Türkiyə vurulur. Dörd aydır ki, qardaş ölkədə sakit keçməyən bir gün belə yoxdur. Terror, terror, terror! Dünya ictimayyəti isə hələ də susur, olanları görməzdən gəlir. Çünki, vurulan Türkiyədir. Yola saldığımız həftə, ölkənin idarə oldunduğu mərkəz də qana boyandı. Kimə lazımdır bu qədər qan, günahsız insan itkisi?
 Türkiyə asan həzm ediləcək loxma olmasa da, görünən odur ki, hazırda  onun ərazisində şər qüvvələr meydan sulayırlar. Açıq oynamırlar, özlərini ələ verməməyə çalışırlar. Türkiyəni vurmaq üçün ən alçaq üsulları sınayırlar.  Qardaş ölkə onların hədəfindədir.
Bəs, niyə?
Bəlkə yüz il əvvəlin acısını çıxmaq istəyirlər? Axı yüz il əvvəl Osmanlını süquta uğratmaqla Türkiyə ərazisi imperialist ölkələr arasında bölünəcəkdi. Təbii sərvətləri yağmalanacaqdı. Hadisələr isə gözlənilmədən başqa məcraya yönəldi. Böyük Atatürk bütün planları alt-üst etdi. Türkiyəni müstəqil dövlətə çevirdi.  
Daha Türkiyə yüz il əvvəlki zəiflədilmiş Osmanlı dövləti deyil. Üzdə dost kimi görünüb, daxildə düşmən mövqeyində duran qərblilər də bunu yaxşı bilirlər. Yüz il ərzində Türkiyə yeni tarix yazıb, dünyada söz hüququna sahiblənib. Türklər səhnəyə çıxarsa onlar mütləq gedəcəklər. Gedəcəklərini bildikləri üçün də ürək bulandırır, hər yola əl atırlar.
 1989-cu ildə soyuq müharibənin bitməsindən etibarən Türkiyəni özünə gəlməyə qoymurlar. Onlar qorxurlar. Qorxurlar ki, bölgədə bir-birinə yaxın mədəniyytələrə sahib dövlətlər doğmalaşar və qardaş ölkənin ətrafında sıx birləşərlər. Bütün bunlar həm də bu birliyin qarşısını almaq üçündür.
Üstəlik də Türkiyə müsəlman ölkəsidir. Buranı İslamın keşikçisi də adlandırmaq olar. Min ildən artıqdır dünya səhnəsindən müsəlmanları düşürə bilmirlər.  Çünki, Türkiyə, Türk ulusu islamı onun ilkin varislərindən daha əzmlə qoruyur. Bu da ölkənin müsəlmanlar arasında nüfuzunu artırır. Xristian qərbinə isə bu heç bir halda sərf etmir. 

Onlar, yüz il əvvəlki strategiyalarına qayıdıblar. Yenə də eyni üslub. Türkiyəni terrorla qarışdırır, yaranmış xaosdan istifadə edərək illərdir uzanan ələvi–sünni qarşıdurmasını qızışdırmaq, etnik azlıqları dövlətə qarşı qaldırmaq.

Türkiyə bu məqamda siyasi xəta etməməlidir. Türk insanı da ayıq-sayıq olub təxribata uymamalıdır. Tarixi incələyib məntiqi nəticəyə gəlmək lazımdır. Atatürk necə etdisə, indiki nəsil də o strategiyadan yararlanmalıdır. /modern.az

araz.az xəbər portalı.