Bu gün Azərbaycanda telekanalların vəziyyəti güllməli olduğu qədər də, ağlamalıdır. Çoxunun 15-20 minlik daimi tamaşaçı auditoriyası yoxdur, ən populyar verilişlərinə 30-40 min adam baxır, ya baxmır. Ağlamalı deyilmi?! Amma özləri özlərini “ən çox baxılan, ən çox sevilən kanal” adlandırırlar, milyonlarla tamaşaçıdan dəm vururlar. “Çal-çağır” verilişlərinə çıxan toy müğənniləri isə “10 milyonluq xalqa” müraciət edirlər. Gülməli deyilmi?!
Oxucular, yəqin ki, xatırlayar, indi tarixə çevrilmiş Azərbaycanın ANS-inə 100 minlərlə adam baxırdı. “Qulp”, “Nəzər nöqtəsi”, “Zorxana” kimi populyar verilişlərin tamaşaçıları isə, milyonlara çatırdı. Görəsən, “gülməli və ağlamalı” tele-kanallar ANS-in müsbət təcrübəsini niyə öyrənmirlər və tətbiq etmirlər?! Axı, öyrənmək heç vaxt gec deyil, həm də bu, onların xeyrinədir… Hazırkı qeydlərin məqsədi də, yaxın tariximizin ANS-inə baxmaq, onun müsbət təcrübəsini yada salmaq, araşdırmaqdır…
Düşünürəm ki, ANS-in əsas yadda qalan, bu gün ən çox öyrənilməli və tətbiq edilməli olan “qızıl” qaydası istedadlı insanların yaşından asılı olmayaraq, kanala dəvət edilməsi və onların təcrübəsindən, qabiliyyətindən səmərəli istifadə edilməsi idi. Bəli, ANS sanki istedadlı insanların məbədi idi. Bu insanlarla bərabər ANS də baxılırdı. qalxırdı. Hazırki tanınmış jurnalistlərin bir çoxu – Mirşahin Ağayev, Mübariz Əsgərov, İbrahim Məmmədov, Ləman Ələşrəfqızı, hətta hazırkı deputat Sahib Alıyev ANS-də populyarlaşmış və məcazi mənada, ANS-in “şinelin”dən çıxmış adamlardır. Bu adamların hərəsi hazırda mətbuatın bir sahəsinə rəhbərlik, ya da nəzarət edir.
ANS-in əsas “qızıl” qaydalarından biri də, kanalın bütövlükdə operativ, vicdanlı və təmənnasız işləməsi idi. Azərbaycanda bir hadisə baş verirdisə, bir problem olurdusa, ANS-in “İç xəbər”i dərhal həmin yerdə olurdu. ANS-in Azərbaycanı hər bir adamın evindən, olduğu kimi görünürdü. Xəbərlər, problemlər operativ olaraq xalqa çatdırılırdı və həlli nəzarətdə saxlanırdı. Odur ki, tele-kanala bütün dövlət məmurları baxırdı. Böyük və populyar şirkət olan ANS-də yaltaqlıq, yalançılıq və rüşvətxorluq kimi “zəmanə problemlər”i yox dərəcəsində idi. Burda nə ölkə, nə kanal rəhbərliyi yersiz təriflənirdi, yalnız real olanlar deyilərdi. Hər hansı yeni xəbər, nə qədər sensasiyalı və qalmaqallı olsa da, jurnalistikanın qaydalarına uyğun olaraq, bir neçə müstəqil mənbədə yoxlanılırdı və təsdiq olunduqdan sonra efirə verilirdi. Bir nəfər deyə bilməzdi ki, ANS-in, şirkətin işçilərinin bi təmənnası olur, ya kimdənsə nəsə umur.
Nəhayət, ANS-in 3-cü “qızıl” qaydası. Bu qayda bütövlükdə ANS-in rəhbərliyindən gəlirdi. Vahid Mustafayev və Mirşahin Ağayev bir sifəti, bir siyasi mövqeyi olan insanlardır. Bəziləri kimi, hər küləyin istiqamətinə fırlanmır, siyasi mövqeyini ayaqlar altına atmırlar. 30 il bundan əvvəl, ANS-in ayaqda olduğu dövrdə də Heydər Əliev siyasətinə xidmət edirdi, indi bağlandığı vaxtda da Heydər Əliyev siyasətinə xidmət edir. Amma onu da kanalda yersiz tərifləmirdilər və yaltaqlıq etmirdilər. Pisdir, yaxşıdır, amma belədir. Xalq, tamaşaçı da belə mərd, dəyişməz mövqeni dəyərləndirir. Opponentlərim deyə bilər ki, Heydər Əliyev siyasəti hakimiyyətdədir. Bəli, amma ANS-in mərhum Elçibəylə də yaxşı münasibətləri olub. Elçibəy hakimiyyətdən gedəndən sonra kanalda onun haqqında bir kəlmə də artıq-əskik danışılmayıb, hər halda, mən eşitməmişəm.
Bəli, ANS telekanalı Azərbaycan tarixində “Əkinçi” qəzeti, “Molla Nəsrəddin” jurnalı qədər möhtəşəm hadisə idi… Təbii ki, ANS-in öyrənilməli və tətbiq edilməli dərsləri, dəyərləri çoxdur. Mən yalnız 3 “qızıl” qaydasını dedim… /konkret.az/
Qalib ARİF.
araz.az xəbər portalı.