Azərbaycan Prezidenti İlham Əliyev “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfransın iştirakçılarına müraciətində qeyd edib ki, Qərbi Azərbaycan İcması dəfələrlə Ermənistan hökumətini dialoqa çağırıb, lakin qarşı tərəf bundan imtina edib.

“Ermənistan İcma ilə danışıqlara başlamalı və Qərbi azərbaycanlıların fundamental hüquqlarının bərpa edilməsi istiqamətində praktiki addımlar atmalıdır”, – Dövlət başçısı bildirib.

Prezidentin də dediyi kimi, Ermənistan hökuməti Qərbi Azərbaycan İcması ilə dialoqa başlamalıdır. Hər şeydən öncə ona görə ki Azərbaycan erməni icması ilə bu dialoqa çoxdan başlayıb. Hətta lokal xarakterli antiterror əməliyyatlarına qədər erməni icması ilə görüşlər keçirilmiş, reinteqrasiya prosesi elan edilmişdi. Erməni icmasının yekunda Azərbaycanı öz istəyi ilə tərk etməsi artıq onların öz seçimi idi.

Yəni erməni icmasından fərqli olaraq Qərbi Azərbaycan İcması üçün nə reinteqrasiya prosesi elan edilib, nə də hər hansı bir formatda dialoq qurulub. Yəni onlara qayıtmaq istəyib-istənilməməsi soruşulmayıb. Buna görə də Ermənistan icma ilə dialoqa başlamalı, Qərbi azərbaycanlıların hüququ təmin edilməlidir.

Prezident İlham Əliyevin sözügedən fikri Ermənistanda geniş müzakirə olunmaqdadır. Əslində İrəvanın icma ilə dialoqdan yayınmaq səbəbi aydındır. Erməni icmasından fərqli olaraq, Qərbi azərbaycanlılar bütün risk faktorlarını nəzərə alıb Ermənistana qayıtmaq istəyəcək. Bu isə Ermənistana sərf etmir. İrəvan yaxşı bilir ki, erməni əhalidən fərqli olaraq azərbaycanlılar demoqrafik baxımdan artıma meyillidir. Hətta Qərbi Azərbaycan icması ata-baba torpaqlarından didərgin düşməsəydi, bu gün Ermənistan parlamentində 10-dan çox Azərbaycan əsilli deputat olardı. Ermənistanda isə əhalinin azı 40 faizini azərbaycanlılar təşkil edərdi.

Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistanın monoetnik ölkə imicini qorumaq istəyir. Yəni Ermənistan əhalisini xaricdən gələn və Qarabağdan köçən ermənilərin hesabına artırmağı düşünür.

Hesab edirəm, Prezidentin qeyd etdiyi “Ermənistan Qərbi Azərbaycan ilə dialoqa başlamalıdır” fikri sülh müqaviləsinin şərtlərindən biri olmalıdır. 2025-ci il sülh danışıqlarında bu məsələ də müzakirə edilməli, gündəliyə salınmalıdır.

Turan RZAYEV,                                      politoloq, globalinfo.az-ın siyasət yazarı.

araz.az xəbər portalı.