araz.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, bu, Paşinyanın Zəngəzur dəhlizi məsələsində geri addımı kimi qiymətləndirilə bilər:

“Kreml dəhlizə nəzarət məsələsində uzun müddətdir Paşinyana təzyiq edirdi, görünür bu təzyiqin nəticəsi olub. Rusiya Prezidenti Vladimir Putin Paşinyanla Moskvada son görüşündə Rusiya hərbçilərinin Ermənistan-İran sərhədinə nəzarəti erməni hərbçilərə təhvil veriləcəyinə razılaşdı. Putin bunun qarşılığını almadan belə bir addım atmazdı. Görünür, Paşinyan Rusiyanın İran və Türkiyə ilə sərhədi tərk etməsinin qarşılığında Rusiya hərbçilərinin Zəngəzur dəhlizinə nəzarət etməsinə razılaşıb. Bununla Paşinyan 10 noyabr üçtərəfli bəyanatının 9-cu bəndini yerinə yetirmiş olacaq.

Rusiya üçün Zəngəzur dəhlizini nəzarətə götürmək Azərbaycan-Ermənistan sülh sazişini imzalamasından daha əhəmiyyətlidir. Saziş iki ölkə arasındakı münasibətlərin normallaşmasına, həmçinin Ermənistanın Türkiyə ilə sərhədin açılmasına, bu ölkə ilə ticarətə başlaması və diplomatik əlaqələrin qurulmasına səbəb olacaq. Kremlin bunların heç birində marağı yoxdur, çünki Cənubi Qafqaza təsiri azalacaq. Rusiya bölgəyə təsirini Zəngəzur dəhlizinə nəzarət etməklə qoruya bilər. Ona görə də Kreml daha çox dəhlizə nəzarət mövzusuna maraq göstərir”.

Elxan Şahinoğlunun fikrincə, Rusiyanın Zəngəzur dəhlizinə nəzarət etməsi nə Ermənistan, nə də Azərbaycanın maraqlarına cavab verir:

“Çünki İrəvan Ermənistan ərazisindəki nəqliyyat yolunun nəzarətini başqa dövlətin ixtiyarına verir. Üstəgəl, bu qərar Paşinyanın Qərbdəki tərəfdaşlarının xoşuna gəlməyəcək. Azərbaycan üçün isə Rusiyanın Zəngəzur dəhlizinə nəzarət etməsi Çindən çıxan və Avropada bitən Orta dəhliz layihəsinə nəzarət deməkdir. Belə çıxacaq ki, Kreml Rusiyaya alternativ olan nəqliyyat xəttinə nəzarət edəcək.

Buna baxmayaraq, önəmli olan Zəngəzur dəhlizinin işə düşməsi və bunun bölgədə sülhə və əməkdaşlığa şərait yaratmasıdır. Buna nail olmaq üçün Bakı və İrəvan Kremlin şərtini qəbul edə bilər. Müvafiq zaman keçdikdən sonra 40 kilometirlik dəhlizdən sərbəst keçid və daşınmaya şərait yaradılması mövzusuna yenidən qayıtmaq olar.

Rusiya İran və Türkiyə sərhədini tərk etməyə qərar veribsə, bir gün Zəngəzur dəhlizinə nəzarət funksiyasından da imtina edə bilər, sadəcə bunun qarşılığında istəkləri olacaq”.

 

araz.az xəbər portalı.