araz.az “Yeni Gundem”-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Fatma Yıldırım bildirib.
Deputat deyib ki, ölkəmizdə iqtisadi inkişaf nəticəsində sosial ayırmaların həcminin artırılması, əhalinin ümumi rifah halının yüksəldilməsi dövlət sosial siyasətinin prioritet sahəsi kimi diqqət mərkəzindədir:
“Azərbaycan iqtisadiyyatında ardıcıl müşahidə olunan inkişaf meylləri, ayrı-ayrı sahələrdə əldə edilən müsbət nəticələr dövlətin sosialyönümlü siyasətinin daha da gücləndirilməsinə imkan verir. Bütün bu amillər 2025-ci ilin dövlət büdcəsində, o cümlədən Dövlət Sosial Müdafiə Fondunun büdcəsində öz əksini tapır. 2025-ci ildə əhalinin əmək haqlarının, pensiyalarının və digər sosial ödənişlərin artırılmasının nəzərdə tutulması da bu baxımdan xüsusi vurğulanmalıdır. O cümlədən, Azərbaycanda şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin təmin edilməsi, onların rifah halının yüksəldilməsi və problemlərinin həlli dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə reallaşdırılan sosial siyasətin əsas qayəsini ünvanlılıq, ədalətlilik və bərabərlik təşkil edir. Məhz bu siyasətin nəticəsidir ki, cəmiyyətdə ünvanlılığa, ədalətə və bərabərliyə əsaslanan güclü sosial müdafiə sistemi yaradılıb. Bütün bunlar deməyə əsas verir ki, ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Yeni sosial layihələrin həyata keçirilməsi də çox təqdirəlayiqdir”.
Fatma Yıldırım təkliflərini də açıqlayıb:
“Yaxşı olardı ki, aztəminatlı ailələrdə yeni doğulan körpələrə ən azı 6 ay ərzində dövlət hesabına uşaq qidaları verilsin. Çünki aztəminatlı ailələrin bu xərci qarşılamaq üçün maddi imkanları məhduddur. Bir sıra ölkələrdə də belə bir təcrübə var. Bu məsələdə dövlətin yardımı həmin ailələrə sosial dəstək olmaqla yanaşı demoqrafik vəziyyətimizə də müsbət təsir göstərə bilər”.
araz.az xəbər portalı.