Elektron mətbuatın regionda yaranan ilk nümunələrindən olan “Asiya.az” Xəbər Portalı 10 illik yubiley yaşını qeyd edib.

araz.az bildirir ki, Masallı rayonunun Ərkivan qəsəbəsində yerləşən “Grand” restoranında keçirilən yubiley tədbirində cənub bölgəsində fəaliyyət göstərən media qrumlarının nümayəndələri, idarə-müəssisə rəhbərləri, ziyalılar iştirak edib. 

Xəbər portalının rəhbəri Cəfər Cəfərov dəyər verib, sevgi göstərərək yubiley yaşına təşrif buyuran hər kəsə sonsuz təşəkkürünü bildirib. O, qeyd edib ki, regionda kiçik komanda ilə məhdud şərtlər altında 10 il ayaqda durmaq böyük fədakarlıq tələb edir.

“Əsas vəzifəmiz regionda baş verən hadisələrdən obyektiv və operativ xəbər vermək, dövlətin və xalqın milli maraqlarını informasiya cəbhəsində qorumaq, oxucularımızın arzularını ifadə etməkdir. “Cənubdan dünyaya” şüarı ilə doğma Masallımızdan cahana boylanır, bölgənin səsi olmağa çalışırıq”, – deyə, Baş redaktor bildirib.

Çıxış edənlər xəbər portalına uğurlarının davamlı olmasını və hər zaman indi olduğu kimi obyektiv, etibarlı informasiya mənbəyi olaraq fəaliyyət göstərməyi arzu ediblər.

Media və QHT rəhbərləri, idarə və təşkilat nümayəndələri “Asiya.az” Xəbər Portalının təsisçi və Baş redaktoru Cəfər Cəfərova diplom, təşəkkürnamə və digər qiymətli hədiyyələr təqdim edərək, öz təbriklərini çatdırıblar.

Elsevər Əliyev,                                              Faiq Mirzə,                                            Gültəkin Cəfərova,

Asiya.az

REDAKSİYADAN:
“Araz” Media Qrupunun kollektivi də təbriklərə qoşulur! Gözəl yubiley bayramın mübarək, gözəl Asiya.az!
Saytınızın bütün gələcək yubiley şənliklərini yüksək səviyyədə qeyd edərək, əsrlər yaradacaq tarixə qovuşdurasınız, əziz həmkarlar! 10 nədir, Agentliyinizin 100 illik yubiley şənlikləri mübarək addımları ilə doğma Vətəni el-el, oba-oba dolansın!
Ulu Tanrı köməyiniz, uğurlu yaradıcılıq nəsibiniz olsun!

araz.az xəbər portalı.