hökuməti rəhbərinin sözləri onun Azərbaycan Respublikasının Konstitusiya qanunvericiliyini kifayət qədər başa düşmədiyinə dəlalət edir. Konstitusiyamızın yalnız Müqəddiməsində “Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına istinad olunur və Əsas Qanunumuzun həmin aktda əks olunan prinsiplərə əsaslandığını göstərilir. Bu prinsiplər arasında hakimiyyətlərin bölünməsi (maddə 13), dövlətlərin suveren bərabərliyi, zor işlətməmək və zor işlətməklə hədələməmək, dövlət sərhədlərinin toxunulmazlığı, mübahisələri dinc yolla nizama salmaq, başqa dövlətlərin daxili işlərinə qarışmamaq, insanın hüquqlarına və əsas azadlıqlarına hörmət etmək, xalqların bərabərliyi və onların öz müqəddəratını təyin etmək hüququ, dövlətlərin əməkdaşlığı, beynəlxalq hüquqi öhdəlikləri vicdanla yerinə yetirmək (maddə 16) siyasi plüralizm (maddə 28) və digər prinsiplər var. Aydındır ki, bu prinsiplərin heç biri digər dövlətlərə qarşı ərazi iddiaları kimi qəbul edilə bilməz.
Sual: N. Paşinyanın həm də bildirib: “Müstəqillik Aktında qeyd olunur ki, bu günkü Azərbaycan 1918-1920-ci illərin Azərbaycanının hüquqi varisidir. 1918-1920-ci illərin Azərbaycanının Bəyannaməsində isə, Azərbaycanın əraziləri olaraq Cənubi və Şərqi Zaqafqaziya göstərilir. Antanta tərəfindən təqdim olunan xəritədə Azərbaycan bugünkü Syunik və Vayotsdzor bölgələrinə tam, Tavuş, Geqarkunik, Ararat, Lori və Şirak bölgələrinə isə qismən iddialar irəli sürüb. Beləliklə, Ermənistan Konstitusiyasından fərqli olaraq, Azərbaycan Konstitusiyası Ermənistana qarşı ərazi iddialarını ehtiva edir”. Bu iddiaları şərh edin.
Cavab: Konstitusiya Aktında Azərbaycan Respublikasının 1918-1920-ci illərin Azərbaycan Demokratik Respublikasının hüquqi varisi olması yazılmayıb. Preambulada Azərbaycan Respublikasının demokratik prinsipləri və ənənələrinin varisliyi göstərilib, 2-ci maddədə isə Azərbaycan Respublikasının 28 may 1918-ci ildən 28 aprel 1920-ci ilə qədər mövcud olmuş Azərbaycan Respublikasının varisi olduğu bildirilir. Yəni burada söhbət hüquqi varislikdən deyil, prinsiplər və ənənələrin varisliliyindən gedir, müddəa deklarativdir, simvolik səciyyə daşıyır.
Ümumiyyətlə, dövlətlərin hüquqi varisliyi nədir? Beynəlxalq hüquqa, o cümlədən Dövlətlərin müqavilələrə dair hüquqi varisliyi haqqında Vyana Konvensiyasına görə, bu, hər hansı bir ərazinin beynəlxalq münasibətlərinə görə məsuliyyətin bir dövlətdən digərinə keçməsidir.
Birincisi, beynəlxalq hüquq ərazilərə münasibətdə dövlətlərin sıçrayış şəklində hüquqi varisliyini istisna edir, yəni müstəqilliyini itirmiş dövlət onilliklər sonra əvvəlki əraziyə münasibətdə hüquqi varis yalnız o zaman olur ki, həmin ərazi dəyişməsin. Dövlətlərin hüquqi varisliyi müəyyən bir ərazi üzrə idarəetmə və məsuliyyətin davamlılığını nəzərdə tutur. Beynəlxalq hüquq yalnız eyni ərazi üzrə dövlətlərin birbaşa dəyişikliyi baş verdikdə, vaxt baxımından əhəmiyyətli fasilə olmadan hüquqi varisliyi tanıyır. Belə fasilə onilliklər boyu davam edərsə, hüquqi varislikdən söhbət gedə bilməz. Dövlət, öz müstəqilliyini itirdikdə və başqa bir dövlətin (məsələn, SSRİ-nin) tərkibinə daxil olduqda, beynəlxalq hüquqi mənada onun hüquqi varisi müstəqilliyin bərpası zamanı ərazini idarə edən yeni dövlət olur. Müstəqillik onilliklər sonra bərpa edildikdə, dövlət əvvəlki dövlət qurumunun (məsələn, ittifaq respublikasının) tərkibində olduğu sərhədləri qəbul edir.
İkincisi, müstəqilliyini itirmiş dövlət öz sərhədlərini və ərazi iddialarını müstəqil şəkildə müəyyən etmək hüququnu itirir. Müstəqillik bərpa edildikdə, sərhədlər həmin vaxt beynəlxalq səviyyədə tanınmış statusla müəyyən edilir, müstəqilliyin itirilmə anı rol oynamır.
Üçüncüsü, beynəlxalq hüquqda tətbiq olunan uti possidetis juris doktrinasına görə, yeni yaranan dövlətlər müstəqillik əldə etdikləri anda mövcud olan inzibati sərhədləri (yaxud Azərbaycan və Ermənistan SSR-lər arasındakı dövlət sərhədlərini) saxlayırlar. Bu qayda tarixi iddialar əsasında sərhədlərin yenidən baxılmasının qarşısını alır.
Hazırkı Azərbaycan Respublikası SSRİ-nin tərkibindəki 15 müttəfiq respublikadan biri olan Azərbaycan Sovet Sosialist Respublikasını əvəz edib. Beləliklə, dövlətimiz 71,5 il Azərbaycan SSR-ə məxsus olan ərazini də miras kimi qəbul edib. Buna görə də, Azərbaycan Konstitusiyasında ona əsaslanan və ya ondan irəli gələn heç bir ərazi iddiası yoxdur.
Sual: Azərbaycan tərəfinin Ermənistan Respublikasının Konstitusiyasına dair Azərbaycana qarşı ərazi iddiaları olmaları fikri nə dərəcədə əsaslıdır?
Cavab: Qısaca desək, belə iddialar həqiqətən Ermənistan Respublikasının Konstitusiyasında mövcuddur. Həmin Konstitusiyanın Preambulasında deyilir: “Erməni xalqı, Ermənistanın Müstəqillik Bəyannaməsində təsbit edilmiş erməni dövlətçiliyinin fundamental prinsiplərinə və ümummilli məqsədlərinə əsaslanaraq, azadlıqsevər əcdadlarının suveren dövlətçiliyin bərpası ilə bağlı müqəddəs vəsiyyətini həyata keçirərək, vətənin möhkəmləndirilməsi və inkişafı işinə sadiq qalaraq, azadlığın, ümumi rifahın, vətəndaş razılığının təmin edilməsi naminə ümumbəşəri dəyərlərə sadiqliyini təsdiq edərək, Ermənistan Respublikasının Konstitusiyasını qəbul edir”. Gördüyümüz kimi, Ermənistanın Müstəqillik Bəyannaməsinə, yəni “erməni dövlətçiliyinin fundamental prinsipləri və ümummilli məqsədləri”nə birbaşa istinad var.
23 avqust 1990-cı il tarixli Bəyannamənin preambulasında isə qeyd olunur ki, Ermənistan SSR Ali Soveti “millətlərin öz müqəddəratını təyin etmə hüququnu həyata keçirərək, “Ermənistan SSR və Dağlıq Qarabağın yenidən birləşməsi haqqında” 1 dekabr 1989-cu il tarixli Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ Milli Şurasının birgə qərarına əsaslanaraq müstəqil dövlətçiliyin təsdiqi prosesinə başlayır”. Tam mənzərəni görmək üçün həmin birgə qərarın özünə, xüsusən də 3-cü bəndinə baxaq: “Ermənistan SSR Ali Soveti və Dağlıq Qarabağ Milli Şurası Ermənistan SSR və Dağlıq Qarabağın yenidən birləşməsini bəyan edir”.
Beləliklə, Ermənistan Respublikasının Konstitusiyası, onun Müstəqillik Bəyannaməsi və “birgə qərarla” birlikdə sistemli təfsirindən göründüyü kimi, Azərbaycana qarşı birmənalı ərazi iddialarını ehtiva edir.
Sual: SSRİ Ali Soveti bu “birgə qərarı” ləğv etməmişdimi?
Cavab: Bəli, Ali Sovetin Rəyasət Heyəti özünün 10 yanvar 1990-cı il tarixli Qərarı ilə “birgə qərarı” SSRİ Konstitusiyasına uyğun olmayan və respublika ərazisində qüvvədə ola bilməyən sənəd kimi tanıdı. Lakin bu, Ermənistan SSR Ali Sovetinin yeddi ay sonra həmin “sənədə” müstəqil dövlət yaratmaq üçün əsaslardan biri kimi istinad etməsinə və Ermənistan Konstitusiyasının isə 1995-ci ildə həmin Bəyannaməyə istinad etməsinə mane olmadı.
Beləliklə, öz Konstitusiyasına əsasən, Ermənistan Respublikası keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti və keçmiş Şaumyan rayonunun ərazilərinə iddia edir. Bununla belə, Ermənistan Respublikası bu bölgələri hüquqi olaraq öz ərazisinə daxil etməmişdir. “İnzibati-ərazi bölgüsü haqqında” Ermənistan Respublikasının Qanununa əsasən, onun ərazisi 10 mərzdən (rayondan) və Yerevan şəhərindən ibarətdir. Bu ərazilərin Azərbaycana aidiyyəti yoxdur.
Sual: Azərbaycan tərəfi Ermənistan Respublikasının Konstitusiyasının dəyişdirilməsini tələb edir. Bu mümkündürmü?
Cavab: Bu mümkündür. Ermənistan Konstitusiyasına dəyişikliklər referendum yolu ilə və ya parlamentin deputatlarının ümumi sayının azı üçdə iki hissəsinin lehinə səs verdiyi qərar ilə edilə bilərlər. Yeni Konstitusiyanın və ya bəzi maddələrin dəyişdirilməsi üçün referendum zəruridir. Mən Ermənistanın konstitusiya hüququ üzrə mütəxəssis deyiləm, lakin düşünürəm ki, Preambulaya dəyişikliklərinin mümkünlüyü məsələsini bu ölkənin Konstitusiya Məhkəməsi dəqiqləşdirə bilər.
Sual: Bəzi erməni rəsmi şəxsləri, xüsusən də ədliyyə naziri Qriqor Minasyan, mövcud Konstitusiyaya dəyişiklik edilməsini planlaşdırmadıqlarını, 2027-ci ildə yeni Konstitusiya üzrə referendum keçirilməsi ilə bağlı konsensusa gəldiklərini bildirdilər. Bu, Konstitusiyaya dəyişikliklərdən imtina üçün bəhanə deyilmi?
Cavab: Onların beynində nə olduğunu bilmirəm. Amma düşünürəm ki, əgər sülh müqaviləsinin bütün mühüm müddəaları razılaşdırılarsa, o, imzalana bilər.
Sual: Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları necə olacaq?
Cavab: Ermənistan Respublikası Konstitusiyasının 168 və 169-cu maddələrinə və “Beynəlxalq müqavilələr haqqında” Qanununa əsasən, müqavilə ratifikasiyadan əvvəl Konstitusiya Məhkəməsinə təqdim olunur və onun Konstitusiyaya uyğunluğu müəyyən edilir. Əgər nəticə müsbət olarsa və sonra müqaviləni Ermənistan parlamenti ratifikasiya edərsə, Ermənistan Respublikasının Azərbaycana qarşı ərazi iddialarından imtina etdiyi nəticəsinə gəlmək olar.
Sual: Ermənistan ratifikasiyanı gecikdirsə və ya sülh müqaviləsini hər hansı bir mərhələdə ratifikasiya etməkdən imtina etsə nə olacaq?
Cavab: “Beynəlxalq müqavilələr hüququ haqqında” Vyana Konvensiyasının 18-ci maddəsinə əsasən, ratifikasiya şərti ilə müqavilə imzalayan dövlət, müqavilənin məqsəd və obyektini yox edəcək hərəkətlərdən çəkinməlidir. Ratifikasiyadan imtina məsələsinə gəldikdə isə, bunun ehtimalı azdır, lakin bu, baş versə belə, Ermənistan özü-özünə zərər vuracaq və beynəlxalq hüquq normalarına əməl etmək baxımından son dərəcə etibarsız olduğunu göstərəcək.
Sual: Azərbaycanda ratifikasiya zamanı problemlər yarana bilərmi?
Cavab: Əminəm ki, heç bir səviyyədə, o cümlədən Konstitusiya Məhkəməsi və Milli Məclisdə belə problemlər yaranmayacaq.
Sual: Nəhayət, sonuncu sual. Ermənistan tərəfi baş nazir N.Paşinyan və digərlərinin şəxsində iddia edir ki, müqavilə layihəsinin 16 maddəsindən 13-ü artıq razılaşdırılıb, daha üçü isə qismən razılaşdırılıb. Buna əsaslanaraq, onlar artıq razılaşdırılmış maddələri imzalamağı təklif edirlər. Azərbaycan tərəfi isə etiraz edir və layihədən razılaşdırılmamış müddəaların çıxarılması yolu ilə müqavilənin imzalanmasının yolverilməz olduğunu bildirir; deyir ki, sülh sazişinin dayanıqlı və uğurlu olması üçün layihədə iki ölkə arasında bir sıra istiqamətlər üzrə problemli məsələlər aydınlaşdırılmalıdır. Bu barədə nə deyə bilərsiniz?
Cavab: Layihə mətni ilə tanış olmadığım üçün bu barədə konkret bir şey söyləmək mənim üçün çətindir, çünki layihənin razılaşdırılmamış maddələrinin xarakterindən çox şey asılıdır – əlbəttə, əgər söhbət sülh müqaviləsindən çıxarıldıqları təqdirdə sülh prosesini mənasızlaşdıracaq müddəalardan gedirsə, buna yol vermək olmaz.
araz.az xəbər portalı.