Ermənistan Rusiyanın dominant olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) növbəti sammitinə qatılmadı. 30 il ərzində bu təşkilat nəinki beynəlxalq müstəvidə, heç regional təşkilat kimi də özünü doğrultmadı. Çünki Rusiya bu təşkilata üzv ölkələrlə bərabərhüquqlu səviyyədə deyil, onları Moskvaya tabe etdirmək naminə davrandı. Bu səbəbdən, üzv ölkələr təşkilatin hərtərəfli inkişafında maraqlı olmadılar. Görüntü və digər siyasi məqsədlər xatirinə KTMT-də qaldılar.
Ümumiyyətlə, “Yeni Dünya” siyasi nizamında bu təşkilata ehtiyac olmayacaq. Bu faktdır ki, KTMT Rusiya — Belarus Birliyini və Tacikistanı əhatə edən bir təşkilat səviyyəsindədir. Bu iki üzv ölkə də, Rusiya — Ukrayna müharibəsində neytrallıq nümayiş etdirirlər. Ermənistana gəldikdə isə, KTMT-də de-fakto fəaliyyətini dayandırıb. Gələn ildən isə, de-yure bu təşkilatı tərk edə bilər. Artıq, Ermənistan üçün KTMT öz aktuallığını faktiki olaraq itirib.
Rusiya rəhbərliyi də, KTMT-nin müasir siyasi və hərbi çağırışlara tələb olunan səviyyədə cavab vermədiyinin fərqindədir. Qazaxıstan və Qırğızıstan daha çox Türk Birliyi çərçivəli hərbi qurumda olmaqda maraqlıdır və Ankara ilə təhlükəsizlik sahəsində əməkdaşlığı inkişaf etdirirlər. Rusiya isə, KTMT çərçivəsində bu iki ölkəni öz təsir dairəsində saxlamaq niyyətindədir.
Onu da qeyd edim ki, Rusiya nüvə doktrinasında dəyişikliklər edərək, nüvə çətirinin müttəfiq ölkələrə şamil edildiyini vurğulayıb. Təbii ki, bu, KTMT-nin nüvə çətiri altında olduğu barədə Qərbə mesajdır. Amma, belə bir siyasi proses KTMT-ni heç cür heç vaxt inkişaf etdirməyəcək.
Təbii ki, Rusiya Ukraynaya qalib gəlməklə, KTMT-ni inkişaf etdirə, təşkilata yeni üzvlər cəlb etməklə, onu NATO alternativ də edə bilər. Hazırda isə, KTMT parçalanir və olduqca zəifləyib. Məhz Rusiyanın KTMT-dən Ukrayna müharibəsində istifadə edə bilməməsi, bu təşkilatin kağız üzərində fəaliyyət göstərdiyini nümayiş etdirdi. Çünki Rusiya Kursk uğrunda döyüşlərdə KTMT-yə üzv ölkələrdən deyil, bu qurumun üzvü olmayan Şimali Koreyadan hərbi yardım alır. Elə, bu faktın özü də, fəaliyyət yoxluğunun daha bir sübutudur.
Məhəmməd ƏSƏDULLAZADƏ,
MCP-nin Başqan müavini, siyasi ekspert.
araz.az xəbər portalı.