“2003-cü ilin oktyabr ayının 15-ində Azərbaycanın Prezidenti seçilən cənab İlham Əliyevin milli qayəsi, strateji hədəfi və qarşısına qoyduğu ali məqsəd 21-ci yüzilin dövlət başçılarının qarşısına qoyduğu konsepsiyalardan çox fərqlənirdi. İlham Əliyevin Prezident kimi qarşısına qoyduğu ali hədəf, bəlkə də, ilk baxışdan mümkün görünməyən, yəni onilliklər ərzində heysiyyatı tapdanmış, milli mənliyi təhqir olunmuş, qaçqın və məcburi köçkünə çevrilərək taqətdən və ruhdan düşmüş bir milləti geosiyasi maraqların əleyhinə olaraq yenidən dirçəltmək, heç kimdən asılı olmayan və özünə güvənən güclü dövlət və güclü millət yaratmaqdan ibarət idi.
2003-cü il oktyabrın15-də ilk dəfə Prezident seçilən cənab İlham Əliyev 20 il ərzində Azərbaycanda elə müsbət hadisələr və dəyişikliklərə imza atdı ki, onların hər birinin icrası üçün ayrıca 20 il, bəziləri üçün daha çox zaman gərəkə bilərdi.

          Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müvəffəqiyyətlə keçdiyi bu 20 ilin hər biri ölkəmiz və xalqımız üçün şərəfli və qürurlu anlarla doludur. Bu ilin hər biri Azərbaycanın böyüməsinə, inkişafına, güclənməsinə, dünyada söz sahibi olan və hörmət edilən ölkəyə çevrilməsinə həsr edildi. Əlbəttə, cənab İlham Əliyevin Prezidentliyi dövrünün analizi və əldə edilən uğurlu nəticələri ilə bağlı böyük həcmli məqalələr və kitablar yazmaq olar və yazılmalıdır. Lakin bu dövrü ümumi olaraq bir cümlə ilə qiymətləndirsək, bu dövrü mübaliğəsiz olaraq Azərbaycanın “Möhtəşəm Zəfər yürüşü” adlandıra bilərik”.Bu sözləri aia.az-a müsahibəsində millət vəkili, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli deyib. araz.az bildirir ki, müsahib, həm də, İlham Əliyevin yenidən qurduğu Azərbaycanın bir çoxlarının hesablaya bilmədiyi və ya hesaba almaq istəmədiyi regional gücə çevrildiyini deyib:

        “Artıq Azərbaycan son və ağır döyüşə, dünyanın güc mərkəzlərinin qarşısını almağa çalışdığı Vətən müharibəsinə, torpaqlarını mənfur düşməndən azad etməyə hazır idi. 2020-ci ilin payızında Vətən müharibəsini başlatmaq, cəmi 44 gün ərzində tarixi qələbə ilə başa çatdırmaq və itirilmiş torpaqları geri qaytarmaq son 200 ildə yalnız Prezident İlham Əliyevə nəsib oldu, yalnız Prezident İlham Əliyevin siyasi dühası, dəmir iradəsi, qətiyyəti və qorxmazlığı sayəsində Azərbaycan xalqı tək yumruq kimi birləşə bildi, şanlı ordumuz qan tökərək, döyüşərək düşməni darmadağın etdi və torpaqlarımızdan birdəfəlik süpürüb atdı. Və nəhayət, 2023-cü ilin 19 sentyabrında müharibənin başa çatmamış 45-ci günü uğurlu döyüş əməliyyatı olan antiterror tədbiri ilə başa çatdırıldı. Bütün şəhidlərimizin qisası alındı, separatçı “liderlər” həbs olunaraq Bakıya gətirildi.”
           Əziz Ələkbərli bildirib ki, 15 oktyabr 2023-cü ildə isə Prezident İlham Əliyev tarixin gedişini Azərbaycanın xeyrinə dəyişməyi bacardığının ən parlaq nümunəsini bütün dünyaya nümayiş etdirdi, çoxumuz üçün hələ də möcüzə olan bir hadisə ilə erməni separatizminə rəsmi şəkildə son nöqtəni qoydu, Azərbaycanın üçrəngli və müqəddəs bayrağını Xankəndidə ucaltdı:
         “Bu isə, 200 illik erməni zülmünün və məkrli oyununun rəsmən bitdiyi gündür, heç bir sözə sığmayan milli qürurun və milli iradənin təntənəsidir. 30 illik həsrətdən sonra Xankəndidə bayrağımızı dalğalandıran Prezident xalqa müraciətində bildirdi ki, 20 il öncə müəyyən olunmuş bütün vəzifələr icra edildi. 20 il əvvəl Prezident seçilmiş İlham Əliyev doğma xalqına müraciət edərək söz vermişdi ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək və Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq. Xankəndidə Dövlət Bayrağının qaldırılması isə anda sədaqət nümunəsi kimi Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazılmış oldu”.
           Millət vəkili daha sonra bildirib ki, Xankəndi şəhərinin baş meydanında Dövlət Bayrağını dalğalandıran cənab İlham Əliyevin nitqini Azərbaycan xalqı ayaq üstə, sevincdən doğan göz yaşları ilə dinləyirdi:
          “Azərbaycan xalqı 1993-cü ildə öz müdrikliyini bir daha göstərmişdir, Ulu Öndər Heydər Əliyevə dəstək vermişdir, onu Prezident vəzifəsinə seçmişdir və o vaxtdan bu günə qədər inkişaf yolu ilə gedir. Son 20 il ərzində isə bu inkişaf daha da sürətlidir və bütün sahələrdə özünü göstərir. Azərbaycanın dövlət müstəqilliyini qoruyan məhz Ulu Öndər Heydər Əliyev oldu. Ulu Öndər Heydər Əliyevin dühası, onun siması, Heydər Əliyev amili Azərbaycan xalqının yardımına yetişdi və biz haqlı olaraq Ulu Öndəri Xilaskar adlandırırıq.
Qondarma “Artsax Respublikası”nın rəhbərliyində olanların bəziləri indi Bakıdadır. Onlar Bakıya gəlmək istəyirdilər, bizi hədələyirdilər, deyirdilər ki, onların tankları Bakı küçələrində olacaq. Onların tankları Hərbi Qənimətlər Parkındadır. Onlar deyirdilər ki, Bakıya gəlib çay içəcəklər. İndi çay içirlər, istintaq təcridxanasında. Özünü “prezident” adlandıran 3 təlxək bu gün öz layiqli cəzasını gözləyir.
            Biz istədiyimizə nail olduq. Azərbaycan xalqının onilliklər ərzində olan arzuları çin oldu. Azərbaycan xalqının ləyaqəti bərpa olundu. Biz torpaqlarımızı geri qaytarmışıq, ərazi bütövlüyümüzü bərpa etmişik. Ermənistanın bütün revanşist qüvvələri mövcud reallığı qəbul etməlidir. Bizim Bayrağımız Xankəndidə dalğalanır. Revanşistlər Vətən müharibəsini unutmasınlar! Antiterror tədbirlərini unutmasınlar! Əgər yenə də Ermənistanda hansısa qüvvə revanş haqqında düşünürsə, onlar öz aqibətini bilməlidirlər”.
          Millət vəkili onu da qeyd edib ki,  Azərbaycan xalqı məhz Prezident İlham Əliyevin sərkərdəliyi, ağlı, zəkası, diplomatik məharəti və gücü, yaratdığı qüdrətli Ordunun qəhrəmanlığı hesabına ərazi bütövlüyünü və suverenliyini dünya tərəfindən tanınan sərhədləri çərçivəsində bərpa edə bildi.
          “İlham Əliyev hazırda təkcə işğalçı Ermənistanla deyil, dünyanın güc mərkəzləri olan, ermənilərə havadarlıq edən Fransa və ABŞ kimi supergüclərlə vuruşaraq, onların müqavimətini qıraraq və onlara qalib gələrək beynəlxalq hüququn və beynəlxalq ədalətin hərbi-siyasi yolla bərpa olunmasına nail oldu və bu yolu qətiyyətlə davam etdirməkdədir”, – deyə, deputat Əziz Ələkbərli fikrini belə yekunlaşdırıb.

araz.az xəbər portalı.